Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3979/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMCdən, Psixoloji təzyiq vasitəsilə ilkin müqavilə öhdəliyini icra etməkdən yayınma məqsədilə, yeni, daha əlverişsiz "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlamaq yolu ilə vurulmuş 50000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ikinci müqavilənin etibarsız hesab edilməsi və onların hər birinə çatası mənzilin dəyərinin ¾ hissəsinin mövcud bazar qiyməti ilə dəyərinin əlavə olaraq ödənilməsilə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar uzun illərdir valideynləri ilə, sonra isə ailələri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Cəlil Məmmədquluzadə küçəsindəki fərdi yaşayış evi olan 49 nömrəli evdə doğulub böyüyərək yaşamışlar. Yaşadıqları fərdi yaşayış evi dəbdəbəli olmasa da orda onların unudulmayan xatirələri qaldı. Hər gün məhəllə uşaqları ilə birlikdə məktəbə gedib gələrkən, valideynlərinin sevgisini bu evlərdə görmüşlər. Bu evlər beləcə onların kiçik bir dünyası və qalası idi. İddiaçılar qeyd edir ki, evləri artıq yoxdur. Hərə bir tərəfə dağılıb. Onlara mülkiyyət hüququ əsasında məxsus olan mübahisəli, ünvan 2 ünvanı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-inci il tarixli, 274 saylı və xx.xx.2021-inci il tarixli, 150 saylı Sərəncamlarına əsasən "xxxx" MMC tərəfindən yeni layihələşdirilən binaların inşası üçün söküntüsü həyata keçirilmişdir. Yaşayış binaları sökülməzdən öncə, tikinti inşaatını aparan "xxxx" MMC-nin əməkdaşları bizə böyük vədlər verərək ilkin müqaviləni 20 avqust 2022-ci il tarixində müəyyən şərtlərlə razılığa gələrək bağlamışlar. Müqavilənin 3.bəndinin 3.1 yarımbəndində Layihəçi, ünvan 2 ünvanında yerləşən binanın bizə məxsus, 16 kv.m.sahəyə malik 1 otaqlı mənzilin sahəsinə 20% əlavə etməklə 18 kv.m.-dən ibarət mənzili, bina inşa edildikdən sonra birotaqlı mənzil verməyi, bina inşa olunub təhvil verilənədək bütün yaşayış xərclərinin ödənilməsini öhdəlik olaraq üzərinə götürmüşdür. Binaların söküntüsü və yeni binanın inşası 24 ay müddətində başa çatdırılması nəzərdə tutulmuşdur. Lakin, aradan iki ildən çox zaman keçdikdən sonra, cavabdeh tərəf fikrini dəyişərək, 2024-cü ilin yayından başlayaraq, onlara məxsus evlərin dəyərinin aşağı salınması yolu ilə kompensasiya verməyi təklif edərək, onlarla yenidən başqa bir müqavilə- "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlamağı təklif etdilər. Ona görə də, öncə onları ələ almaq istədilər ki, bazar qiymətindən aşağı kompensasiya ödəyərək, evi boşaldıb təhvil verək, bu baş tutmayanda, bizə hər cür psixoloji təzyiqlər göstərməyə, evi məhkəmə yolu ilə yıxacaqlarını, daha az vəsait ödəyəcəklərini, onlara qarşı heç nə edə bilməyəcəklərini bildirərək iddiaçılara psixoloji sarsıntı yaşatmağa başladılar. İddiaçılar qeyd edir ki, həm razılaşmaq istəmir və həm də qorxu hissi keçirirdilər. İddiaçının qardaşı Ələkbər qazi və müharibə veteranıdır. Döyüşlərdə sağlamlığını itirmişdir. Bundan başqa, sağlamlıqlarında müəyyən problemlər olduğuna görə həm müalicələri və həm də yaşamaqlarını təmin etməkdən ötrü borcları yarannmışdır, ona görə də məcburiyyət və psixoloji təsir qarşısında qalıb cavabdehin təklifini qəbul etmişlər. Kompensasiya kimi onlara 50 000 (əlli min) AZN manat verdilər. Cavabdeh MMC-nin hərəkətləri və əməlləri qanunsuzdur, ədalətsiz və doğru deyildir. Onlara verilən məbləğ, real bazar qiymətindən iki dəfə az olmaqla, təhqiramiz məbləğdir. Evləri şəhərin mərkəzində yerləşir. Onun real bazar qiyməti nəzərə alınmamışdır. İddiaçılar bildirir ki, bu əlli min manata, evlərinin yerində inşa edilən yeni evdə onlara vəd edilən və müqavilədə nəzərdə tutulan birotaqlı mənzili ödənilən həmin vəsaitə ala bilməzlər. Ona görə də Mülki Qanunvericiliyə uyğun olaraq kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Layihəçi cavabdeh, onların psixoloji vəziyyətindən istifadə edərək ədalətsiz istəyinə nail oldu. Şəhərin mərkəzindəki torpaq sahəsi ilə şəhərin kənarındaki torpaq sahələrinin qiymətləri onların yerləşdiyi ərazi ilə müəyyən olunur. Bu reallıq, həm bizim qanunvericiliyimizdə və həm də X16 Məhkəməsinin qərarlarında təsbit edilmişdir. Ona görə də düşünməsinlər ki, onları hər cür qanunsuz təzyiqlərlə aldada biliblər. 1 otaqlı mənzillərin qiyməti, şəhər mərkəzlərində həmişə çox yüksək olmuşdur. Ona görə də hesab edirlər ki, fərdi evlərinin mövcud real bazar qiyməti ən azı 100 000 (yüz min) manatdır. Əks halda, 20 avqust 2022ci il tarixli birinci müqavilənin şərtləri onlar üçün hələ öz qüvvəsini saxlayır. İlkin müqavilə bağlanarkən, onlara deyilmişdir ki, heç kimə kompensasiya vermirlər, ancaq 28 kv.metrlik tam təmirli mənzil tikərək verəcəklər. Eyni zamanda, iddiaçılara məxsus mənzilin sahəsinin 18 kv.m.kimi yazsalar da, faktiki ərazi 30 kv.m olmuşdur. Belə ki, evin divarlarının qalınlığı 1 metrə yaxın olmuş, sahəsi ölçülərkən evin çöl divarından deyil, iç divarından hesablanmaqla qanunsuzluq edilmişdir. Bundan başqa, mənzil sahələri ilə bağlı həm X10 Əliyevin Sərəncam və göstərişləri var və həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mənzil sahəsi az olan vətəndaşlara 20% əlavə mənzil sahəsinin verilməsi qərara alınmışdır. Sonradan ilkin müqavilə şərtlərini pozaraq, və iddiaçılara müxtəlif hədə-qorxu gələrək, cəmi 50 000 manat verilərək, söküntü işlərini tamamlamışlar. İddiaçıların aldadıldıqları yox, yeni əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edilməklərinin sübuta ehtiyacı yoxdur. Onlar hesab edirlər ki, "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" əsasında verilən 50 000 manat məbləği reallığı əks etdirmir. Əmlakın real bazar qiymətilə dəyəri 100 000 manatdır. Ona görə də cavabdeh tərəf əlavə olaraq iddiaçılara vurduğu ziyanı tam şəkildə ödəməlidir. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tamamilə əsassızdır və buna görə təmin edilə bilməz. Tərəflərə məxsus olmuş ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin onlara aid hissəsində xx.xx.2022-ci il tarixində K/029 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçıların birgə mülkiyyətində olan 16 kv.m sahəyə görə onlara kompenssiya olaraq ərazidə yeni tikiləcək binada sahəsi 18 kv.m olan mənzil təqdim edilməli idi. Daha sonra tərəflərin qarşılıqlı razılaşmasına əsaən fərdi yaşayış evində onlara məxsus paylar notarial qaydada xx.xx.2024 bağlanılmış müqavilələrə əsasən onlardan cəmi 50 000 manat pul kompensasiya ödənilməklə alınmışdır. Göründüyü kimi tərəflər ikinci müqaviləni bağlamaqla öhdəlikdə novasiyaya yol veriblər və buna görə də aralarında bağlanmış ilkin müqaviləyə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış ikinci müqavilədən göründüyü kimi, onlar bu cür əvəzetməni könüllü şəkildə notrariusun iştirakı ilə edirlər və bu müqavilənin bağlanılmasından 6 ay sonra məhkəməyə müraciət edirlər. Cavabdeh və iddiaçının hərəkətləri mülki hüquq ilə bağlı müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı hərəkətlərdir və bu hərəkətlərdə heç bir dələduzluq və ya aldatma halı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə K/029 saylı əvəzləşmə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, tərəflərin birgə mülkiyyətində olan 15 kvadratmetr sahəyə görə ərazidə onlara 18 kvadrat metr mənzil təqdim edilməli idi. Daha sonra 21 oktyabr 2024-cü il tarixdə tərəflər arasında fərdi yaşayış evində paylara uyğun olaraq müqavilə bağlanmış və onlara cəmi 50000 manat pul ödənilmişdir. İkinci müqavilə ilə ilkin müqaviləyə xitam verilmişdir. AR Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Qarşı tərəfin qeyd etdiyi aldatma, təzyiqin olması hallarının sübutetmə vəzifəsi qarşı tərəfin üzərinə düşür. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsindəki 7 otaq 106.2 kv.m yaşayış sahəsi, 147.9 kv.m ümumi sahəsi olan 49 saylı fərdi yaşayış evi 1 otaqdan 1/3 hissədə İddiaçı2, 1 otaqdan 1/3 hissədə İddiaçı1, 1 otaqdan 1/3 hissədə Sara Şirzad qızının, 1 otaq hissədə X8, 1 otaq hissədə X4, 1 otaq hissədə X2, 3 otaq hissədə X7 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı2 və İddiaçı1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış K/029 nömrəli əvəzləşmə müqaviləsinə əsasən layihəçi Bakı şəh., Yasamal Rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək Layihəçi Birgə Mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin Birgə Mülkiyyətçilər layihəçiyə 20 000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m əlavə yaşayış sahəsi alır. Əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən Layihəçi yekunda Birgə Mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m olan mənzili təhvil verməyi Mülkiyyətçi isə müqavilə üzrə üzərmə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 20000 manata almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı2 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 30000 manata almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X1 3 otaq 54.8 kv.m hissədə, X6 1 otaq 16.4 kv.m hissədə, X5 1 otaq 10.8 kv.m hissədə, X2 1 otaq hissədə, X3 1 otaqdan 1/3 hissədə, İddiaçı2 1 otaqdan 1/3 hissədə, İddiaçı1 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X6 1 otaq 16.4 kv.m hissədə, X9 3 otaq 54.8 kv.m hissədə, Cavabdeh 3 otaq hissədə müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən mübahisəli ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X1 3 otaq 54.8 kv.m hissədə, X6 1 otaq 16.4 kv.m hissədə, X5 1 otaq 10.8 kv.m hissədə, X2 1 otaq hissədə, X3 1 otaqdan 1/3 hissədə, İddiaçı2 1 otaqdan 1/3 hissədə, İddiaçı1 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 24 iyun 2021-ci il tarixli 150 nömrəli və 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsinin icarə əsasında iddiaçı Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Bundan sonra Cavabdeh MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2022-ci il tarixli, K/029 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi Bakı şəh., Yasamal Rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə (İddiaçı1 və İddiaçı2) məxsus 1 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək Layihəçi Birgə Mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin bu müqaviləyə əsasən birgə Mülkiyyətçilər layihəçiyə 20 000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m əlavə yaşayış sahəsi alır və əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən Layihəçi yekunda Birgə Mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m olan mənzili təhvil verməyi, Mülkiyyətçi isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçılara kompensasiya verməyi təklif edərək, onlarla daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamağı təklif etmişdir. Beləcə iddiaçılar bu təkliflə razılaşmış, nəticədə iddiaçılar paylı mülkiyyət üzrə onlara məxsus paylarının cavabdehə satılmasına, bunun müqabilində cavabdehin cəmi 50000 manat məbləğində kompensasiya verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ayrı-ayrılıqda İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqısatqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən satıcı İddiaçı1 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 20000 manata almışdır, eyni qaydada satıcı İddiaçı2 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 30000 manata almışdır. Nəticədə alıcı Cavabdeh birgə mülkiyyətçilərə 50000 manat verərək, onların paylı mülkiyyətində olan payları almışdır. Bundan sonra Cavabdeh müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır. Hazırda iddiaçılar mübahisəli mənzillə bağlı əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edilməklərinə və fərdi evlərinin mövcud real bazar qiymətinin ən azı 100000 manat olduğuna istinad edərək, Cavabdeh MMC-dən, psixoloji təzyiq vasitəsilə ilkin müqavilə öhdəliyini icra etməkdən yayınma məqsədilə, yeni, daha əlverişsiz "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlamaq yolu ilə vurulmuş 50000 manat maddi ziyanın iddiaçılara ödənilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mübahisəli ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X1 3 otaq 54.8 kv.m hissədə, X6 1 otaq 16.4 kv.m hissədə, X5 1 otaq 10.8 kv.m hissədə, X2 1 otaq hissədə, X3 1 otaqdan 1/3 hissədə, İddiaçı2 1 otaqdan 1/3 hissədə, İddiaçı1 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh iddiaçılara məxsus paylara uyğun olaraq mənzillə bağlı həm əvəzləşmə müqaviləsini, daha sonra tərəflərə təklif edərək daşınmaz əmlakın alqı-satqı müqaviləsini daşınmaz əmlakın mülkiyyətçiləri ilə bağlamışdır. Tərəflər ilk öncə əvəzləşmə müqaviləsini bağlamaqla bağlı razılığa gəlmişlər və iddiaçılara məxsus olmuş ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin onlara aid hissəsində xx.xx.2022ci il tarixində K/029 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə həmin müqaviləni bağlayaraq hər iki tərəf öhdəlik götürmüşdür. Daha sonra cavabdeh tərəf Cavabdeh MMC iddiaçılara kompensasiya verməyi təklif edərək, hər iki iddiaçı ilə ayrıayrılıqda alqı-satqı müqavilələri bağlamağı təklif etmişdir və tərəflər razılığa gələrək notarial qaydada bu müqavilələri bağlamışlar. Cavabdeh ümumilikdə fərdi yaşayış evində iddiaçılara məxsus paylar üçün 50000 manat məbləğində ödəniş edərək, mənzili almışdır. Belə ki, iddiaçılar iddia tələbində 20 avqust 2022-ci il tarixli birinci müqavilənin şərtlərinin onlar üçün hələ öz qüvvəsini saxladığını və tərəflər arasında bağlanmış ikinci alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişlər. Lakin tərəflər ikinci müqaviləni, yəni alqı-satqı müqavilələrini könüllü surətdə, notariusun iştirakı ilə öz sərbəst iradə ifadəsi ilə bağlamışlar. Göründüyü kimi tərəflər ikinci müqaviləni bağlamaqla öhdəlikdə novasiyaya yol vermişlər və buna görə də aralarında bağlanmış ilkin müqaviləyə xitam verilmişdir. Eləcə də Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K/029 nömrəli əvəzləşmə müqaviləsi və xx.xx.2024-cü il tarixli Alqısatqı müqavilələri Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iddiaçılar aldatma və təzyiqin olması hallarını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Yəni tərəflər arasında bağlanmış ikinci müqavilə aldatma yolu olmadan və psixoloji təzyiq olmadan bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmin Məcəllənin 531.3-cü maddəsinə görə əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçılar ilkin müqavilə üzrə öz üzərinə götürdükləri “əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu cavabdehə ödəmək” öhdəliyini də yerinə yetirməmişlər. İddia tələbinin “50000 manat maddi ziyanın Cavabdehndən tutularaq iddiaçılara ödənilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, zərərlə bağlı tələb üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçılara məxsus payını 50000 manat ödəyərək almış, iddiaçılar da öz növbəsində müvafiq əmlakı Cavabdeh mülkiyyətinə vermişdir. Bundan sonra müvafiq fərdi yaşayış evi sökülmüşdür. Belə olduğu təqdirdə, iddiaçılara ziyan vurulması faktı öz təsdiqini tapmır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3979/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3979/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver