Məhkəmə qərarları › İş №2(004)-3835/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3835/2023

01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3835/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin 2(035)-334/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 160 manat məbləğində alimentin 220 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan məhkəmə iclası keçirilməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd etdiyi xüsusatlara müvafiq olaraq maddi durumu və öhdəlikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AZ-İV № 001521 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-334/2021 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 741.00 (yeddi yüz qırx bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin qismən artırılmasını, yəni 200 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 220 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 220 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin öhdəlikləri, ailə vəziyyəti, həmçinin gəlirləri nəzərə alınmaqla, mövcud iqtisadi şərtlər, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-334/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 160 manat məbləğində aliment artırılmalı və hər ay 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 160 manat məbləğində aliment artırılsın və hər ay 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar