Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4061/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 29 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün bir uşağa görə, sabit pul məbləğində 160 (yüz altmış) manat olan alimentin miqdarı 60 (altmış) manat artırılaraq, 220 (iki yiiz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə çəkdiyi xərcə görə, Bakı 2 saylı Mediasiya Təşkilatı 50 (əlli) manat Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 29 sentyabr 2017-ci il təvəllüdlü X7 adlı qızı anadan olmuşdur. Cavabdeh bir neçə il birgə yaşadıqdan sonra, onu məhkəməyə verərək, aralarında olan nikahlarının pozulmasına dair iddia tələbi irəli sürmüşdür, bu zaman o da, ona qarşı qarşılıqlı iddia tələbi irəli sürərək, uşağın ananın yanında saxlanması və 29 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün alimentin sabit pul məbləğində 160 manat, 3 yaşı tamam olanədək 100 manat məbləğində tutularaq mənə ödənilməsi tələbi ilə mhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (işə baxan hakim Məhəmməd Rüstəmli) xx.xx.2019-cu il tarixdə işə baxılmış, ilkin iddia tələbi təmin edilərək, aralarında olan 14 oktyabr 2016-cı il tarixdə 3 saylı «Bakı ASAN» xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4253 № ilə qeydə alınmış nikah pozulmuş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, 29 sentyabr 2017-ci il təvəllüdlü X7 anası X5 yanında saxlanılmış, 27 dekabr 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatına qədər saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi və 27 dekabr 2018-ci il tarixdən başlayaraq, X4 3 yaşı tamam olana qədər Cavabdeh hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Xüsusən qeyd etmişdir ki, hal-hazırda azyaşlı uşağı onunla qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat aliment çox az olduğundan alimentin artırılmasına dair əvvəlcə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müraciət etmişdir. Orada onun müraciətinə əsasən mediator təyin edildi, mediatora onun tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmiş, MŞB/2-2727/2023 nömrəli, xx.xx.2023-cü il tarixdə, Bakı 2 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 160 (yüz altmış) manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 60 (altmış) manat artırılaraq, bir uşağa görə 220 (iki yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 2 saylı Mediyasiya Təşkilatı çəkdiyi 50 (əlli) manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə, onun Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası tam əsaslı olduğundan təmin olunmalıdır. Ona görə də, bu işin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Həsənli X8 Rayon Məhkəməsinə müraciət edərək, onların birgə nikahından olan 29 sentyabr 2017-ci il təvəllüdlü X2 üçün aliment məbləğinin 60 manat artırılaraq aylıq 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi, 50 manat mediasiya haqqının ondan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğu üçün təmin edilməməlidir və bununla bağlı aşağıdakı xüsusatları bildirmişdir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan övladı X2 üçün ondan hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, həmin məbləği çox çətinliklə ödəyir. Çünki, uzun müddətdir ki, heç bir yerdə işləmir. İşsiz olmağına dair müvafiq arayışı etiraza əlavə edib məhkəməyə təqdim edir. Maddi vəziyyəti çox ağırdır. Həmin alimenti də güc-bəla ilə ailə üzvlərinin köməyi ilə ödəyir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Hesab edir ki, uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsi alimentin də artırılaraq 220 manat müəyyən edilməsinə səbəb olmamalıdır. Yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, o, işləmirsə və buna rəğmən uşağın saxlanması üçün hər ay 160 manat aliment məbləği ödəyirsə, uşağın əmək qabiliyyətli anası, yəni iddiaçı da uşağın saxlanması xərclərində onunla eyni qaydada iştirak etməlidir. Yəni, əgər 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilibsə və bunun 160 manat hissəsini o, ödəyirsə, digər qismini, yəni 60 manat hissəsini iddiaçı qarşılamalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla əlaqədar qeyd etmişdir ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 2022-ci ilin sentyabr ayından, yəni bir ilə yaxındır ki, aliment ödəmir və onun 5000 manat borcu yığılmışdır. Bildirmişdir ki, cavabdehin işləyib-işləməsinin uşağa aidiyyatı yoxdur, o, alimenti ödəməlidir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən keçən ilin sentyabr ayından cavabdeh tərəfindən alimentin ödənilməməsi barədə qeyd etdiyi mülahizələr yanlışdır, cavabdeh tərəfindən ödənişlər olunur. Bildirmişdir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, yaşayış minimumun 193 manatdan 220 manatadək artması, alimentin artırılmasına dəlalət etmir. Qeyd etmişdir ki, 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə 160 manat sabit pul məbləğində aliment qət edilmiş, tərəflərin maddi vəziyyətində heç bir dəyişiklik yoxdur, “Dost” Mərkəzi tərəfindən verilmiş arayışa əsasən cavabdeh işləmir və həmin arayış məhkəməyə təqdim olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş bir maddəyə əsasən, uşağı saxlamaq həm ananın, həm də atanın borcudur. Odur ki, məhkəmədən iddia tələbinin 193 manat miqdarında təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh ilə X9 arasında 14 oktyabr 2016-cı il tarixdə 3 saylı “Bakı ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4253 № ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, 29 sentyabr 2017-ci il təvəllüdlü X4 anası X5 yanında saxlanılması, 27 dekabr 2018-ci il tarixdən başlayaraq 29 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, 27 dekabr 2018-ci il tarixdən başlayaraq X4 3 yaşı tamam olana qədər Cavabdeh hər ay 30 (otuz) manat məbləğində alimentin tutularaq X6 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına verilməlidir. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən onu da nəzərə alır ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsində qismən təmin olunmalı, 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına ödənilməli, qalan 25 manatı isə iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutularaq iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızına ödənilsin, qalan 25 manatı isə iddiaçı Həsənli (İmranlı) Nəzrin Eldar qızının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4061/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4061/2023
25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver