Məhkəmə qərarları › İş №2(004)-3996/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3996/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3996/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı "alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X8 (bundan sonra – cavabdeh) qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 xx.xx.2006-cı il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixindən hər ay onun xeyrinə 270 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə xx.xx.2024-cü il tarixində rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X11 adlı övladları var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X10 ilə aralarında olan xx.xx.2004-cü il tarixli nikahları pozulmuş, birgə nikahlarından olan X7 onun yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat olmaqla, sabit pul məbləğində alimentin təyin olunması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş bu aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmədiyi üçün yenidən bir neçə dəfə məhkəməyə müraciət etmişdir. Bu məbləğ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 154 manat, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə 175 manat sonra isə 220 manat müəyyən edilmişdir. Hal-hazırda cavabdehlər birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X9 adlı övladları əqli xəstəlikdən əziyyət çəkir. Artıq onun 18 yaşı tamam olmaq üzrədir. O, əmək qabiliyyətinə malik deyildir. Onun özbaşına normal həyati ehtiyaclarını təmin etməsi mümkün deyildir. Artan qiymətlər, bahalaşan ərzaq məhsulları, uşağın digər saxlanılma xərcləri onun maddi durumunu kifayət qədər çətin vəziyyətə salır. O həmçinin, övladı ilə birlikdə kirayədə yaşayır və övladı əlilliyi ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olduğu üçün heç bir yerdə işləyə bilmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. O yalnız özü üçün yaşayır. O, valideynlik borcunu dərk etmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, övladının əmək qabiliyyəti olmadığından daimi qayğıya ehtiyacı var. Bu səbəbdən işləyə bilmir. Maddi yardıma ehtiyacı var.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bildirir ki, o, hal-hazırda səhhətilə əlaqədar olaraq işləyə bilmir. Həmin məbləği ödəməyə gücü çatmır. Qeyd edir ki, 2-ci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan 1 övladı var. Özü hal-hazırda 2-ci ailəsi ilə birlikdə kirayədə yaşayır. İndiyə qədər aliment ödənişlərini həyata keçirmişdir. 90 manat məbləğində borcu qalmışdır. Bu zamana kimi həmin alimenti zorla ödəmişdir və bu dəqiqə onun krediti və borcları var. Birinci nikahdan olan övladı ilə görüşmür. Aylıq olaraq 220 manat aliment ödəyirdi.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. xx.xx.2013-cü il tarixli, AZ-İ № 167011 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X10 və İddiaçı arasında Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 iyul 2006-cı il tarixli AZ-İ 781170 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 21 iyun 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası İddiaçıdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmənin nəticəsində orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ40 diaqnozu qoyulmuşdur, əmək zamənətsizdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4018/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1707/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmə tərəflərin izahatlarını materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən calideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

12. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015ci il tarixli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir.

14. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4018/2023 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. X3 yetkinlik yaşına çatmasına baxmayaraq, əmək qabiliyyətli deyil, eyni zamanda maddi yardıma ehtiyacı var. Qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini əsaslı hesab edərək 250 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.

16. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 270 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 270 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin əmək haqqının olmaması, ikinci nikahdan bir övladının olması nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir.

17. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.

18. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən yetkinlik yaşına çatmış əmək qabiliyyətli olmayan xx.xx.2006-ci il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır.

19. Alimentin tutulması X7 yetkinlik yaşına çatdığı dövrdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanılmalıdır.

V.Nəticə:

20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh X8 qarşı “aliment tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X5 yetkinlik yaşına çatmış əmək qabiliyyətli olmayan xx.xx.2006-ci il təvəllüdlü X2 üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar