Məhkəmə qərarları › İş №2(004)-4162/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4162/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4162/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının onun xeyrinə artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə ailə qurmuş və bu nikahdan bir övladı- xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Münasibətləri pis olduğundan ayrılmış, uşaq da onun himayəsində qalmışdır. Xaçmaz Rayon Məhkəməsində onun aliment tələbinə dair iddiasına baxılmış və cavabdehin əmək haqqından aliment tutulmuşdur. Kartına hər ay 40 manat aliment köçürülür. Cəmi 40 manat alimentlə uşağı saxlamaq çox çətindir. Uşaq böyüdükcə onun tələbatları da çoxalır. Himayəsində xəstə qızı da vardır. Qeyd etdiklərinin nəzərə alınıb Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının onun xeyrinə artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, hal-hazırki 40 manat aliment məbləği uşağı saxlamağa kifayət etmir. Sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, onda olan məlumata görə iddiaçı işləmək üçün Türkiyəyə gedib gəlir. Mənzillərdə təmizlik xidməti işləri ilə məşğul olur. Rəsmi gəlir yeri yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, hal-hazırda əvəzedici olaraq aşbaz kimi çalışır. Lakin hər zaman deyil, bəzi günlər çağırıldıqda işə gedir. Əmək müqaviləsinə əsasən 180 manat rəsmi əmək haqqı alır. 100 manat məbləğində aliment ödəməyə razıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədləri nəzərdən keçirib, cavabdehin iddiaya münasibətini araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 538755 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə X4 anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 5682/2016 saylı məhkəmə əmrinə əsasən Cavabdeh İddiaçı xeyrinə 12 dekabr 2009-cu il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin 09 sentyabr 2006-cı il tarixdən tutulması əmr edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (1/4 hissəsi-cavabdehin maaşının 1/4 hissəsi 180/4=45 manat) isə hazırda uşağın saxlanılması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını, cavabdehin gündəlik gəlir məbləğini və alimentin qismən artırılmasına razılığını nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cari il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda alimentin tutulması üçün yeganə əsas ola bilməz, bununla bərabər qanunvericiliklə müəyyən edilmiş digər əsaslar da olmalıdır. Bundan əlavə, məhkəmə bildirir ki, uşağı saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideyn kimi öhdəliyinə daxildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəməŞərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-5682/2016 saylı məhkəmə əmri ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar