Məhkəmə qərarları › İş №2(004)-4025/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4025/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4025/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “iddia müddətini tətbiq etməklə kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “iddia müddətini tətbiq etməklə kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə xx.xx.2017-ci il tarixli, S-AVK-1772 saylı təhvil - təslim aktı ilə iddiaçı X1 adına olan 3920,68 ABŞ dolları məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-ci il tarixli, 0992 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 18 % tətbiq etməklə, 60 ay müddətinə 10 246 ABŞ dolları kredit götürülmüş və ipoteka müqaviləsinə əsasən «GEELY MK» minik markalı, ** VO *** dövlət qeydiyyat nömrəli avtomobil kredit öhdəliyinin təminatı qismində BANK qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" ilə Cavabdeh QSC arasında bağlanmış "Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən BANKİN problemli aktivlərinin tələb hüququ cavabdehə keçmişdir. xx.xx.2017-ci il tarixli, S-AVK-1772 saylı təhvil - təslim aktı ilə iddiaçı X1 xx.xx.2013-ci il tarixli, 0992 saylı kredit müqaviləsi üzrə 2731,43 ABŞ dolları əsas borc, 1189,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3920,68 ABŞ dolları məbləğində borcuna dair sənədlər cavabdehə təhvil verilmişdir. Cavabdeh QSC iddiaçı X2 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 3920,68 ABŞ dolları məbləğində borcun tutularaq Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın iddiaçı X1 mülkiyyətində olan «GEELY MK» minik markalı, ** VO *** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 6752/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi rədd edilmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən iddia müddəti ötürülmüşdür. Cavabdeh QSC Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6752/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2174/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh QSC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2174/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4192/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh BOKT müddəti ötürdüyü üçün məhkəmə cavabdehin iddiasını təmin etməmişdir. O, son illərdə ödəniş etməmişdir. Borcu olduğu kimi qalıb. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən heç bir ödəniş olunmayıb. İddia müddətinin ötməsi, iddiaçının borcunun silinməsinə əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC BOKT-un apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından görünür ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi X3 müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. X2 qarşı iddia tələbi isə məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.2-ci maddəsinə əsasən, məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən, məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Həmin Qaydaların 3.10-cu maddəsinə əsasən, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İşin hallarında görünür ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi X4 müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. X2 qarşı iddia tələbi isə məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı (bank) tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X1 Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı iddia müddətini tətbiq etməklə xx.xx.2017-ci il tarixli, S-AVK-1772 saylı təhvil-təslim aktı ilə iddiaçı X1 adına olan 3920,68 ABŞ dolları məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar