Məhkəmə qərarları › İş №2(004)-3950/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3950/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3950/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 2896 saylı alqı-satqı müqaviləsi əsasında alınmış 1 ədəd “JAC T6 AT” markalı, **-PS-*** dövlət qeydiyyat nişanı minik avtomobilinin (2017-ci buraxılış ili, tipi pikap, rəngi qəhvəyi) Cavabdeh2 alınıb iddiaçıya təhvil verilməsi, həmin müqavilə üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6232 manat əsas borc, 5141 manat cərimə olmaqla, cəmi 11373 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 2896 saylı alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “JAC T6 AT” markalı, **-PS-*** dövlət qeydiyyat nişanı minik avtomobilinin (2017-ci buraxılış ili, tipi pikap, rəngi qəhvəyi) cavabdehə satmışdır. Müqavilənin 4.1-ci bəndinə görə satılan avtomobilin qiyməti 44047 manat müəyyən olunmuşdur. Ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödəniş 6655 manat olmaqla, qalan 37392 manat məbləği 24 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 1558 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2020-ci il tarixi müəyyən etmişlər. İddiaçı avtomobili cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqavilənin 4.2-ci yarımbəndinə əsasən, alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%i həcmində, 4.3-ci yarımbəndinə görə isə növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2%-i həcmində cərimə ödəməlidir. Müqavilənin 9.2.2-ci yarımbəndinə əsasən müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən alıcı öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə satıcı tərəfindən ləğv edilə bilər. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 31160 manat ödəniş etmişdir. 2020-ci ilin fevral ayından etibarən cavabdehin İddiaçı MMC-yə 6232 manat əsas borcu qalmışdır. Cavabdeh 4 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 1558 manat məbləği, cəmi 6232 manatı ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, ödəniş etməkdən yayınır. Cavabdehə müqavilə şərtinə riayət etmək, aylıq ödənişləri ödəmək, yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Eyni zamandaCavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin xx.xx.2018-ci il tarixli, 2896 saylı alqı-satqı müqaviləsi üzrə satıcı qarşısında borclunun öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş matreriallarına əlavə edilmiş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2896 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı 1 ədəd “JAC T6 AT” markalı, **-PS-*** dövlət qeydiyyat nişanı minik avtomobilinin (2017-ci buraxılış ili, tipi pikap, rəngi qəhvəyi) alıcıya satmışdır. Müqavilənin predmeti olan avtomaşının dəyəri 44047 manat olmaqla müqavilənin müddəti 24 ay, ilkin ödəniş 6655 manat, bir aylıq ödəniş haqqı 1558 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2896.1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin alıcının öhdəliklərinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan pretenziya məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə müqavilələrin ləğvi və dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə barədə xəbərdarlıq olunmuş, bununla da, mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2896 saylı müqavilənin əşyanın nisyə alqı-satqı müqaviləsi olmasını nəzərə alaraq qeyd edir ki, mövcüd mübahisənin həlli ilə əlaqədar əşyanın nisyə alqı-satqısı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulfevralıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdehƏlı̇yev Taleh Arı̇f oğlunun xx.xx.2018-ci il tarixli, 2896 saylı müqavilə üzrə əşyanın dəyərinin ödənilməsi öhdəliyini icra etməməsi, Cavabdeh1 zamin qisməndə alıcının öhdəliklərinə görə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunduğuna görə həmin müqavilə üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 6232 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 6432 (altı min dörd yüz otuz iki) manat borc tutulmalı, həmçinin məhkəmənin gəldiyi qənaətə əsasən öhdəliyin vaxtında icra edilməməsinə görə 5141 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 200 manat məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən verilmiş əşyanın ödənilməsi hissəsində iddia tələbi təmin olunduğundan, digər hissədə, yəni avtomobilin cavabdehdən geri alınması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6232 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 6432 (altı min dörd yüz otuz iki) manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar