Məhkəmə qərarları › İş №2(004)-3958/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3958/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3958/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşaq üçün 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1914/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə iddiaçı arasında Bakı nikah evində xx.xx.2009-cu il tarixdə, 723 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılması və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Socar Neft Şirkətində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Cavabdeh isə ona cəmi iki uşağa görə 470 manat məbləğində aliment ödəyir. İddiaçı həmin pulla iki məktəbli övladının təlabatını ödəməkdə çətinlik çəkdiyi üçün alimentin miqdarının dəyişdirilməsi ilə yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1914/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2010- cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq onun xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qət edildikdən sonra cavabdeh işdən çıxmış və iddiaçı hal-hazırda cavabdehin rəsmi iş yeri olmadığı üçün aliment ala bilmir. Aylardır ki, övladlarına tək başına baxır. Yenidən alimentin miqdarının dəyişdirilməsinə ehtiyac vardır. Hətta iddiaçı alimentin ölkə üzrə indeksasiya ilə hesablanması ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya edilməsi ilə bağlı ərizəmin baxılmasından imtina edilmişdir. Ona görə imtina edilmişdir ki, aliment əmək haqqının müəyyən hissəsi olaraq tutulmuşdur, ona görə ərizənin indeksasiyası mümkün deyildir. Bundan sonra iddiaçı alimentin miqdarının dəyişdirilməsi ilə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixli arayış və ödədiyi pulların qəbzi verilmişdir ki, bundan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 437967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 557 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 423344 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 4599 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1914/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Bakı nikah evində xx.xx.2009-cu il tarixdə, 723 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1914/2024 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1914/2024 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. İddiaçı iddia tələbində cavabdehin hal-hazırda rəsmi iş yerinin olmadığını və aliment ödəmədiyini qeyd etmişdir. Cavabdehin rəsmi iş yeri olmadığından onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi iddiaçı üçün müəyyən çətinlik yaratmışdır. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşın çatana kimi cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 246 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, cavabdehin rəsmi iş yeri olmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulmasının iddiaçı üçün müəyyən çətinliklər yaratdığını, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 246 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli və 19 iyun 2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 19 iyun 2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar