Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4082/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) - X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilən aliment məbləğinin artırılıb 193 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ilin oktyabr ayında ailə həyatı qurmuşdur. Rəsmi nikahları xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Cavabdeh onlara baxmaqdan imtina edir, heç bir maddi və mənəvi kömək göstərmir. Maddi vəziyyəti çox ağırdır, çətinlik çəkir və cavabdeh ona aliment ödəməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1100/2014 saylı 12 fevral 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləği olaraq 100 manat pul vəsaitinin tutularaq öna verilməsi qət edilmişdir. Hazırda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) - X5 iddia ərizəsinə uyğun məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və o, izahatında bildirdi ki, iddiaçı cavabdehlə boşandıqdan sonra onun himayəsində qalır, maddi vəziyyətləri yaxşı deyildir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. O, izahatında əlavə olaraq bildirmişdir ki, uşaq xəstə olmaqla bel fəqərəsində əyriliklə bağlı müalicə alır. Uşağın xəstəliyi ilə bağlı iddiaçının xərci kifayət qədər çox olduğundan onun saxlanılmasında əziyyət çəkir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1458/2020 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği 170 manat müəyyən edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəməkdən yayındığına görə 2022-ci ilin fevral ayına 5400 manat aliment borcu yaranmış, daha sonra iki dəfə 170, sonuncu dəfə isə 250 manat ödəniş etmişdir, artıq 3 aydan artıq müddətdir ki, cavabdeh aliment ödəməkdən boyun qaçırır. Verilmiş suallar əsasında həmçinin bildirdi ki, İddiaçı orta məktəbdə ədəbiyyat müəllimi işləyir lakin cavabdehin gəlirləri barədə hər hansı sübutu yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, cavabdeh işləmədiyinə görə hal-hazırda gəlir mənbəyi yoxdur. O, cavabdehin iş yerinin olmamasına dair AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzinin arayışını məhkəməyə təqdim edərək bildirdi ki, işin faktiki halları ilə sübuta yetirilir ki, cavabdehin hazırda hər hansı gəlir yeri yoxdur. Bunun məntiqi nəticəsi olaraq, o, hazırda məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş 170 manat aliment məbləğini ödəməkdə çətinlik çəkir və icra sənədi üzrə hazıradək 5000 manata yaxın borcu yaranmışdır. Həmçinin cavabdehin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişi” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh uzun müddət aliment borcuna görə axtarışda olmuş, lakin axtarışda olmasına baxmayaraq 2019-2022ci illər ərzində mütəmadi olmasa da müəyyən vaxtlarda aliment ödənişi etmişdir. Sonuncu dəfə cavabdeh 20 fevral 2022-ci il tarixdə könüllü olaraq Yasamal rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Hazırda aliment miqdarının artırılması cavabdehin iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdır. Cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda aliment miqdarının artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1458/2020 saylı qətnaməsi ilə aliment miqdarı 170 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı 2021-ci il tarixdə yenidən alimentin artırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3546/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, həmçinin uşağın saxlanılması hər iki valideynin vəzifəsidir. Hazırda isə həmin qətnamə qəbul edildiyi vaxtdan cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik yoxdur. Buna dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı işin halları ilə sübut edilir ki, İddiaçı özü hal-hazırda orta məktəbdə ədəbiyyat müəllimi işləyir, sinif rəhbəri kimi əmək haqqına əlavə məvacib alır və repititorluqla məşğul olmaqla əlavə qazanc yeri vardır. Hesab edir ki, uşağın qayğısına qalmaq hər iki valideynin borcudur, ona görə də iddiaçının cavabdehdən tutulan aliment məbləğinin artırılması tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 noyabr 2012-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1496 nömrə ilə qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 2(004)- 5920/2013 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğdə alimentin və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2014-cü il tarixli 2(103)-1100/2014 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 2(004)- 5920/2013 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən şikayət qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 2(004)-5920/2013 saylı qətnaməsinin qismən, yəni uşağın 3 yaşına çatanadək saxlanması üçün müəyyən edilən 40 manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6006/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilərək Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 2(004)- 5920/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(103)-2648/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6006/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6006/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3657/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi təmin edilərək cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin miqdarının artırılması və cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1458/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 3657/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzinin 28 iyul 2022-ci il tarixli **********3 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri ümumi təhsil məktəbində “müəllim” vəzifəsində işləyir və aylıq gəliri 1002 (bir min iki) manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 170 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, Cavabdeh iş yeri və hər hansı qazanc yeri yoxdur. Buna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimenti ödəməkdə çətinlik çəkməklə, onun icra sənədi üzrə 5000 manata yaxın məbləğdə borcu vardır. Hazırda aliment məbləğinin artırılması cavabdehin vəziyyətini daha da ağırlaşdırmaqla, gələcəkdə məhkəmə qətnaməsinin də icra edilməsini çətinləşdirir. İddiaçı isə daimi iş yeri olmaqla aylıq sabit qazancı 1002 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iş yeri barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və İddiaçı daimi olaraq iş yeri olduğundan, həmçinin uşaqların saxlanması hər iki valideynin öhdəliyi olduğundan, hazırda cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmağından iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4082/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4082/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver