Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3849/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi 24.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək, ona qarşı etdikləri haqsızlıqlara və əməyindən sui-istifadə edərək qarşılığını ödəmədiklərinə görə 15.000 manat maddi zərərin, bu müddət ərzində ona çəkdirdikləri izdirab və əziyyətlərə görə mənəvi zərərin əvəzi kimi 5.000 manat olmaqla, ümumlikdə 20.000 manat təzminatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, 21.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Novxanı filialına mal qəbuledici vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bir nüsxəsini tələb etsə də, ona verilməmişdir. O, 1 ay işlədikdən sonra Cavabdeh MMC-nin Novxanı filialına müdir müavini vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC gündəlik təlabat mallarının onlayn satışı ilə məşğul olur. Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri işdən çıxdığına görə 05.02.2021-ci il tarixdə cavabdeh ona bir ay müddətində Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini icra etməyi təklif etmişdir. O, razılaşaraq 05.02.2021-ci ildən başlayaraq Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini icra etmişdir. Bir ay keçəndən sonra o, rəhbərliyə müraciət edərək müdir kimi əmrinin verilməsini xahiş etmişdir. Bildirmişlər ki, onu Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsinə təyin etməyi düşünmürlər. Digər müdirlər üç aya təyin edirlər, sən hara tələsirsən. O, Cavabdeh MMC-nin Xırdalan deposunun müdir müavini işləməklə, müdirin vəzifələrini icra etmişdir. Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi “Bold Food”-a təqdim etmək üçün 2000-ə yaxın malların qiymətlərini exsel üzrə cədvələ işləmiş, qiymətləri yeniləmiş və təhvil vermişdir. Əslində bunlar müdir əvəzi kimi onun vəzifəsinə aid olmamışdır. Hesabatları aparmaq müavinin vəzifəsinə aid olsa da, cavabdeh ona əlavə işlər gördürmüşdür. Müdir müavini kimi 655 manat əmək haqqını almışdır, lakin müdiri əvəz etməsinə görə əlavə pul verilməmişdir. Onun müdiri əvəz etməsinə dair yazılı əmr olmamış, şifahi göstərişə əsasən bu vəzifəni icra etmişdir. Onun işi müqaviləyə əsasən həftədə 5 günlük olsa da, o, həftədə 6 gün işləmişdir. Buna görə əlavə haqq ödənilməmişdir. Həmçinin hər ay əmək haqqı ayın 5-də verilməli olduğu halda 7-10 gün gecikmə ilə verilmişdir. 12.04.2021-ci il tarixdə Xırdalan deposunun sahibi gəlib bildirmişdir ki, icarə müqaviləsinə xitam verəcək və deponu boşaltmağı tələb etğmişdir. Rəşad Cəfərzadənin göstərişi ilə 15.04.2021-ci ildə Xırdalan deposu fəaliyyətini dayandırdı. Onları baş ofisə dəvət etdilər. O, işçiləri ilə birlikdə baş ofisə getmiş və Rəşad Cəfərzadə ilə görüşmüşdür. Ona bildirmişlər ki, Cavabdeh MMC fəaliyyətini dayandırır, "xxxx" MMC adı ilə fəaliyyət göstərəklər. Ona görə bütün işçilər ərizə yazaraq işdən çıxmalı və yeni iş yerinə işə götürülməlidirlər. O, bununla razılaşmamış, ixtisala işdən azad edilməsi və müvafiq kompensasiya ödənilməsini tələb etmişdir. Daha sonra məzuniyyəftə çıxmaq istədiyini bildirmişdir. Lakin ona məzuniyyət verilməmiş və məzuniyyət üçün 5 gün əvvəl ərizə verməli olduğunu bildirmişlər. Halbu ki, digər işçilər bir gün əvvəl ərizə yazaraq məzuniyyətə çıxırdılar. O, ərizə vermədiyinə görə Rəşad Cəfərzadə onu ofisdən qovmuşdur. 16.04.2021-ci ildə bülletenə çıxmış və işə getməmişdir. 16.04.2021-30.04.2021-ci ilə kimi bülletendə olmuşdur. Cavabdeh ona 16.04.2021 və 17.04.2021-ci il tarixlərdə məktub göndərək, işə çıxmamasının səbəbləri barədə rəsmi məlumat verilməsini xahiş etmiş, əks təqdirdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad ediləcəyi barədə xəbərdar etmişdir. O, 21.04.2021-ci il tarixdə ərizə göndərək bülletendə olması barədjə cavabdehə məlumat vermişdir. 05.05.20121-ci il tarixdə isə bülleteni cavabdehə göndərmişdir. O, 16.04.2021-ci il tarixdən işə çıxmasa da, hazırkı vaxta kimi onun əmək müqaviləsinə xitam verilməmişdir. Nəticədə o, başqa yerdə işə düzələ bilməmişdir. Hesab edir ki, cavabdeh qanunsuz olaraq onun əməyindən istifadə etmiş və haqqını tam ödəməmişdir. Bu səbəbdən ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Odur ki, ona qarşı etdikləri haqsızlıqlara və əməyindən sui-istifadə edərək qarşılığını ödəmədiklərinə görə 15.000 manat maddi zərərin, bu müddət ərzində ona çəkdirdikləri izdirab və əziyyətlərə görə mənəvi zərərin əvəzi kimi 5.000 manat olmaqla, ümumlikdə 20.000 manat təzminatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə +**********35 və +**********00 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilimişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavbdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki halları, iddiaçının izahatı və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 21.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə mal qəbuledici vəzifəsinə işə qəbul edilmiş, sonra Cavabdeh MMC-də depo müdirinin müavini vəzifəsinə keçirilmişdir. İddiaçı 05.02.2021-ci il tarixdən Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini şifahi göstəriş əsasında yerinə yetirmişdir. Bir ay sonra iddiaçı rəhbərliyə müraciət edərək müdir kimi əmrinin verilməsini xahiş etmişdir. İddiaçı bildirmişlər ki, onu Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsinə təyin etməyi düşünmürlər. Hazırda iddiaçı izahatında ona depo müdirinin müavini kimi əmək haqqının ödənildiyini bildirir, müdiri əvəz etdiyinə görə əlavə haqq ödənilmədiyi, həftənin şənbə günləri işlədəyinə görə ödənilməyən əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə cərimənin ödənilməsini, həmçinin Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi “Bold Food”-a təqdim etmək üçün 2000-ə yaxın malların qiymətlərini exsel üzrə cədvələ işləməsi, qiymətləri yeniləməsi və təhvil verməsinə görə əlavə pul ödənilməsini tələb etsə də, bu işlərin görülməsinin depo müdirinin müavini kimi onun vəzifəsinə aid olmadığını, cavabdehin ona əlavə işlər gördürdüyünü və haqqını ödəmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, həmçinin ona hər hansı maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ona qarşı etdikləri haqsızlıqlara və əməyindən sui-istifadə edərək qarşılığını ödəmədiklərinə görə 15.000 manat maddi zərərin, bu müddət ərzində ona çəkdirdikləri izdirab və əziyyətlərə görə mənəvi zərərin əvəzi kimi 5.000 manat olmaqla, ümumlikdə 20.000 manat təzminatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3849/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3849/2021
22.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver