Məhkəmə qərarları › İş №2(3-9)-165/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-165/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə İş № 2(3-9)-165/2026 01.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X11 ibarət tərkibdə, məhkəmə katibi X9, iddiaçı İddiaçı iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin alınaraq ona təhvil verilməsi, qeyri-yaşayış sahəsinə dair giriş açarının alınaraq ona təhvil verilməsi və maneəsiz istifadəsinin məhdudlaşdırılmasına son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən 60 kv.m. torpaq sahəsi üzərində tikilmiş qeyriyaşayış sahəsinin cavabdeh Cavabdeh alınaraq ona təhvil verilməsi, qeyri-yaşayış sahəsinin giriş açarının Cavabdeh alınaraq ona təhvil verilməsi və maneəsiz istifadəsinin məhdudlaşdırılmasına son qoyulmasının cavabdeh Cavabdeh üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Lənkəran rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2003-cü il tarixli alqısatqı müqaviləsi əsasında satıcı X1 Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən ** nömrəli mənzil (ümumi sahəsi 64,7 kv.m., yaşayış sahəsi 34,8 kv.m. olan 2 mərtəbəli binanın 2ci mərtəbəsəsində olan 2 otaq) almışdır. Yaşadığı evin həyətyanı torpaq sahəsində istifadəsində 7x9=63 kv.m. ölçüdə təsərrüfat anbarı mövcud olmuşdur. Anbar uzun müddət istifadə olunduğundan yararsız hala düşmüşdür. Qərara gəlmişdir ki, söküb əvəzində yenisini tiksin. Bununla bağlı ## ######## 2005-ci il tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin başçısına müraciət etmiş, müvafiq arayış tərtib edilmişdir. Arayışda qeyd edilmişdir ki, ərizə yerində araşdırılaraq məlum oldu ki, İddiaçı istifadəsində olan təsərrüfat sarayının qəzalı vəziyyətini nəzərə alaraq ona 7x9=63,0 kv.m ölçüdə şəxsi həyətinin ərazisində yeni təsərrüfat sarayın tikintisinin aparılmasını məqsədə müvafiq hesab edir. Sözügedən məsələ ilə bağlı Lənkəran şəhər İcra başçısı tərəfindən ## ###### 2005-ci il tarixində *** saylı “tikinti-quraşdırma işləri aparılmasına icazə verilməsi barəsində” sərəncam verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Lənkəran şəhərinin Ş.Axundov küçəsi, ev 29-da yaşayan İddiaçı yaşadığı binanın həyətyanı torpaq sahəsində istifadəsində olan təsərrüfat anbarını sökərək yerində 7x9=63 kv.m ölçüdə anbar tikintisinə icazə verilsin. Sonradan, Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən ** nömrəli mənzili 2007-ci ilin may ayında cavabdeh Cavabdeh arvadı Babayeva İradə Cabir qızına bağışlamışdır. Mənzili qeyd olunan şəxsə bağışlasa da, qeyri-yaşayış sahəsini (təsərrüfat anbarını) onların istifadəsinə verməmişdir. Uzun müddət həmin qeyri-yaşayış sahəsi (təsərrüfat anbarı) və onun yerləşdiyi 60 kv.m. torpaq sahəsi onun istifadəsində olmuşdur. Sonradan qeyd olunan torpaq sahəsini müqavilə əsasında icarəyə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında ##.##.2022-ci il tarixində **** nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” icarə müqaviləsi imzalanmışdır. Hazırda qeyd olunan torpaq sahəsi üzərində özünə məxsus qeyri-yaşayış sahəsi (təsərrüfat anbarı) mövcuddur. Lakin bu yaxınlarda əldə etdiyi məlumata görə, cavabdeh Cavabdeh özünə məxsus əşyaları ora yığmaqla ona məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə edir, üstəlik də qeyri-yaşayış sahəsinin açarını dəyişməklə həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə maneələr yaradır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehə qarşı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, icarə müqaviləsinin müddəti də artıq bitmişdir. Halbuki, bu belə deyildir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında ##.##.2022-ci il tarixində **** nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” icarə müqaviləsi imzalanmışdır. İcarə müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin 4.2-ci bəndində isə qeyd edilmişdir ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə onun tərəfindən müqavilənin xitamı ilə bağlı ərizə təqdim edilmədiyindən müqavilənin müddəti ##.##.2026-cı ilə qədər uzadılmış və hazırda da qüvvədədir. İcarə müqaviləsinin qüvvədə olduğunu Əmlak Məsələləri Dövlət Xidmətinin ona ünvanlanmış ##.##.2025-ci il tarixli, 3- **-*/*-*****/**** saylı “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” bildirişdən də görmək olar. Bildirişdə qeyd edilmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə görə ünvan 2 ünvanında yerləşən 60,0 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ##.##.2025-ci il tarixinə 150,00 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehə evi satıb, amma anbarı satmayıb. Bununla belə, cavabdeh anbarın qapısını qıfıllayıb, ona anbara daxil olmağa icazə vermir. 2007-ci ildən sözügedən anbarı qardaşına (cavabdehə) müvəqqəti istifadəyə vermişdir. Özü də 7 ildir ki, Bakıda yaşayır. Anbara girə bilmir. Anbarın qapısı dəmir qapıdır. Girmək mümkün deyil, cavabdeh anbardan istifadə etməyə imkan vermir. Qeyri yaşayış sahəsinin ona təhvil verilməsinə də cavabdeh imkan verməyib. Cavabdeh Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, bildirmişdir ki, səhhətilə bağlı problem olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- Əmlak Məsələləri Dövlət Xidməti Lənkəran Ərazi şöbəsinin, Lənkəran şəhər İcra hakimiyyətinin təmsilçiləri və Babayeva İradə Cabir qızı apellyasiya baxışında iştirak etməmişlər Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma İşin halları İddiaçı tələbində ünvan 1 ünvanında yerləşən 60 kv.m. torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış sahəsinin, qeyri-yaşayış sahəsinə dair giriş açarının cavabdehdən alınaraq ona təhvil verilməsini və cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmasını xahiş etmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 60 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsini təqdim etmişdir. ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsinə görə, “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov bir tərəfdən, “İcarəçi” İddiaçı digər tərəfdən aşağıdakılar barədə razılığa gəliblər: “İcarəyəverən” ünvan 1 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 60.0 kv.m torpaq sahəsini “İcarəçi”yə icarəyə verir. Müqavilənin müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin 4.2-ci bəndin görə, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. Bundan başqa aşağıdakı sənədlər təqdim edilmişdir: Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının verdiyi arayışdan görünür ki, İddiaçı müraciəti əsasında onun istifadəsində olan təsərrüfat sarayının qəzalı vəziyyətini nəzərə alaraq ona 7 x 9 = 63,0 kv.m ölçüdə yeni təsərüfat sarayının tikintisinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. ##.##.2025-ci il tarixli “Arxiv çıxarışından” görünür ki, Lənkəran şəhəri, Ş.Axundov küçəsi ev 29-da yaşayan İddiaçı 7 x 9 = 63,0 kv.m ölçüdə yeni təsərrüfat sarayının tikintisinin aparılmasına icazə verilmişdir. ##.##.2003-cü il tarixli ****** nömrəli müqavilədən görünür ki, satıcı X1 adından etibarnamə ilə X2 çıxış edərək Lənkəran şəhəri, Ş.Axundov küçəsində ##.##.1946-cı ildə tikilmiş, ümumi sahəsi 64.7 kv.m, yaşayış sahəsi 34.8 kv.m olan iki mərtəbəli evin 2-ci mərtəbəsində olan 2 otaqdan ibarət yaşayış evi İddiaçı (20000000 manata) satılmışdır. ##.##.2025-ci il tarixli Lənkəran İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-şəhərin baş memarı tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən 802011000498-05101-****** reyestr nömrəli çıxarışa əsasən Lənkəran şəhəri, Ş.Axundov küçəsi ev ** nömrəli yaşayış binasında yerləşən ümumi sahəsi 109.6 kv.m olan 2 otaq, * nömrəli mənzil tam mülkiyyət hüquqi üzrə Babayeva İradə Cabir qızına məxsusdur. Bununla yanaşı yaşayış binasının ümumi istifadəsində yerləşən sözügedən anbarın sökülərək yerində yeni 7 X 9 ölçüdə yeni anbar inşa edilməsinə icazə verilməsi barədə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2005-ci il tarixli *** saylı sərəncamının olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov tərəfindən verilən və iş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2005-ci il tarixli *** saylı sərəncamı ilə vətəndaş İddiaçı qeyd edilən ünvanda yerləşən torpaq sahəsində anbar binasının tikintisi üçün icazə verilmişdir, eyni zamanda qeyri-yaşayış (anbar) binasının yerləşdiyi ümumi sahəsi 60.0 kv.m təşkil edən torpaq sahəsinə dair İddiaçı ilə xidmət arasında ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Lənkəran şəhəri, Şirəli Axundov küçəsi, bina 29-da yaşayan sakinlər tərəfindən tərtib edilmiş Akta görə, Babayeva İradə Cabir qızı 2003-cü il tarixdən sözugedən ünvanda yaşayır. Həyətyanı sahədə mövcud olan anbarın biri də ona məxsusdur və onun tərəfindən 2005-ci ildə yenilənmişdir. İddiaçı bir gün də olsun orda yaşamamış və tikinti etməmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdən görünür ki, satıcı İddiaçı ilə alıcı Babayeva İradə Cabir qızı arasında bağlanmış ## #### 2007-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Lənkəran şəhəri, Ş.Axundov küçəsi, ** nömrəli 1953-cü il tarixdə tikilmiş 2 mərtəbəli 2 –ci mərtəbəsi ümumi sahəsi 109,6 kv.m, yaşayış sahəsi 35,9 kv.m, köməkçi sahəsi 73.7 kv.m 2 otaqdan ibarət * saylı mənzil sonuncunun mülkiyyətinə verilmişdir. Cavabdeh tərəf yaşayış evinə dair arvadı Babayeva İradə Cabir qızının mülkiyyət hüququnu təsdiq edən ##.##.2007-ci il tarixli çıxarış təqdim etmişdir. Beləliklə, iddiaçı tərəf torpaq sahəsinə dair iki il müddətinə bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsini və anbar sahəsinin inşasına icazə verilməsi ilə bağlı əlaqəli sənədləri, cavabdeh tərəf isə həmin ərazidə yerləşən yaşayış evinə dair mülkiyyət hüququna dair sənədi təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadına uyğun olaraq mübahisəli anbarın yerləşdiyi sahənin və cavabdehin mülkiyyətində (qanuni istifadəsində) olan yaşayış evinə aid torpaq sahəsinin sərhədlərinin (koordinatlarının), mübahisəli anbarın hansı ərazidə yerləşməsinin müəyyən edilməsi məqsədlə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarəsinin mütəxəssisinin müvafiq rəyi alınmışdlr. Mütəxəssis rəyinə əsasən, aşağıda qeyd edilənlər müəyyən edilmişdir:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ## ### 2022-ci il tarixli **** nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə" müqavilə əsasında İddiaçı icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,006 ha (60 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa və 802011000498-05101-****** reyestr nömrəli Texniki Pasporta əsasən Babayeva iradə Cabir qızının mülkiyyətində olmuş (hazırda Panəlizadə Ruhid iqbal oğlunun və X5 mülkiyyətində olandaşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilən) Lənkəran şəhəri, Ş.Axundov küçəsi, ev 29-da yerləşən 109,6 kv.m ümumi sahədən ibarət mənzilin yerləşdiyi dövlət mülkiyyətinə aid, faktiki ölçüsü 0,0234 ha olan torpaq sahələrinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).

2. Mübahisəli anbarın yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və araşdırma zamanı mübahisəli anbarın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ## ### 2022-ci il tarixli **** nömrəli "hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə" müqavilə əsasında İddiaçı icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,006 ha (60 kv.m) torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Araşdırma zamanı mövcud baza məlumatlarında mübahisəli anbarın yerləşdiyi ərazidə cavabdeh Cavabdeh qanuni istifadəsində torpaq sahəsinin aşkar olunmaması müəyyən olunmuşdur. Tətbiq edilən və nəzərdən keçirilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya məhkəməsinin mövqeyi Hazırki tələbində iddiaçı icarəsinə verilmiş qeyri-yaşayış sahəsinə dair sahibliyin müdafiəsi ilə bağlı iddia vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsassız olduğundan təmin edilməməlidir: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və işin hallarının tətbiq edilə biləcək qanunun dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. İlk növbədə qeyd etmək lazımdır ki, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əmlakın faktiki sahibi olması, faktiki sahibin iradəsi olmadan özbaşınalıqla sahiblikdən məhrumetmə və onu pozma halının baş verməsi müəyyən edilməlidir Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (MM-in 152.2-ci maddəsi). Qanunun tələbinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Hazırkı halda iddiaçının mübahisəli torpaq sahəsinə (eləcə də orada olan tikiliyə) faktiki sahiblik etməsi, əvvəldən, yaxud sonradan torpağın onun sahibliyinə müəyyən edilmiş qaydada verilməsi müəyyən edilməmişdir. İddiaçının özü izahatında göstərmişdir ki, cavabdeh anbarın qapısını qıfıllayıb və ona anbara daxil olmağa icazə vermir. 2007-ci ildən sözügedən anbarı qardaşına (cavabdehə) müvəqqəti istifadəyə vermişdir. Özü də 7 ildir ki, Bakıda yaşayır, anbara girə bilmir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (MM maddə 165.1). İddiaçı apellyasiya baxışında izahatında əmlakın ona təhvil verilmədiyini də qeyd etmişdir. Belə ki, cavabdeh buna imkan vermir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində (MM-in 164-165-ci maddələr baxımından) təmin edilməsi üçün əsas yoxdur. İddiaçının sahibliyi olmadığı halda onun pozulmasından da söhbət gedə bilməz. Qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən 2007-ci ildən cavabdehin sahibliyinə verildiyi halda da iddia təmin edilə bilməz. Belə ki, Qanunun tələbinə görə sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (MM maddə 164.2). İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri də təşkil etmir. Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. İşin halları göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Bu hallardan hər-hansı biri müəyyən edilmədiyi halda da iddia təmin edilə bilməz. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırki halda iddiaçının mübahisəli sahənin və ya tikilinin mülkiyyətçisi olduğu da müəyyən edilmir. İddianın əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi də təşkil etmir. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd edilməlidir ki, bu normada müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Bu hüquq əsasında tələb istənilən şəxsə qarşı yönələ bilər. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Bu baxımdan, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi də qanuni və əsaslı yanaşma sayıla bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə mahiyyəcə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar