Məhkəmə qərarları › İş №2(004)-4073/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4073/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4073/2021 20.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı “Mətanət A” şirkətinin cavabdeh X3 qarşı “borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Mətanət A" şirkəti cavabdeh X3 qarşı “borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.046,01 manat əsas borc, 10.046,01 manat cərimə olmaqla cəmi 20.122,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.046,01 manat əsas borc, 10.046,01 manat cərimə olmaqla cəmi 20.122,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə aralarında bağlanmış 300/17 saylı, 27.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01.02.2020-ci il tarixində imzalanmış "‘Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsədə, lakin indiyədək 10.046,01 manat borc qalığını ödəməmişdir. Onunla bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərmişdir ki, cavabdeh məhkəmədə işə baxıldığı dövrdə 4.000 manat ödəniş etmiş və hazırda onun şirkətə 6.046,01 manat əsas borcu və 6046,01 manat penya borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında iddiaçıya 6.046,01 borcu qaldığını etiraf etmiş və həmin məbləği ödəmək üçün ona 3 ay vaxt verilməsini və cərimə borcunun silinməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 739-cu və 1306.1-ci maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, “Mətanət A” şirkəti (satıcı) ilə X4 (alıcı) arasında bağlanmış 27.07.2017-ci il tarixli, 3000/17 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokolunda göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. “Mətanət A” şirkəti ilə X4 arasında bağlanmış 01.02.2020-ci il tarixli, 1447 saylı “Öhdəliklərin qarşılıqlı tanınması akt”ının surətindən göründüyü kimi, cavabdeh 32.103,13 manat borcunun olduğunu etiraf etmişdir. 08.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, “Mətanət A” şirkəti tərəfindən X3 verilmiş 96.362,86 manat dəyərində malların dəyərindən cavabdeh tərəfindən 86.316,85 manat ödəniş edilmiş, 10.046,01 manat əsas borcu qalmışdır. “Mətanət A” şirkəti ilə X4 arasında bağlanmış 27.07.2017-ci il tarixli, 3000/17 saylı alqısatqı müqaviləsinin 6.2-ci bəndinə əsasən cavabdehə, pulun ödənilməsinin gecikdirilmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində olmaqla 6.046,01 manat cərimə məbləği hesablanmışdır. 21.04.2021-cı il tarixli borcun ödənilməsi barədə pretenziyanın surətindən müəyyən olunur ki, cavabdeh borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmiş və bununla da mübahisənin məhkəməyə qədər həlli qaydalarına riayət olunmuşdur. Məhkəmə hesab edir ki, satıcı-iddiaçı “Mətanət A” şirkəti 27.07.2017-ci il tarixli, 3000/17 saylı müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmək vəzifəsini icra etməyən cavabdeh X1 verilmiş malların ödənilməsini tələb etdiyindən, iddia qismən təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 6.046,01 manat cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə 6.046,01 manat dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 100 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 6046,01 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 6146,01 (altı min bir yüz qırx altı manat 01 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “Mətanət A” şirkətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar