Məhkəmə qərarları › İş №2(004)-4/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X8 və cavabdeh X3, onun nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-3917/2015 nömrəli məhkəmə əmri ilə kreditor “xxxx” KB ASC-nin X1na qarşı “kreditin və cərimənin ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi təmin edilmiş, 4.944,50 manat əsas borc, 253,29 manat faiz, 13,90 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 5.231,69 manat pul vəsaitinin xx.xx.1959-cu ildə Salyan şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X2 tutularaq “xxxx” KB ASC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və xx.xx.2015-ci il tarixdə icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. X1 xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)3917/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3917/2015 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC borcalan X5 istehlak məqsədləri üçün 44 ay müddətinə illik 32% ödəmək şərtilə 5.006 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka 4.944,5 manat əsas borc, 253.29 faiz borcu, 13.9 manat cərimə olmaqla, cəmi 5.211,69 manat borcu yaranmışdır. Bu səbəbdən bank məhkəmə əmrinin verilməsi üçün xx.xx.2015-ci il tarixdə məhkəməyə ərizə vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-3917/2015 nömrəli məhkəmə əmri ilə bankın ərizəsi təmin edilmişdir. Məhkəmə əmri qəbul olunandan sonra cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər müəyyən ödənişlər etmişdir, borcun məbləği azalmışdır. Azərbaycan Kredit Bürosunun verdiyi xx.xx.2019-cu il tarixli çıxarışda cavabdehin xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması qeyd edilsə də, həmin məlumatlar texniki səhv olaraq verilmişdir. Hazırda aparılmış dəqiqləşmədən sonra Azərbaycan Kredit Bürosu xx.xx.2020-ci il tarixdə yeni çıxarış vermişdir və cavabdehin xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 2.034,18 manat borcu olması çıxarışda öz əksini tapmışdır. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X6 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 2034,18 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC-dən istehlak məqsədləri üçün 44 ay müddətinə illik 32% ödəmək şərtilə 5.006 manat borc almışdır. Borcu vaxtında ödəyə bilmədiyinə görə, bank onu məhkəməyə vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)3917/2015 nömrəli məhkəmə əmrinə əsasən ondan bankın xeyrinə 4.944,50 manat əsas borc, 253,29 manat faiz, 13,90 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 5.231,69 manat pul vəsaitinin tutulması barədə göstəriş verilmişdir. O, Dəmiryolu xəstəxanasında tibb bacısı işləyir və orada işlədiyi müddətdə mühasibatlıq əmək haqqının bir hissəsini borcun ödənilməsinə yönəltmişdir. Sonradan işləmədiyinə görə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixə kimi hər ay 20 manat ödəyə bilmişdir. Daha sonra borcu ödəyə bilməmişdir. Hesab edir ki, borcunu tam ödəmişdir, 2034 manat borcu qalmasını qəbul etmir. Lakin banka olan borcunu tam ödədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh X3 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatından bildirdi ki, xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən xxxx” Kommersiya Bankı ASC ilə X4 44 ay müddətinə 5.006 manat kredit verilmişdir. X6 hissə-hissə borcun müəyyən hisəsini qaytarmışdır. Azərbaycan Kredit Bürosunun verdiyi xx.xx.2019-cu il tarixli çıxarışda cavabdehin xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması qeyd edilib. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 4371nkBANK/14 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC borcalan X3 istehlak məqsədləri üçün 44 ay müddətinə illik 32% ödəmək şərtilə 5.006 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə X3 xx.xx.2020-ci il tarixə banka 2.034,18 manat əsas borcu var. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi müəyyən ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdən sonra heç bir ödəniş etməmişdir. Azərbaycan Kredit Bürosundan verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən edilir ki, X1 “xxxx” Kommersiya Bankı ASC-dən 5.006 manat kredit götürmüşdür. X3 xx.xx.2014-cu il tarixli müqavilə üzrə “xxxx” Kommersiya Bankı ASC qarşısında aktiv öhdəliyi 2034.18 manat təşkil edir. Cavabdeh banka olan borcunu tam ödədiyini iddia etsə də, bu barədə yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdehin banka hazırda 2.034,18 manat əsas borcu qalması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 2.034,18 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.054,18 manat pul tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməli, cavabdeh X2 30 manat dövlət rüsumunun ödənilməmiş 10 manat hissəsi tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 xx.xx.2014-cü il tarixli 4371nkBANK/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 2.034,18 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.054,18 (iki min əlli dörd manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilsin. Cavabdeh X2 10 (on) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar