Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3854/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2211,4 manat məbləğində əsas borc, 331,71 manat cərimə və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olan pulun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, iddia ərizəsi üzrə 331,71 manat cərimə borcunun tamamilə silinərək yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, “xxxxxxxxxx" ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 3485 manat dəyərində nisyə aldığı malın 532 manatını ilkin olaraq ödəmiş, qalan 2953 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. “xxxxxxxxxxxxxx" MMC ilə “xxxxxxxxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən ‘xxxxxxxxxx"-un Cavabdeh qarşı olan 2953 manat məbləğındəki tələb hüququ “xxxxxxxxxxxxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx" MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 2019-2020-ci il tarixlərində axırıncı ödəniş olmuşdur. Gecikmə pandemiya ilə əlaqədar olmuşdur. Təklif edib ki, aprel ayında 250 manat ödəsin, iddiaçı razı olmamış, bildirmişdir ki, 400 manat ödəniş olunmalıdır. Sonra o, bir ay möhlət verilməsini xahiş etmişdir. Hazırda mağazadan çıxmışdır, işlədə bilməmişdir. Borcunu etiraf edir, ancaq hissə-hissə ödəyə bilər. Hazırda fəhlə işləyir, imkanı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, WTCO 00113 saylı müqaviləyə əsasən, satıcı “xxxxxxxxxx” MMC ümumi dəyəri 3485 manat olan əşyanı alıcıya – Cavabdeh verməyi, alıcı isə 532 manat ilkin ödəniş etməklə 12 ay müddətinə aylıq 247 manat ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə xxxxxxxxxx MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli R-160/19 saylı faktoring müqaviləsinə əsasən xxxxxxxxxx MMC-nin tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, 00113 saylı müqavilə üzrə ödənilməmiş 2211,4 manat əsas, 331,71 manat cərimə borcu olmaqla, ümumilikdə 2543,11 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh nisyə alğısatqı müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir, tələb hüquqi isə iddiaçıya keçmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2211,4 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pul, cəmi 2241,8 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2211,4 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pul, cəmi 2241,8 (iki min iki yüz qırx bir manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3854/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3854/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver