Məhkəmə qərarları › İş №2(004)-3828/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3828/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3828/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında 14.09.2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank «xxxx» ASC 3065.87 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01354- 16/14A saylı 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 14 avqust 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank «xxxx» ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank «xxxx» ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00029- 15/19A saylı 14.08.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 14.08.2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00029-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3065.75 manat əsas borc, 22.03 manat faiz borcu vardır. Beləliklə, cavabdehlərin 07.05.2021-ci il tarixinə ümumi borcu 3087.78 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı Bank «xxxx» ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 07.05.2021-ci il tarixinə ödənilməmiş 3065.75 manat əsas borc, 22.03 manat faiz borcu, ümumilikdə 3087.78 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) məlumatlandırılmış iddiaçı Bank «xxxx» ASC məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən etiraf edərək bildirdi ki, o ,Cavabdeh1 götürdüyü kredit üzrə zamindir, lakin pulu ödəyə bilmir. Onun maddi sıxıntıları vardır, evdə 1-ci qrup əlil qardaşı vardır. Bundan əlavə onun atası da, rəhmətə getmiş, anası isə yaşlı işsiz qadındır. Qardaşının övladı da onun himayəsindədir. O, cəmi 400 manat maaş alır və borcun onun maaşından tutulması ilə razılaşa bilmir. Anasının və qardaşının pensiyaları isə ancaq özlərinin dərmanına xərclənir. Əlavə olaraq qeyd edir ki, o, zamin duran zaman Cavabdeh1 işi var idi, sürücülüklə məşğul idi, pul qazanırdı, lakin sonradan o, xərçəng xəstəliyinə tutulduğundan işləyə bilməmişdir. Borc onun maaşından tutularsa o, Cavabdeh1 pulunu tələb edə bilməyəcəkdir. Belə ki, o, yataq xəstəsidir və onun 3 azyaşlı övladı var. Rəşada qohumlar, qonşular ona yardım edir və onların sayəsində dolanır. Qeyd edilənlərə əsasən borcun ondan tutulmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasında gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, tələb edilən məbləği imkanı olmadığı üçün ödəyə bilmədiyini, hazırda isə xəstə olduğunu və ailəsinin də qonşuların köməkliyi saxladığını bildirmişdir və mükli işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış RPF-00029- 15/19A nömrəli, 14.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə 3065.87 manat məbləğində kredit vermişdir. Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış RPF-00029-15/19A saylı, 14.08.2019-cu il tarixli kredit müqaviləsindən, Cavabdeh2 isə Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə aralarında bağlanmış RFZ-00029-15/19A nömrəli, 14.08.2019-cu il tarixli zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq, müştərək qaydada borcları yaranmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 3065.75 manat, faiz borcu üzrə 22.03 manat, ümumilikdə isə 3087.78 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin iddiaçı Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 ilə Bank «xxxx» ASC arasında bağlanmış RPF-00029-15/19A nömrəli, 14.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixinə ödənilməmiş 3065 (üç min altmış beş) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 03 (üç) qəpik faiz, cəmi 3087 (üç min səksən yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank «xxxx» ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 ilə Bank «xxxx» ASC arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF- 00029-15/19A saylı kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixinə ödənilməmiş 3065 (üç min altmış beş) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 03 (üç) qəpik faiz, cəmi 3087 (üç min səksən yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar