Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4059/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 9.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1000 manat və 10000 ABŞ dolları borc və ona vurduğu maddi və mənəvi zərərə görə 500 manat pulun Cavabdeh onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirir ki, o, 19.12.2019-cu il tarixdə rəsmi olaraq Bakı Şəhəri 53 saylı Notariat kontorunda Cavabdeh ilə 3 ay müddətə olmaq şərti ilə kredit müqaviləsi bağlamaqla notariusun vasitəsi ilə cavabdehə 1000 manat və 10000 ABŞ dolları pul vermişdir. Lakin cavabdeh borcunu etiraf etsə də, öhdəliyinə əməl etməyərək borcunu qaytarmamışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh 19.03.2020-ci il tarixədək qaytarmaq şərti ilə 1000 (min) manat və 10000 (on min) ABŞ dolları məbləğində borc verilmişdir. Beləliklə, tərəflər arasında 1000 manat və 10000 ABŞ dolları verilməsi barədə borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək məhkəməyə öz subutlarını təqdim etməmişdir. Məhkəmə iddia tələbini cavabdehdən 1000 manat və 10000 ABŞ dolları borcun tutulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı eyni zamanda, cavabdehdən ona vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq 500 manat tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki iddiaçı maddi və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş etsə də, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini sübut edə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19.12.2019cu il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4059/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4059/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver