Məhkəmə qərarları › İş №2(004)-4168/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4168/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4168/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Ağamalıyeva (Yusifova) Sevinc Muxtar qızına qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2082/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən, borclular Cavabdeh2 və X3 müştərək qaydada İddiaçı xeyrinə 1024 manat məbləğində əsas borc, 379 manat məbləğində cərimə borcu və 20.40 manat dövlət rüsumu, ümumilikdə 1423.40 manat məbləğində pulun tutulmasına dair məhkəmə əmri verilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun qeyd edilən məhkəmə əmrindən vermiş olduğu etirazı məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4168/2023 saylı, 07 avqust 2023cü il tarixli qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2082/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə borclu Cavabdeh2 arasında 18 iyul 2012-ci il tarixində 4294 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. X1 ilə İddiaçı arasında isə 18 iyul 2012-ci il tarixli 4294 saylı alqı-satqı müqaviləsinin icrasını təmin etmək etmək üçün 18 iyul 2012-ci il tarixli 4294/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borclu Cavabdeh2 aldığı mal(lar)ın dəyərini 18 ay ərzində ödəməli idi. Lakin ödəniş cədvəli üzrə borclu Cavabdeh2 cəmi 295 manat ödəniş etmişdir və 18 iyul 2012-ci il tarixli 4294 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi borclu Cavabdeh2 1024 manat məbləğində əsas borc, 379 manat məbləğində cərimə borcu, ümumilikdə 1403 manat borcu yaranmışdır. Borclulara pulu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Borcluların bu hərəkətləri nəticəsində ona zərər dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul borclu tərəfindən verilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərararına gəlmişdir. Məhkəmə iclasında Ağamalıyeva (Yusifova) Sevinc Muxtar qız iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o mebelləri götürmuş və pulun bir qismini ödəmişdir. Daha sonra ödəyə bilmədiyindən, mağazaya gedib ərizə yazaraq qeyd etmişdir ki, verilən müddətdə pulu ödəyə bilməsə mebelləri gəlib aparsınlar. Belə də olmuşdur. Pulu ödəyə bilmədiyi üçün, mağazanın əməkdaşları gəlib mebelləri aparmışdılar. Onun iddiaçıya heç bir borcu yoxdur. Yalnız təhvil verdiyi mebellər geri qaytarılarsa, pulu ödəyəcəkdir. Əks halda iddiaçıya pul ödəmək fikri yoxdur. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Sunny Electronics” mağazası ilə Cavabdeh2 arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 4294 nömrəli alqı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, “satıcı” müqaviləyə əlavədə göstərilmiş malı “alıcı”nın mülkiyyətinə verməyi, alıcı isə malları qəbul etməyi və 1319 manat məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü maddəsinə əsasən “alıcı” malı qəbul etdikdən sonra qalan 1319 manat məbləği 18 ay müddətinə hissə-hissə hər ayın 18-nə kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. “Sunny Electronics” mağazası ilə X5 arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 4294/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilə üzrə “zamin” adlandırılacaq X2 Electronics” mağazası ilə Cavabdeh2 arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 4294 nömrəli alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasınıtəmin etmək məqsədi ilə bağlanmışdır, borclunun müqaviədən irəli gələn ğhdəliklərini tamamilə icra etməsi üçün “zamin” “satıc” qarşısında tam məsuliyyəti öz üzərinə götürür və “borclu” ilə bilrikdə satıcı qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, 18 iyul 2012-ci il tarixli 4294 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq borclu Cavabdeh2 bu günə kimi borclu Cavabdeh2 1024 manat məbləğində əsas borcu, 379 manat məbləğində cərimə borcu, ümumilikdə 1403 manat borcu yaranmışdır. “Sunny Electronics” tərəfindən məhkəməyə ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Yusifova (Ağamalıyeva) Sevinc Muxtar qızı tərəfindən “Sunny Electronics”ə hər-hansı müraciət daxil olmamışdır. 11 sentyabr 2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı və zaminlik müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh2 1024 əsas borcu, 379 manat məbləğində cərimə borcu, ümumilikdə 1403 borcu yaranmışdır. Cavabdeh Ağamalıyeva (Yusifova) Sevinc Muxtar qızı izahatında alqı-satqı müqaviləsinin predmeti olmuş əşyanı iddiaçıya geri qaytardığını bildirsə də, məhkəməyə malı qaytarmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhəsinə götürür. 601.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh2 müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdeh Ağamalıyeva (Yusifova) Sevinc qızının “mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, alqı-satqı müqaviləsi üzrə yaranmış borca görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə hesablanmış 379 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 30 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Ağamalıyeva (Yusifova) Sevinc Muxtar qızından 1024 (bir min iyirmi dörd) manat əsas, 30 (otuz) manat cərimə olmaqla, cəmi 1054 (bir min əlli dörd) manat borc və dövlət rüsumu kimi ödənilmiş 20,40 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Ağamalıyeva (Yusifova) Sevinc Muxtar qızından 1024 (bir min iyirmi dörd) manat əsas, 30 (otuz) manat cərimə olmaqla, cəmi 1054 (bir min əlli dörd) manat məbləğində borc və 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar