Məhkəmə qərarları › İş №2(004)-3908/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3908/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3908/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 160 manat müəyyən edilmiş alimentin 250 manat miqdarında müəyyən edilməsi və əlavə xərclərə görə 50 manat vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6975/2019 nömrəli icra vərəqəsinə əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 160 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan xüsusat işin mübahisəsiz halıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri rəhbər götürülməklə İddiaçı tərəfindən aliment məbləğinin 250 (iki yüz əlli) manat məbləğində və əlavə xərclərə görə 50 manat pulun tutulmasının hüquqi və faktiki əsasları barədə sübut, material və məlumatlar məhkəməyə təqdim edilməmiş. İddia tələbi əlavə xərclərə görə 50 manat vəsaitin tutulması hissəsində əsaslandırılmamışdır. Cavabdehin gəlirləri və əmlak vəziyyəti nəzərə alınmaqla məhkəmə cavabdehdən əlavə xərclərə görə 50 manat pulun tutulmasını məqsədə müvafiq hesab etmir. Lakin, məhkəmə uşağın maraqları və xərcləri, iqtisadi şərtlər nəzərə alınmaqla aliment məbləğinin qismən artırılması, yəni 220 (iki yüz iyirmi) manat məbləğindən müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 250 manat aliment və əlavə xərclərə görə 50 manat pulun ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 300 (250+50) manat məbləğində alimentin tutulması işsiz şəxs üçün mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə qeyd edir ki, işin hallarının məhkəmənin öz təşəbbüsü ilə məhkəmə tərəfindən araşdırılması hakimin prosesdəki arbitr roluna ziddi olmaqla mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə azyaşlı uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 160 manat sabit pul məbləğində müəyyən edilmiş aliment artırılmalı, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 160 manat sabit pul məbləğində müəyyən edilmiş aliment artırılsın. xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar