Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4017/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4072/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 193 manat alimentin artırılaraq hər ay 235 manat miqdarında müəyyən edilməsi və məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına xx.xx.2012-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4072/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmış, hər ay 193 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, hüquqi xidmətə görə ödənilmiş məbləğ ümumilikdə 138 (99+39) manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. İddia tələbi üzrə mediasiya prosedurasına əməl edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Uşağı saxlamaq valideynlərin borcudur. Ailə və uşaqlar dövlətin himayəsindədir. Məhkəmə uşağın üstün mənafelərini əsas götürür. Barəsində aliment təyin edilən uşağın cəmi 1 (bir) nəfər olması əsas götürülməklə məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qətnaməsinin praktiki icrası təmin ediləcəkdir. Uşaqların sayı çox (2, 3 və s.) olsaydı məhkəmə cavabdehin gəlirini və məhkəmə qətnaməsinin icrası perspektivini nəzərə alaraq tutulacaq alimentin məbləğinə fərqli mövqedən yanaşa bilərdi. xx.xx.2012-ci il təvəllüdlü X1 yaşının və cari xərclərinin (təhsil, istirahət və s.) nisbətən çox olması və xərclərə hər valideynlərin effektiv qaydada cəlb edilməsi xüsusatı nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 50 manat və hüquqi xidmət müqabilində 138 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilməsi iddia olunan məbləğin 140 manat təşkil etdiyi qeyd edilsə də, müvafiq ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, ödənilmiş məbləğ 138 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İddia ərizəsinin tərtibatına əsasən müəyyən edilir ki, ərizə iddiaçı tərəfindən tərtib edilərək imzalanmışdır. Həmçinin, məhkəmə iclasında iddiaçı şəxsən özü iştirak etmişdir. Bu səbəbdən, iş materiallarına əsasən "xxxx" MMC-nin İddiaçı hər hansı hüquqi xidmət göstərməsi müəyyən edilmir. Bundan əlavə, həmin müqavilənin predmeti ümumi xarakterli olmaqla ümumi xidmətləri təklif edir, müqavilə ilə məhz hazırki mübahisə üzrə hüquqi xidmətin göstərilməsi xüsusatı müəyyən edilmir. Məhkəmə izah edir ki, mülki prosessual qanunvericiliyə əsasən, fiziki şəxsin nümayəndəsi yalnız vəkil və ya fiziki şəxsin yaxın qohumu çıxış edə bilər. "xxxx" MMC isə hüquqi şəxs olmaqla göstərilən kateqoriyaların heç birinə (vəkil və ya yaxın qohum) uyğun gəlmir. Beləlikdə, ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahından olan övladları xx.xx.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 193 manat miqdarında aliment artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 193 manat miqdarında aliment artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4017/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4017/2024
28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver