Məhkəmə qərarları › İş №2(004)-3892/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3892/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3892/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 641,95 manat əsas borc, 1727,92 manat faiz borcu, 52,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8170,13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13.05.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 13.05.2019-cu il tarixli müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. 08.05.2020-ci il tarixli əlavə sazişə əsasən müqavilənin bitmə tarixi 13.10.2021-ci il təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.04.2021-ci ilədək Cavabdeh banka 13.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6416,95 manat əsas borc, 1727,92 manat faiz borcu, 52,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8170,13 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında kredit müqaviləsi üzrə bankdan qeyd edilən məbləğdə kredit götürdüyünü, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən kredit müqaviləsi üzrə hesablanmış faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13.05.2019-cu il tarixli, 24-MY-1-0-216-19 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 13.05.2019-cu il tarixli, 24-MY-1-0-216-19 saylı müqaviləsinə edilən 08.05.2019-cu il tarixli Əlavə Sazişdən görünür ki, kreditin müddəti 13.10.2021-ci ilədək uzadılmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.10.2021-ci il tarixədək hər ay 542,57 (beş yüz qırx iki manat əlli yeddi qəpik) manat sonuncu ay 542,51 (beş yüz qırx iki manat əlli bir qəpik) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 08.05.2019-cu il tarixli 24-MY-1-0-216-19 saylı kredit müqaviləsi üzrə 6416,95 manat əsas, 1727,92 manat faiz və 25,26 manat cərimə olmaqla, cəmi 8170,13 (səkkiz min yüz yetmiş manat on üç qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış 09 mart 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan 09.04.2021-ci il tarixli ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 10000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 08.05.2019-cu il tarixli 24-MY-1-0-216-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” İKB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28% ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 6416,95 manat, faiz borcu üzrə 1727,92 manat faiz borcu və 25,26 manat məbləğində cərimə yaranmışdır. Məhkəmə 08.05.2019-cu il tarixli 24-MY-1-0-216-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz borcu və cərimə hissəsində tam təmin edilməli, 6416,95 manat məbləğində əsas kredit borcu, 1727,92 manat məbləğində faiz borcu, 25.26 manat cərimə olmaqla, cəmi 8170,13 manat pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli 24-MY-1-0-216-19 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli 24-MY-1-0-216-19 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh oğlundan 6416,95 (altı min dörd yüz on altı manat doxsan beş qəpik) manat əsas borc, 1727,92 (min yeddi yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz borcu, 25.26 (iyirmi beş manat iyirmi altı qəpik) manat cərimə olmaqla, cəmi 8170,13 (səkkiz min yüz yetmiş manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 13.05.2019-cu il tarixli 24-MY-1-0- 216-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6416,95 (altı min dörd yüz on altı manat doxsan beş qəpik) manat əsas borc, 1727,92 (bir min yeddi yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz borcu, 25,26 (iyirmi beş manat iyirmi altı qəpik) manat cərimə olmaqla, cəmi 8170,13 (səkkiz min yüz yetmiş manat on üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar