Məhkəmə qərarları › İş №2(004)-409/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-409/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-409/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 24580 manat məbləğində pulun eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh oğlunun nişanlısıdır. Nişandan bir müddət sonra cavabdeh ondan işi ilə əlaqədar 5000 manat məbləğində borca pul istəmişdir. Gələcək gəlninin çətin vəziyyətdə olmasını görərək, ona əlbəəl 2000 manat məbləğində borca pul verdi. Bu hadisədən bir müddət sonra cavabdeh işlərinin yolunda olmadığını və işdən çıxaracaqlarını ona bildirərək yenidən ondan külli miqdarda pul iştəmişdir. Cavabdehin istədiyi məbləğdə pul onda olmadığına görə evi girov qoyaraq bankdan öz adına pul götürməyini təklif etdi. Cavabdeh hərbi hissədə xidmət göstərir. O da ailə münasibətlərini nəzərə alaraq, cari ilin 12 mart 2024-cü il tarixdə bankdan 18000 manat pul məbləğində kredit götürmək üçün müraciət etdi. Rəsmi iş yeri olmadığına görə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzili girov qoymaqla bankdan 18000 manat məbləğində pul götürərək həmin pulu əlbəəl cavabdehə verdi. Cavabdeh həmin krediti mənzilini girov qoyaraq götürdüyünü və hər gecikdirilən gün üçün 18 manat məbləğində faiz hesablandığından məlumatlı idi. Belə ki, ona olan borcunu 3 ay ərzində ödəyəcəyini bildirmiş, həmin 3 ay müddətində də aylıq kredit məbləğini vaxtı-vaxtında ödəyəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Aralarında yaranmış inam, etibar və ailə münasibətlərinə dayanaraq şifahi razılaşmamızı rəsmiləşdirməyə ehtiyac bilmədilər. Bundan başqa cavabdeh Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şirniyyat mağazası işlədir. Oğlu da gələcək həyat yoldaşına kömək məqsədilə həmin şirniyyatların mağazalara təhvil vermək üçün həmin şirniyyat mağazasına məxsus avtomobilini idarə edirdi. Həmin ərəfələrdə həmin maşın nasaz olmuş, onun təmiri üçün 1500 manat məbləğində pula ehtiyac var idi. Təmir üçün cavabdehə 1500 manat məbləğində pulu da əlbəəl cavabdehə verdi. Göründüyü kimi o, cavabdehə ayrı-ayrı vaxtlarda ümumi 24580 manat məbləğində borca pul vermişdir. Hal-hazırda cavabdehə pulları verdiyi vaxtdan, həm kreditin rəsmiləşməsindən, həmçinin əlbəəl borc pulun ona verilməsindən 7 aya yaxın müddətin keçməsinə baxmayaraq, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcları ödəməkdən səbəbsiz bəhanələrlə boyun qaçırır. Bu barədə cavabdehlə dəfələrlə telefon danışıqları olmuşdur. Həmçinin “Whatsapp” adlanan sosial şəbəkə vasitəsilə səsli danışıqlar və yazışmalar zamanı cavabdeh borcunu tez bir zamanda ödəcəyini bildirmişdir. Həmin səs yazıları və yazışmalar iddianın əyani sübutudur. Belə ki, bankla onun arasında bağlanmış müqavilə öhdəlikləri düzgün şəkildə yerinə yetirilmədiyinə görə borc məbləği 21080 manat təşkil edir. Həmin kreditin təminatı olaraq hal-hazırda yaşadığı və mülkiyyətində olan yeganə tək mənzil həmin bankda girovdadır. Hesab edir ki, cavabdeh ona olan borcunu dərk etməli və ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 mart 2024-cü il tarixli, 4637/2024 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən İddiaçı illik 43,80% dərəcəsi ilə 36 ay müddətinə 18200 manat məbləğində kredit verilmişdir.

8. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0,099 ha torpaq sahəsində yerləşən 47 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 67,04 m2 ümumi, 47,31 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici Daşınmaz Əmlakın real bazar münasibətlərinə uyğun xx.xx.2024-cü il tarixində bazar dəyərinə əsasən 74000 manat məbləğində qiymətləndirilmişdir.

9. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 mart 2024-cü il tarixli, 4637/2024-İP nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda isifadədə olan 0,099 ha torpaq sahəsində yerləşən 47 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 67,04 m2 ümumi, 47,31 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzili 12 mart 2024-cü il tarixli 4637/2024 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" BOKT MMC xeyrinə ipoteka ilə yüklü etmişdir.

10. Cavabdeh Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə verdiyi izahata əsasən müəyyən olunur ki, Əşrəfov İlkinlə nişanları və qız toyu olub. Oğlan toyundan sonra birlikdə ticarət biznesi qurmaq üçün pul lazım olduğundan onun anası X1 borca pul istədilər. O onlara "xxxx" BOKT MMC 15000 manat pul götürərək İlkinlə ona verdi. Aybaay 790 manat olmaq şərtilə hər ay banka ödənişi onlar edirdilər. 4 ay ödədikdən sonra 2 ay ödəyə bilmədilər. Onların faizlərlə birlikdə 18000 manat borcu qalmışdır. Onlar həmin pulu ticarət məqsədilə yönəltmişlər. Borcu qaytaracaqlarına dair söz verirlər.

11. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 59-8/2-9648 nömrəli məktubuna əsasən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun anası, cavabdeh nişanlısıdır. Cavabdehin iş yerində yaranan problemlə bağlı ondan pul istəmişlər. Həmin məsələni ona danışmış və o da anasına bildirmiş, evlərinə girov qoymuşlar. Sonra cavabdeh "xxxx" BOKT ASC-də tanışı olduğunu və onlara kredit verəcəklərini bildirmişdir. Bankda işləyən şəxs 18000 manat pul çıxartmış, 15000 manatı onlara vermiş, 3000 manatı isə özünə götürmüşdür. Daha sonra cavabdehlə görüşüb pulu ona vermişlər. Sonradan cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh 1 ay, 1 ay yarım ödənişləri etmiş, daha sonra ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Cavabdeh pulu onunla iş qurmaq üçün deyil, öz işi ilə bağlı götürmüşdür. Cavabdehlə biryerdə hər hansı sahibkarlıq fəaliyyətinə pul qoymamışdır.

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

17. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsin əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

21. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

22. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

23. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı və cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə arasında nömrəli kredit müqaviləsi bağlayaraq 18200 manat məbləğində kredit götürərək həmin məbləği cavabdehə vermiş, cavabdeh həmin kredit müqaviləsi üzrə borcun qaytarılmasını öz üzərinə götürmüş və müəyyən ödənişlər etmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Hazırda iddiaçı cavabdehdən aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə 24580 manat məbləğində pulun tutulmasını tələb edir.

24. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətidir. Baxmayaraq ki, qanunvericilikdə fiziki şəxslər arasında 3000 manatdan çox məbləğdə bağlanan borc münasibətlərinin yazılı formada bağlanması tələb edilsə də, lakin tərəflər arasında yaranmış münasibət mahiyyət etibarilə borc münasibəti olduğundan məhkəmə borc müqaviləsi ilə bağlı qanunvericilik normalarının tətbiqi əsaslı hesab edir.

25. Belə ki, cavabdehin iddiaçıya 18000 manat məbləğində borcunun olması cavabdehin Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə verilmiş izahatı və iddiaçı tərəfindən təqdim olunmuş diskdə olan səs yazıları ilə sübuta yetirilir. Cavabdeh Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə verdiyi izahatda pulun iddiaçının oğlu ilə birlikdə sahibkarlıq məqsədilə əldə edildiyini qeyd etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının oğlu X5 pulun cavabdehin öz şəxsi işində yaranan problemi həll etmək məqsədi ilə istifadə olunduğunu bildirmiş, həmin hal iş materiallarına əlavə olunmuş səs yazıları ilə də sübut olunmuşdur. Cavabdeh isə məhkəmə iclaslarından məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, zəruri sübutlarını məhkəmə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, pulun qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşdüyündən və cavabdeh bunu sübuta yetirə bilmədiyindən iddia 18000 manat məbləğində borcun qaytarılması hissəsində təmin edilməlidir.

26. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 1500 manat və 2000 manat olmaqla əlbəəl borc verdiyini bildirsə də, həmin halı sübut edə bilməmişdir. Bundan başqa iddiaçı 18000 manat məbləğində kreditin ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi nəticəsində həmin məbləğə faizlərin hesablandığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

27. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

30. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

31. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

32. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

33. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

34. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin olunan hissəsinə müvafiq olaraq 144 manat hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 18000 manat məbləğində pul və 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar