Məhkəmə qərarları › İş №2(004)-3885/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3885/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3885/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə3 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14113,46 manat əsas, 6236,9 manat faiz, 1247,47 manat cərimə, cəmi 21597,83 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faizlə 13 760 ABŞ dolları kredit vəsaiti verilmişdir. 23.01.2017-ci il tarixdə kredit müqaviləsinə edilən Əlavə sazişə əsasən kreditin qalıq məbləği 18030,95 ABŞ dolları Mərkəzi Bankın 23 yanvar 2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 18030,95 manat təşkil etmiş, kreditin müddəti 23.11.2022-ci il tarixədək təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2021-ci il tarixli, 4/1427 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 17-18-ci vərəqlərində olan 23.01.2017-ci il tarixli 22-A-1-0-56-15 saylı kredit müqaviləsinə 1 saylı əlavənin 2-ci vərəqində “borcalan” hissəsində “imza” qrafasındakı, 19-cu vərəqində olan 16.01.2015-ci il tarixli, 22-A-1-0-56-15 saylı ipoteka müqaviləsinə 23.01.2017-ci il tarixli əlavə sazişdə “5.2. Borcalan/ipoteka qoyan” hissəsində “imza” qrafasındakı, 20-ci vərəqində olan 16.01.2015-ci il tarixli ”22-A-1-0-56- 15 nömrəli girov müqaviləsinə 23.01.2017-ci il tarixli əlavə sazişdə “5.2. borcalan/girov qoyan” hissəsində “imza” qrafasındakı, 21-ci vərəqində olan 16.01.2015-ci il tarixli, 22-A-1- 0-56-15 nömrəli kredit müqaviləsinə 23.01.2017-ci il tarixli əlavə sazişdə “5.2 borc alan” hissəsində “imza” qrafasındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia tələblərinin əsasını təşkil edən 23.01.2017-ci il tarixli Əlavə Sazişin cavabdeh tərəfindən imzalanmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 407.2. -ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 23.01.2017-ci il tarixli Əlavə Saziş imzalanmadığından həmin saziş bağlanmamış hesab edilməlidir. Saziş bağlanmadığından həmin saziş üzrə cavabdeh üçün hər hansı öhdəlik yaranmadığından o, həmin müqavilənin icra olunmaması üçün hər hansı məsuliyyət daşıya bilməz. Həmin Məcəllənin 77.1. -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. -ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspert rəyini əsas götürərək hesab edir ki, cavabdeh sonrakı sazişə imza etmədiyindən və öhdəlik götürmədiyindən iddiaçı cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Odur ki, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar