Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-388/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X6, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-ə qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC ilə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla aralarında xx.xx.2014-cü il tarixli 01L000006182 nömrəli kredit xətti müqaviləsi bağlanılmış, daha sonra bank tərəfindən ona həmin müqavilə əsasında aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 01R000014566 nömrəli kredit razılaşmasına əsasən 1.300.000 ABŞ dolları, xx.xx.2014cü il tarixli 01KK000000327 nömrəli kredit razılaşmasına əsasən 10000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən 500.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən 700.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 001KK**********01 nömrəli kredit razılaşmasına əsasən 9500 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 00İRİ534377100 nömrəli kredit razılaşmasına əsasən 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilələrin 1.1-ci bəndinə əsasən kreditlərin müddəti xx.xx.2014-cü il tarixli 01KK000000327 nömrəli və xx.xx.2015ci il tarixli 001KK**********01 nömrəli kredit müqavilələri üzrə 12 ay, digər müqavilələr üzrə isə 60 ay müəyyən edilmişdir. Cavabdeh banka da məlum olduğu kimi, qeyd olunan müqavilələrə əsasən verilmiş kreditlər ünvan 1i ünvanında yerləşən və ona məxsus 1,62 ha torpaq sahəsində inşası və qurulması davam etməkdə olan investisiya layihəsi üzrə görülməli olan işlərin (9 mərtəbəli otel və şadlıq sarayı, aquapark kompleksi, basseynlər, dörd mərtəbəli binada yerləşəcək restoran, banket salonu, hamam və basseynlər və abadlaşdırma işləri) tamamlanması üçün verilmişdir. Tərəfindən götürülmüş kredit məbləğləri təyinatı üzrə xərclənərək, qeyd olunan investisiya layihəsi üzrə görülməli olan işlər yerinə yetirilmişdir. Lakin bir müddət sonra tərəfindən ödənilməli olan aylıq ödənişləri tam şəkildə ödəyə bilmədiyindən, ’’Cavabdeh” QSC tərəfindən Yasamal Rayon Məhkəməsinə kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbi ilə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-361/2019 saylı qərardadı ilə’’Cavabdeh” QSC ilə aralarında bağlanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəfindən Cavabdeh QSC-yə xx.xx.2019-cu il tarixdə 41.665 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları olmaqla, cəmi 131.665 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh banka da məlum olduğu kimi, bütün dünyada tüğyan edən koronavirus (COVİD-19) iqtisadiyyatları iflic vəziyyətinə gətirib çıxarmaqdadır. Bununla bağlı Azərbaycanda da sərt addımlar atılmış, karantin rejimi müəyyən edilmişdir. Tətbiq edilmiş karantin rejimi nəticəsində artıq 6 aydır ki, əsas gəlir yeri olan otel və şadlıq sarayı fəaliyyətini tamamilə dayandırmışdır. Hesab edir ki, koronavirus (COVİD-19) pandemiyası fors major halıdır, eləcə də bu hal cavabdehlə aralarında barışıq sazişi bağlanarkən tərəfindən əsas götürülən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə dəlalət edir. Belə ki, 6 ay ərzində əsas gəlir yeri olan otel və şadlıq sarayı biznesinin təmamilə dayanacağını bilsəydi (bu barədə az da olsa ehtimallar üçün əsas olsaydı) onda Bankla müvafiq sazişi bağlamazdı. xx.xx.2020-ci il tarixli pretenziya ilə Cavabdeh QSC-yə müraciət edərək, xx.xx.2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsinə 2 gün ərzində razılıq verməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətinə verilmiş cavabda QSC-nin baş ofisinə görüşə dəvət edildiyi qeyd edilmişdir. Bundan sonra Bankın baş ofisində müvafiq səlahiyyətli şəxslərlə görüşdə iştirak etsə də, hər hansı bir real nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili X9, nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəməyə izahatında bildirmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar ödəniş edə bilmədiyini qeyd etsə də, iddiaçı pandemiyaya qədər də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-361/2019 saylı qərardadına əsasən “iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönədilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə görə, İddiaçı və X5 barışıq sazişinin bağlandığı tarixə Cavabdeh QSC-yə 01R000014566 saylı kredit razılaşması üzrə 953923,61 ABŞ dolları əsas borc, 15570,32 ABŞ dolları faiz borcu və 257030,44 ABŞ dolları cərimə olmaqla, cəmi 555824,37 ABŞ dolları borcunun, 001R********** saylı kredit razılaşması üzrə 390634,17 ABŞ dolları əsas borc, 92775,75 ABŞ dolları faiz borcu və 100602,02 ABŞ dolları cərimə olmaqla, cəmi 584011,94 ABŞ dolları borcunun, 001R********** saylı kredit razılaşması üzrə 576172,85 ABŞ dolları əsas borc, 140246,19 ABŞ dolları faiz borcu və 153731,91 ABŞ dolları cərimə olmaqla, cəmi 870150,95 ABŞ dolları borcunun, 001R********** saylı kredit razılaşması üzrə 428587,42 ABŞ dolları əsas borc, 102460,36 ABŞ dolları faiz borcu və 114621,07 ABŞ dolları cərimə olmaqla, cəmi 645668,85 ABŞ dolları borcunun, 4 kredit razılaşması üzrə ümumilikdə 3.436.656,11 ABŞ dolları məbləğində borclarının olduğunu etiraf emişlər. İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən 0.25109 ha torpaq sahəsi və onun üzərində yerləşən 10K saylı qeyri-yaşayış binasının bazar qiyməti 3.886.200 manat təşkil edir. İddiaçı həmin qeyri-yaşayış binasını borcun 2.286.000 ABŞ dolları hissəsinin əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verir. Qeyd edilən əmlak bankın mülkiyyətinə keçdiyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ dollarının manata məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakın razılaşdırılmış bazar qiymətinə müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq cavabdehlər tərəfindən banka ödənilməlidir. Borclular Sazişin 5-cı bəndində nəzərdə tutulmuş satın almaqda üstünlük hüququndan və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququndan istifadə etmək üçün qalıq 500000 ABŞ dolları məbləğində borcu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 41665 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixinədək banka ödəməyi öhdələrinə götürmüşlər. Borclular bu bənddə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi şəkildə yerinə yetirdikləri təqdirdə, yəni qalıq 500000 ABŞ dolları borcu vaxtında və lazımi qaydada qaytardığı təqdirdə bank xx.xx.2020-ci il tarixdə ediləcək ödəniş zamanı dörd kredit razılaşması üzrə hesablanmış cəmi 24670,67 ABŞ dolları faiz və 25985,44 ABŞ dolları məbləğində cərimə borcunu silməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə xx.xx.2019-cu il tarixdə 41.665 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları olmaqla, cəmi 131.665 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziyanın məzmunundan müəyyən olunur ki, iddiaçı koronavirus (COVİD-19) pandemiyasının fors major halı olduğunu göstərərək, xx.xx.2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçı müraciətin müzakirə olunması üçün bankın baş ofisinə dəvət olunmuşdur. Məhkəmə iş üzrə toplanmış subutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı və X5 iddiaçı Cavabdeh QSCnin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc rələbinin ipoteka predmetinə yönədilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-361/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən cəmi 3.436.656,11 ABŞ dolları məbləğində borclarının 2.286.000 ABŞ dolları hissəsinin əvəzində bazar qiyməti 3.886.200 manat təşkil edən Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən 0.25109 ha torpaq sahəsi və onun üzərində yerləşən 10K saylı qeyri-yaşayış binasını Cavabdeh QSC-nin mülkiyyətinə verməyi, qalıq 500000 ABŞ dolları məbləğində borcu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 41665 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixinədək banka ödəməyi öhdələrinə götürsələrdə, müddətin bitdiyi tarixə cəmi 131.665 ABŞ dolları məbləğində ödəniş etmiş, bununla da, müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdirlər. İddiaçı koronavirus (COVİD-19) pandemiyasının fors major halı olduğunu göstərərək, xx.xx.2019cu il tarixli barışıq sazişinin ləğv edilməsini xahiş etsə də, iddia tələbini heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-cü maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxxx 2018ci il tarixli qərarında göstərilmişdir ki, “Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Cavabdeh QSC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-388/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-388/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver