Məhkəmə qərarları › İş №2(004)-3989/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3989/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3989/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı Firudin oğlunun, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Firudin oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin əvəzi olaraq 1500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 fevral 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış «Lada Qranata” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə onun etibarnamə ilə idarəçiliyində olan AUDİ 6 markalı avtomobilə zərər dəymişdir. Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi olaraq 410 manat məblğənin ödəniləcəyi bildirilmiş, halbuki onun avtomobilinə 3000 manata yaxın zərər dəymişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, AUDİ 6 minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adlı şəxsin mülkiyyətindədir və həmin şəxs tərəfindən verilmiş etibarnaməyə əsasən avtomobil iddiaçının idarəçiliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1.-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hesab edir ki, AUDİ 6 minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi X1 tərəfindən verilmiş etibarnamə əsasında iddiaçının idarəçiliyində olduğundan və iddiaçının həmin avtomobil barəsində yalnız mülkiyyətçinin adından müəyyən səlahiyyətləri həyata keçirmək hüququ olduğundan, öz adından avtomobilə dəymiş zərəri tələb etmək hüququ olmadığından iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar