Məhkəmə qərarları › İş №2(004)-4045/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4045/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4045/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehlərdən əsas borc üzrə 7532,66 manat, faiz borcu üzrə 1205,48 manat, cəmi 8738,14 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, “xxxx" ASC-nin Müştəri Xidməti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 10000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-ü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin kreditin təminatı kimi zamin Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas borc üzrə 7532,66 manat, faiz üzrə 1205,48 manat, cəmi 8738,14 manat məbləğində borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddianın təmin olunmasın xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi X6 izahat verərək bildirir ki, iddia tələbini qəbul edir. Maddi imkanı olmadığı üçün ödəyə bilmir. Güzəşt olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli “xxxx ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Fərmanının 2.3.1-ci bəndinə əsasən İddiaçı BOKT QSC “xxxx” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək vəzifəsini yerinə yetirir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, № 121-xx.xx.2014-SM33 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə illik 22% ödəmək şərtilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №121-xx.xx.2014-SM33 zəmanət müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, № 121xx.xx.2014-SM33 saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 7532,66 manat məbləğində əsas borc, 1205,48 manat mələğində məbləğində faiz borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). İş materiallarından görünür ki, olan “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2014cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 714 saylı kredit müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 36 ay müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, kreditor tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2017-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun Cavabdeh2dən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas və faiz borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 7532,66 manat, faiz üzrə 1205,48 manat, cəmi 8738,14 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı “İddiaçı» BOKT QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 7532,66 manat, faiz üzrə 1205,48 manat, cəmi 8738,14 (səkkiz min yeddi yüz otuz səkkiz manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar