Məhkəmə qərarları › İş №2(004)-383/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-383/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-383/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Mövsümov Rüfət Rauf oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış qızıl-zinət əşyalarının 16.516 manat dəyərindən ödənilməmiş qalan 9.216 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.246 manat pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Mövsümov Rüfət Rauf oğlu məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 16.516 manat olan qızıl-zinət əşyalarını 4.000 manat ilkin ödəniş olmaqla 3 ay müddətinə aylıq 4.172 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən yayınmışdır. Cavabdeh ümumilikdə 7.300 manat ödəniş etmişdir. Hazırda, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9.216 manat əsas borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, “xxxx” MMC ilə onun arasında ümumi dəyəri 16.516 manat olan qızıl-zinət əşyalarını nisyə satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsini o, özü imzalamışdır. Lakin müqavilədə qeyd olunan qızıl-zinət əşyalarını onun tanışı X3 götürmüşdür. Müqavilə bağlanan zaman X3 4.000 manat ilkin ödənişi etmiş və qalan pulu 3 ay müddətinə ayda 4.172 manat olmaqla onun əvəzindən “xxxx” MMC-yə qaytaracağını ona bildirmişdir. X3 müqavilə üzrə müəyyən ödənişləri etmiş, sonra qalan 9.216 manatı “xxxx” MMC-yə ödəməmişdir. X1 onu aldatdığını anlamış və onu axtarsa da tapa bilməmiş, V.Şıxıyevin ondan başqa digər şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini öyrənmişdir. Müqaviləni imzalasa da, əşyaları V.Şıxıyev götürdüyünə görə, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 16.516 manat olan qızıl-zinət əşyalarını 4.000 manat ilkin ödəniş olmaqla 3 ay müddətinə aylıq 4.172 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 7.300 manat ödəniş etmişdir, 9.216 manat əsas borcu qalmışdır. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış qızıl-zinət əşyalarının 16.516 manat dəyərindən ödənilməmiş qalan 9.216 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.246 manat pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış qızıl-zinət əşyalarının 16.516 manat dəyərindən ödənilməmiş qalan 9.216 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.246 (doqquz min iki yüz qırx atı) manat pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar