Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-40/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş 7440 manat zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehlərdən 2440 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Binəqədi- Mehdiabad yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi **-HO-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobili yol hərəkəti qaydalarını pozaraq iddiaçının mülkiyyətində olan “Volskvagen Multivan” markalı avtomobillə toqquşaraq ona 7440 manat zərər vurmuşdur. Odur ki, vurulmuş zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh yazılı vəsatət verərək iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki prosesdə tərəflərin məhkəmə iclasında iştirak etmək vəzifəsi yoxdur. İddiaçı tərəf sərəncamında olan zəruri sübutları məhkəmə təqdim etmişdir. Odur ki, iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi iddia tələbinin baxılmamış saxlanılması üçün əsas deyildir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə **-HO-*** dövlət Cavabdeh1, sürücüsü Cavabdeh2, zərərçəkən isə İddiaçı MMC olmuşdur. Sürücü Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3035-8/1180 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “Volskvagen Multivan” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7440 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə isə 5674 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/1969 nömrəli xx.xx.2024-cü il tarixli təkrar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, müvafiq metodika olmadığından təkrar ekspertiza rəyinin verilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü sürücü Cavabdeh2 münasibətdə yerinə yetirilir (inzibati məsuliyyyətə cəlb edilməsi və Cavabdeh2 özünün izahatına əsasən təqsirinin olması mülki işin mübahisəsi halıdır), mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Lakin, avtomobilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyətinin hüquqi və faktiki əsası müəyyən edilmir. Məhkəmə qərar qəbul edərkən subroqasiya tələbləri üzrə mübahisələr (həm icbari (müvafiq Qanunun 25.1.3-cü maddəsi), həm kasko sığorta (Bakı Apellyasiya Məhkəməsinin sonuncu hüquqi mövqeyinə əsasən) növü üzrə) üzrə məhkəmə təcrübəsini əsas götürür. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1108-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında sərgilənin hüquqi mövqeyin hazırki mübahisəyə tətbiq edilməsini əsaslı və ədalətli hesab etmir. Yəni, həmin qərarın əsaslandırma və qəbul edilmə motivləri, situasiyası hazırki mübahisədən əsaslı şəkildə fərqlidir. Ədalət nöqteyi-nəzərdən də sürücünün vurduğu zərərə görə mülkiyyətçinin məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilmir. Nəzərə alınmalıdır ki, qəza zamanı sürücü avtomobili etibarnamə əsasında (qanuni əsaslarla) idarə etmişdir. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə qüsur aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus “Volskvagen Multivan” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təmir-bərpa xərcinin müvafiq aşınma tətbiq edilməklə 5674 (beş min altı yüz yetmiş dörd) manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir. Ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla, iddia tələbi yalnız 674 (altı yüz yetmiş dörd) manat hissədə (5674-5000=674 manat) təmin edilə bilər. İddia ərizəsində tələb edilən məbləğin isə faktiki və hüquqi əsasları mövcud deyildir, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qərar qəbul edərkən formal əsaslarla deyil, mahiyyəti üzrə ədalətli qərar qəbul etməyi zəruri hesab edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 95 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 674 (altı yüz yetmiş dörd) manat pul və ödənilmiş 95 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 674 (altı yüz yetmiş dörd) manat pul və ödənilmiş 95 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-40/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-40/2025
07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver