Məhkəmə qərarları › İş №2(004)-3898/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3898/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3898/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X1 uşaq bağçası” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-yə qarşı “müqavilənin ləğvi, obyektin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-yə qarşı “müqavilənin ləğvi, obyektin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin iddiaçıya təhvil verilməsi və icarə haqları üzrə yaranmış 10.880 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması, obyektin iddiaçıya təhvil verilməsi və məhkəmə qətnaməsinin qəbul edildiyi günə olan icarə haqları üzrə yaranmış borcların cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin geri götürülməsinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində cavabdehlə iddiaçı arasında ünvan 1 ünvanındakı ümumi sahəsi 238.88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1.360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən isə “İcarəçi” icarə haqqını vaxtı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından aylıq icarə haqlarını verməmişdir. Bununla bağlı, yəni icarə haqlarının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-4035/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh “X1" Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 5.440 (beş min dörd yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmiş və cavabdeh həmin məbləği iddiaçıya ödəmişdir. Daha sonra qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1249/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilərək icarə haqqı 6.800 (altı min səkkiz yüz) manat müəyyən edilmiş, qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh Körpələr eviuşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 141 (yüz qırx bir) manat pul tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Nəticə etibarı ilə cavabdehin icarə haqlarını ödəməməsi, yəni müqavilə üzrə öz öhdəliyini kobud səkildə pozması, müqavilə şərtlərinin “İcarəçi”nin təqsiri üzündən pozulması qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəflə aralarında danışıqlar aparılsa da barışıq əldə olunması mümkün olmamışdır. Belə ki, cavabdehin icarə haqqını ödəmək üçün kifayət qədər vaxt imkanı olmasına baxmayaraq, bugünə kimi borcun ödənilməsi üçün heç bir cəhd etməmiş, onunla sonuncu danışıqları zamanı isə pulu hissə-hissə ödəmək istədiyini bildirmişdir. Lakin bildirir ki, sözügedən icarə haqqı 2021-ci ildən etibarən ödənilməməyə davam etmişdir, bu isə iddiaçını maddi cəhətdən zərərə uğradır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. O, cavabdehin guya iddiaçının qərəzli olaraq əlbəəl icarə haqqını götürməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qətnamə ilə borcunu tam ödəməmişdir, ona görə də hazırki dövr üzrə icarə haqqını ödəmək niyyətinin olması əsaslı deyildir. Bundan başqa cavabdeh məhkəmədən öncə onların məktubuna pretenziya qaydasında cavab olaraq bildirmişdir ki, müqavilənin ləğvini razıdır və obyektə sərf edilmiş vəsaiti tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 uşaq bağçası” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, o, icarə haqqını ödəməkdən heç vaxt boyun qaçırtmamışdır. O, neçə dəfə aylıq icarə haqqı məbləğini bir zərfin içinə qoyaraq iddiaçıya bildirmişdir ki, gəlib pulu götürsün, lakin onlar pulu götürmək üçün gəlməmiş, həmçinin dəfələrlə onlardan bank hesabı atmalarını istəsə də ona heç bir bank hesabı təqdim olunmamışdır. Daha sonra o, icarə haqqı üçün nəzərdə tutduğu pul vəsaitini bankda olan borcuna ödəmişdir. O, həmçinin qeyd etdi ki, obyektin əsaslı təmirinə külli miqdarda pul vəsaitini sərf etmişdir. Bağçanın kommunal xərclərini də özü ödəmişdir. Bundan başqa, iddiaçı onun müqavilə şərtlərini pozduğunu iddia etsə də, sözügedən yaşayış evinin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı müqavilə bağlanandan bugünə kimi ona təqdim etməmiş, bununla da iddiaçı onun sahibkarlıq fəaliyyətinin ahəngini tamamilə pozmuşdur. Barışıqla bağlı məhkəmənin təklifinə münasibətdə bildirdi ki, əgər iddiaçı tərəf razı olarsa o icarə haqqını 3 dəfəyə hissə-hissə ödəməyə razıdır, lakin müqavilənin ləğv edilməsi hissəsində iddia tələbini, ümumiyyətlə, qəbul etmir. Verilmiş sual əsasında o, bildirmişdir ki, iddiaçıya 10.880 manat borcunun olmasını istisna etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 uşaq bağçası” MMC-nin vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bildirir ki, cavabdeh icarə haqqları üzrə yaranmış icarə haqqını ödəməyə razı olsa da, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi ilə razı deyil. Belə ki, məhkəməyə elektron qaydada təqdim etdiyi “whatssapp” yazışmalarından da görünür ki, cavabdeh icarə haqqının hazır olması barədə iddiaçı tərəfə dəfələrlə mesaj yazaraq məlumat vermiş və onlardan gəlib pulu götürmələrini istəmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən hər hansı addım atılmamışdır. Həmçinin cavabdeh sözügedən icarə obyektində öz fəaliyyətinə davam etdirmək istədiyini bildirmiş və icarə haqqını yalnız fəaliyyətini davam etdirdiyi təqdirdə ödəyə bilcəyini qeyd etmişdir. Bununla bağlı tərəflər arasında barışıq əldə etmək mümkün olmamışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan -xx.xx.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzil icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən uşaq bağçası kimi işlədilməsi nəzərdə tutulmuş bu “sahə” hər ildə, 2 ay, beş ildə cəmi 10 ay müddətində bu aylar üçün icarə haqqı ödənilməyəcək. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1.360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını “İcarə verən”ə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.4-cü bəndində göstərilən bütün xərcləri vatlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi “İcarəçinin” təqsiri səbəbindən pozulmuş sayılır. Müqavilənin 10.2.2-ci maddəsinə əsasən müqavilənin tələbləri “İcarəçi” və “İcarəyə verən” tərəfindən pozulduqda hər bir tərəfin tələbi ilə və digər tərəfi 1 ay qabaqcadan xəbərdarlıq etməklə vaxtından əvvəl xitam verilə bilər. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)- 4035/2021 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqları üzrə yaranmış 17.680 manat və gecikdirməyə görə həmin məbləğin 5% həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-dən 5.440 (beş min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)- 4035/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1249/2022 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş və birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən-12240 (on iki min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh Körpələr evi-Uşaq Bağçasından iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmişdir. Qətnamə 26 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. -İddiaçı tərəfindən Cavabdeh Körpələr evi-Uşaq Bağçası MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehdən 2021-ci ilin sentyabr, oktyabr, noyabr, cari ilin isə fevral, mart və aprel aylarının icarə haqqıarının ödənilməsini tələb etmiş və müqavilə üzrə öz öhdəliklərini kobud şəkildə pozduğuna görə pretenziya aldığı 1 ay müddətinə icarə obyektini təhvil verməyi və ödənilməyən aylıq icarə haqlarının birdəfəlik ödənilməsini təmin etməyi xahiş etmişdir. Qəbzdən müəyyən edilir ki, məktub cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. - Həmin pretenziya məktubuna cavab olaraq Cavabdeh Körpələr evi-Uşaq Bağçası MMC-nin direktoru Qanuni nümayəndə bildirmişdir ki, icarə müqaviləsinin 4.2-ci maddəsinin tələblərində də qeyd olunduğu kimi icarə haqqı bank hesabına ödənilməlidir. Lakin dəfələrlə xahiş etməyinə baxmayaraq bugünə qədər “icarəyə verən” olaraq ona hər hansı bank hesabı təqdim olunmamışdır. İcarə haqqının ödənilməsi məqsədilə dəfələrlə icarə haqqını nəğd şəkildə ödənilməsi ona təklif olunmuşdur. Süni şəkildə onu icarə ödənişlərindən yayınan və bununla da, müqavilə şərtlərini pozan tərəf kimi qələmə verməyinə etiraz etmişdir. Belə ki, iddiaçı onun icarəyə götürdüyü yaşayış evinin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı müqavilə bağlanılan vaxtdan bugünə kimi ona təqdim etməməklə onun sahibkarlıq fəaliyyətinin ahəngini tamamilə pozmuş, vergi orqanlarından obyekt üzrə fəaliyyət kodunun alınması nəticəsiz qalmışdır. Nəticədə iddiaçının bu hərəkətləri onun müqavilə üzrə öhdəliklərin pozulmasına səbəb olmuşdur. Məktubun nəticəsi olaraq cavabdeh tərəflər arasında müqavilə bağlanan zaman əldə edilmiş razılığı nəzərə alaraq icarəyə verən tərəf olaraq iddiaçıdan müqavilə üzrə öhdəlikləri pozduğuna görə 10 gün müddətində müqavilənin ləğv edilməsini və Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89, mənzil 4 ünvanında yerləşən həyət evinin əsaslı təmiri üçün 150.000 manat çəkdiyi xərcin ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh qarşılıqlı olaraq müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının pretenziya məktubunun ona təqdim edilməsini etiraf etsə də, lakin cavab məktubunun onun tərəfindən imzalanmamasına əsas gətirərək sübut olaraq qəbul edilməmisini və onun müqavilənin ləğvinə razı olmadığını bildirmişdir. Lakin o, pretenziya məktubuna cavabın iddiaçıya çatdırılmasını təsdiq edən qəbzin onun tərəfindən imzalandığını etiraf etdi. Həmçinin bildirdi ki, məktub onun vəkilləri tərəfindən tərtib edilsə də, onun iradəsini ifadə etmir. Bundan başqa məktub ümumiyyətlə imzasızdır. Məhkəmə cavabdehin qanuni təmsilçisinın bu dəlilini əsaslı hesab edərək cavab məktubunu sübut olaraq qəbul etmir. Lakin iddiaçının cavabdehə ünvanlanmış pretenziya özü qanunla müəyyən edilmiş qaydada verildiyindən və hər hansı pozuntuya yol verilmədiyindən sübut olaraq qəbul edilməlidir. Həmçinin qəbzdən və cavabehin qanuni təmsilçisinin etirafı ilə sübut olunur ki, məktub cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 238.88 kv.m olan həyət evini notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün Cavabdeh Körpələr evi-Uşaq Bağçası MMC-yə icarəyə vermişdir. İşin mübahisəsiz halı onadan ibarətdir ki, cavabdeh əvvəllər də icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş və icarə haqlarını gecikdirmişdir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri öz təsdiqini tapır. Lakin Cavabdeh Körpələr evi-Uşaq Bağçası MMC-nin qanuni təmsilçisi 2021-ci ilin sentyabr, oktyabr, noyabr, cari ilin isə fevral, mart, aprel, may və iyun ayları üçün icarə haqlarına görə 10.880 manat borcunun olmasını etiraf etməsinə baxmayaraq, izahatında bildirmişdir ki, həmin borc iddiaçının öz təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Çünki, iddiaçı ona bank hesab nömrəsini təqdim etməmiş və onun göstərişi ilə icarə haqlarını qəbul etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu dəlilini inandırıcı hesab etmir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçıya borcu vardır və hazıradək ödəməkdən yayınır. Həmçinin o, izahatının davamında bildirmişdir ki, icarə haqqı üçün nəzərdə tutduğu pul vəsaitini bank borclarına ödəmişdir. Hazırda isə bu səbəbdən borcunu tam şəkildə ödəmək iqtidarında deyildir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 685.1-ci maddəsinə görə əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2-ci maddəyə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Həmçinin iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün 123,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumuna münasibətdə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, göstərilənlərə əsasən məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC ilə İddiaçı arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, ünvan 1 ünvanında yerləşən icarə obyekti cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, icarə haqları üzrə yaranmış 10.880 (on min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli və mülki iş üzrə ödənilmiş dövlət rüsumu 123,40 (bir yüz iyirmi üç manat qırx qəpik) Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC ilə İddiaçı arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin və ünvan 1 ünvanında yerləşən icarə obyekti cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin. İcarə haqları üzrə yaranmış 10.880 (on min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu 123,40 (bir yüz iyirmi üç manat qırx qəpik) Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar