Məhkəmə qərarları › İş №2(007)-1916/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1916/2025

18.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1916/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: “mənzilə olan istifadə hüququna xitam verilməsi və oradan çıxarılma” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi və oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi həmin yaşayış sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyata alaraq iddiaçının, adına 142095 saylı xx.xx.1998-ci il tarixli çıxarış vermişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoladaşıdır və aralarında olan nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir, lakin cavabdeh, pasport qeydiyyatında olmaqla iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. Cavabdehin yalnız mənzildən istifadə hüququ vardır. Asan 2 Xidmətinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Ondan başqa iddiaçının 2 oğlu da orada pasport qeydiyyatınadır. Onların bir mənzildə yaşamağı mümkün olamdığına görə iddiaçı cavabdehə bildirib ki, qeydiyyatdan çıxsın, valideynlərinə məxsus mənzilə köçsün. Lakin cavabdeh könüllü olaraq qeydiyyatdan və mənzildən çıxmaq istəmir. Belə olan vəziyyətdə, iddiaçı mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir və aralarında narazılıq yaranıb.

Tərəflərin izahatları:

3. İddiaçı ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, o, 1998-ci ildən mənzilin mülkiyyətçisidir. Cavabdehlə 1999-cu ildə nikaha daxil olublar, 2014-cü ildə isə nikahları pozulub. Cavabdeh 2000-ci ildən orada yaşayır, 2006-cı ildə qeydiyyata düşüb. Cavabdeh fakiti həmin mənzildə, o, isə başqa yerdə yaşayır. Nikah pozulduqdan sonra uşaqlar balaca olduğu üçün o, mənzildə qaldılar.

5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilində qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 142095 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı evin mülkiyyətçisi İddiaçıdur. Bu barədə 717 nömrəli reyestr kitabında, 107694 səhifəsində, 30 nömrə ilə qeydəalınma ilə, xx.xx.1998-ci il tarixində qeydiyyat aparılmışdır.

10. AZ-İ seriyalı 199765 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 266 nömrə ilə qeyd edilmişdir.

11. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzili 1998-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh 1999-cu ildə nikaha daxil olmuşlar. Tərəflərin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Cavabdeh 2000-ci ildən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilində yaşayır və 2006-cı ildə mənzilə qeydiyyata düşmüşdür. Bununla da Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə faktiki olaraq orada yaşaması və qeydiyyatda qalması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirməsinə mane olur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsini Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

17.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:

Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

18. Avropa Konvensiyasının 1 saylı protokolunun:

1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

19.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

20.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. İlk növbədə məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

23. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 142095 mömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı evin mülkiyyətçisi İddiaçıdur. Bu barədə 717 nömrəli reyestr kitabında, 107694 səhifəsində, 30 nömrə ilə qeydəalınma ilə, xx.xx.1998-ci il tarixində qeydiyyat aparılmışdır. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

25. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzili İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.1998-ci ildə reyestrdə qeydə alınıb. Cavabdeh mülkiyyətçinin keçmiş həyat yoldaşıdır. Onlar 1999-cu il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2014-cü il tarixdə nikahları pozulmuşdur. Cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Mənzil məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

27. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir.

28. Məhkəmə iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilindən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilinə istifadə hüququna xitam verildiyi üçün cavabdeh sözügedən mənzildən çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilinə istifadə hüququna xitam verilmə, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilindən çıxarılmalıdır.

31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı tələb etmədiyindən məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 55 saylı mənzilindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar