Məhkəmə qərarları › İş №2(004)-4027/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4027/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4027/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-6094 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat miqdarında müəyyən edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X5 təhsili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin hesabına ödədiyi 2404 manat təhsil haqqının yarısı olan 1202 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 təhsili üçün kurslara ödədiyi 1435 manat pulun yarısı olan 717,50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-6094/2014 saylı qətnaməsi ilə, övladları - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa görə 106 manat olmaqla, cəmi 212 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda 1 uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş alimentin minimum miqdarı 235 manat təşkil edir. 2014-cü ildən bəri isə həm yaşayış meyarları artmış, həm gündəlik təlabat mallarının və ərzaq mallarının qiyməti artmış, həm əmək haqqı, pensiya və müavinətlər artmış, həmçinin cavabdehin gəlirləri də artmışdır. Ona görə də hesab edir ki, övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və ehtiyaclarının təmin edilməsi üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Övladları xx.xx.2006-cı il təvəllüdlü X5 18 yaşı tamam olmuşdur və hal-hazırda o hərbi xidmətdədir. Övladları Rəsul 9-cu sinifi bitirəndən sonra Azərbaycan Memarlq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasına ödənişli əsaslarla qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2014cü il tarixədək kollecə 2404 manat təhsil haqqı ödəmişdir. Təhsil haqqını bankdan kredit götürüb ödəmişdir və bu günə qədər banka borcu vardır. Ona görə də hesab edir ki, övladları X5 təhsili üçün İnşaat Kollecinin hesabına ödədiyi 2404 manat təhsil haqqının yarısı 1202 manat pul cavabdehdən alınıb ona ödənilməlidir. Bundan başqa övladları xx.xx.2008-ci il təvəllüdlü X6 təhsil almaq üçün hazırlıq kurslarına getmişdir. Azəri hazırlıq kursuna 1075 manat pul ödəmişdir. Edulance kursuna isə 360 manat pul ödəmişdir və hal-hazırda da aylıq 90 manat pul ödəməyə davam edir. Ona görə də hesab edir ki, kurslara ödədiyi 1435 manat pulun yarısı 717,50 manat pul cavabdehdən alınıb ona ödənilməlidir. Daha sonra, Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə birgə nigahdan iki övladı - xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikahları məhkəmə qaydasında pozularaq hər uşağa 106 manat olmaqla, ümumilikdə 212 manat aliment müəyyən olunmuşdur. Daha sonra iddiaçı yeni iddia verərək uşaqların saxlanılması üçün alimetin artırılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali məhkəmə iddiaçının alimentin artırılmasına dair iddia ərizəsini təmin etməmişdir. Belə ki, o iki tərəfli xroniki koxlear nevriti 4 dar, neyrosensor ağır tipli eşitmə xəstəliyindən əziyyət çəkir. Baş beyin xəstəliyi keçirmişdir, kəllə beyin travması var. Bununla əlaqədar olaraq dövlət tərəfindən ona 3-cü dərəcəli əlillik müəyyən olunmuşdur. 18 yaşı tamam olmuş övladı X5 təhsil haqqının ödənilməsinə maddi imkanı yoxdur, 16 yaşı tamam olmuş qızı X1 üçün hər ay 106 manat aliment ödəyir. Öz dərmanlarını almağa pul tapa bilmir. 3-cü dərəcəli əlilliyə görə aldığı pul vəsaiti cəmi 130 manat təşkil edir. Eyni zamanda ikinci dəfə ailə quraraq X4 ilə rəsmi nigaha daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 3-cü qrup əlildir. Maddi vəziyyəti yaxşı deyil. Yenidən ailə həyatı qurmuşdur. Həyat yoldaşı əvvəllər işləyib alimentin ödənilməsinə ona kömək etsə də, hazırda onkoloji xəstədir və işləmir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı 998815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1713 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı 105317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1381 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı 111295 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 295 nömrə ilə qeyd aparılmışdır. İş materialalrında olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, kollecin “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisası üzrə 191a1 qrupunda təhsil alan tələbə X5 xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş təhsil haqqı 2100 manat, akademik borca görə ödənilmiş məbləğ 304 manat təşkil etmişdir. İş materiallarında olan “X7” MMC-nin mədaxil orderi qəbzlərindən görünür ki, Şükran Əliyevanın hazırlığı ilə bağlı Azəri hazırlıq kursuna 2022-ci ilin avqust ayından 2023-cü ilin aprel ayları arasında 1075 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Edulance” tədris kursunun xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli mədaxil orderi qəbzlərindən görünür ki, Şükran Əliyevanın hazırlığı ilə bağlı tədris kursuna hər qəbz üzrə 90 manat olmaqla, cəmi 360 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6094/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün hər ay 50 manat sabit pul məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 106 manat olmaqla, cəmi 212 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Arayışından görünür ki, xx.xx.2016-cı il tarixli müayinənin nəticəsinə uyğun olaraq Cavabdeh müddətsiz olaraq 3-cü dərəcəli əlillik müəyyən olunmuşdur. Yüngül işlərdə işləyə biləcəyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5858/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4811/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanması qərara alınmışdır. Qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4811/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4811/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 11841/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7068/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü liyeva Şükran İlham qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin “xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-6094 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat miqdarında müəyyən edilməsi” hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 10 il vaxt keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, cavabdehin 3-cü qrup əlilliyini nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilən məbləğ işin halları nəzərə alınmaqla ağlabatan hesab edilə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin “xx.xx.2006-cı il təvəllüdlü X5 təhsili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin hesabına ödədiyi 2404 manat təhsil haqqının yarısı olan 1202 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 təhsili üçün kurslara ödədiyi 1435 manat pulun yarısı olan 717,50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəalarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaq üçün də həmin halların şamil edilməsini istisna etməmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik ailment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Buradan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Yuxarıda sadalananlardan da müəyyən olunan odur ki, məhkəmə tərəfindən əlavə xərclərdən yalnız yetkinlik yaşına çatmamış uşağın sağlamlığı ilə əlaqəli olan, iddiaçı tərəfindən ödənilmiş və iş materialları ilə öz təsdiqini tapa bilən vəsaitin yarısı cavabdehdən tutula bilərdi. Lakin iş materiallarından da görünən odur ki, cavabdehdən tutulması tələb edilən vəsait təhsil xərcləri ilə əlaqədar vəsaitlərdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir, tələbdə qeyd olunan əlavə xərclər sağlamlıqla bağlı xərclər olsaydı belə, ilk əvvəl cavabdehin maddi vəziyyəti nəzərdən keçirilməli və yalnız cavabdehin maddi və sağlamlıq vəziyyəti buna yol verəcəyi təqdirdə onun əlavə xərclərə cəlb edilməsi təmin edilə bilərdi. Hazırki halda isə iş materialları ilə də təsdiq olunur ki, cavabdeh 3-cü qrup əlil olmaqla, onun yalnız yüngül işlərdə işləyə biləcəyi tibbi sosial ekspert komissiyasının arayışında qeyd edilmişdir. Cavabdehin aylıq olaraq aliment ödəməsi ilə yanaşı əlavə xərclərə də cəlb edilməsi onun maddi cəhətdən vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2006-cı il təvəllüdlü X5 təhsili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin hesabına ödədiyi 2404 manat təhsil haqqının yarısı olan 1202 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 təhsili üçün kurslara ödədiyi 1435 manat pulun yarısı olan 717,50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mediasiya xərcinin cavabdehdən tutulması hissəsində də təmin edilməli, mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Cavabdeh hər ay cəmi 212 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6094/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 10 il vaxt keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etdiyini və cavabdehin maddi və sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6094/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6094/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar