Məhkəmə qərarları › İş №2(004)-4171/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4171/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4171/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh ona vurduğu maddi ziyanın əvəzi olaraq ondan 2000 (iki min) manat pulun və ödədiyi 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, 28 may 2025-ci il tarixdə Şamaxı Rayon Əngəxaran kəndi ərazisində idarə etdiyi X10 markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisində hərəkət edən zaman ona məxsus bir baş iri-buynuzlu (inək) heyvanımı vurub öldürmüşdür. Buna görə də X15 İdarəsinin Şamaxı Rayon Şöbəsinə müraciət etmişdir. Elektron nüsxəsini bu ərizəyə daxil etdiyi 02 iyun 2025-ci il tarixli İXP7165635 saylı inzibati Xəta haqqında Protokoldan görünür ki, Şamaxı Rayonu Yol Patrul Xidmətinin əməkdaşı polis kapitanı X2 tərəfindən Cavabdeh haqqında inzibati xəta törətməsi haqqında protokol tərtib olunmuş, onun xx.xx.2025-ci il tarixdə idarə etdiyi X10 minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı Pirqulu yolunun Əngəxaran kənd ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Elektron nüsxəsini bu ərizəyə daxil etdiyi 02 iyun 2025-ci il tarixli TP77281207 saylı inzibati X8 Qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2025-ci il tarixdə Şamaxı Rayonu Pirqulu yolunun Əngəxaran kəndi ərazisində idarə etdiyi X10 minik markalı. **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət etməyib əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edildiyindən onun barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh həmin hadisə zamanı yol kənarında ona məxsus bir baş inəyini vurub öldürdüyündən ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Odur ki, hesab edir ki, iş üzrə Cavabdeh onun əmlakına vurduğu maddi ziyanı ödəməlidir. Əslini bu ərizəyə daxil etdiyi Fərdi Ərazi baytarlıq fəaliyyəti ilə məşğul olan baytar həkim X1 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus 1 (bir) baş sarı rəngli 2 yaşlı düyəni 28 may 2025-ci il tarixdə axşam saat 18-19 radələrində maşın vurmuşdur. Həmin heyvanın bazar dəyəri 1800-2000 manat civarında olması yazılmışdır. O, maşın vurub öldürmüş heyvanının qiymətləndirilməsi üçün “Şirvan Ticarət Mərkəzi”nə müraciət etsə də, onlar bildirmişlər ki, məhkəmə tərəfindən müvafiq müraciət göndərilərsə, həmin əmlakını qiymətləndirməyə hazırdırlar. Odur ki, əgər zərurət varsa məhkəmədən həmin hadisə zamanı ölmüş heyvanımın qiymətləndirilməsi üçün ekspertiza təyin etməsini də xahiş edir. Bu ərizəyə daxil etdiyi fotoşəkildən görünür ki, həqiqətən də ona məxsus 1 (bir) baş sarı rəngli inək ölmüşdür. Bu məqsədlə əvvəlcə Cavabdehn ona vurduğu maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat pul ödəməsi ilə bağlı 04 iyun 2025-ci il tarixdə pretenziya qaydasında ona rəsmi formada təklif göndərmişdir. Lakin cavabdeh onun bu müraciətinə cavab verməmişdir. Beləlilə, hesab edir ki, 2000 (iki min) manat dəyərində olan 1 (bir) baş inəyinin Şamaxı rayon Əngəxaran kəndi ərazisində Cavabdeh idarə etdiyi minik avtomobili tərəfindən vurularaq zərbənin təsirindən ölməsi faktına görə - iş üzrə əgər zərurətdirsə, ekspertiza təyin edilməli və ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı ödədiyi 200 manat məbləğində pulun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh Əli oğlu iddianı qəbul etməyərək, hadisə nəticəsində maşınına zərər dəydiyini, maşını öz hesabına təmir etdiyini, lakin ona dəymiş ziyanı tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyaya (xəbərdarlıq məktubu) əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisində idarə etdiyi X10 (**-AL-***) avtomobili ilə İddiaçı məxsus iri buynuzlu heyvanı vuraraq öldürüb. Bu səbəbdən ona X5 tərtib olunub və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunub. Vurulan heyvanın bazar dəyəri 1800–2000 manat müəyyən edildiyindən, İddiaçı prenziya qaydasında 2000 manat kompensasiya tələb etmiş və ödəniş edilmədiyi halda mülki iddia üzrə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Fərdi ərazi baytarlıq fəaliyyəti ilə məşğul olan baytar həkim tərəfindən verilmiş arayışa əsasən Şamaxı rayon Əngəxaran kənd sakini İddiaçı məxsus 1 (bir) baş sarı rəngli 2 yaşdan düyə 28 may 2025-ci il tarixində axşam saat 18-19 radələrində maşın vurmuşdur. Həmin heyvanın bazar dəyəri 1800-2000 civarındadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokoluna əsasən X10 minik markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli intibati tenbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tenbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən 2 illik, dişi, südverməyən iri buynuzlu heyvanın (inəyin) orta bazar qiyməti 1 700 AZN (bir min yeddi yüz manat) təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisində idarə etdiyi X10 minik markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İddiaçı məxsus 1 (bir) baş iri buynuzlu (düyə) heyvanı vuraraq öldürmüşdür. Həmin hadisə ilə bağlı cavabdeh haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli X5 və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh qərarı tərtib edilmişdir. Fərdi ərazi baytarlıq fəaliyyəti ilə məşğul olan baytar həkim tərəfindən verilmiş arayışa əsasən vurulmuş heyvanın bazar dəyəri 1800–2000 manat arasında müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi pretenziya göndərmiş, lakin cavabdeh ziyanı ödəməyərək hər hansı cavab verməmişdir. Hazırda İddiaçı Cavabdeh ona vurduğu maddi ziyanın əvəzi olaraq 2 000 manat pulun və ödədiyi 40 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən 2 illik, dişi, südverməyən iri buynuzlu heyvanın (inəyin) orta bazar qiyməti 1700 AZN müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dəymiş maddi zərərin əvəzi kimi Cavabdeh 1700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 37 manatı və "xxxx" MMC-nin hesabına ödənilmiş 200 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1700 manat, dövlət rüsumu olaraq ödənilmiş 37 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC-nin hesabına ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1700 (bir min yeddi yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC-nin hesabına ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar