Məhkəmə qərarları › İş №2(004)-4201/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4201/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4201/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə tətbiq edilmiş elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023-cü il böyük icra məmuru Nümayəndə tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir - müjdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Məhkum Cavabdeh yazdığı izahatında mobil nəzarət qurğusunu itirdiyini qeyd etmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə məktub göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış .erini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının İddiaçınə həvalə edilməsi, Cavabdeh ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,542 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokola əsasən məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 03184-qol, 35655943-tel. seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarəti qurğusu,1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücüsü qurğu,1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Həmçinin, məhkuma Nəsimi rayon Məhkəməsinin 1(006)-384/2023 saylı,xx.xx.2023-cü il tarixli hökmünün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh özü şəxsən protokolla tanış olmuş və imzalamışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında 20 saylı polis idarəsindən çıxanda mobil nəzarət qurğusunun onun üzərində olduğunu, Nərimanov rayon polis idarəsinə, daha sonra narkoloji mərkəzə aparıldığını və orda mobil nəzarət qurğusunu yadından çıxıb itirdiyini, sonradan narkoloji mərkəzə getsə də içəri buraxılmadığını, içəri daxil ola bilmədiyini, mobil nəzarət qurğusunu və elektron qolbağı yararsız hala saldığı üçün elektron nəzarət vasitəsi komplektinin ümumi dəyərinin ondan tutulacağının ona aydın olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin yoxlanılmasına dair” protokola əsasən məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə İddiaçı böyük icra məmuru Nümayəndə tərəfindən texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun məhkumun üzərində olmadığı, elektron qolbağın məhkumun üzərində olduğu, lakin mobil nəzarət qurğusunu itirdiyi müəyyən edilmişdir. İş materiallarına olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 saylı məktubuna əsasən sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1-dən ibarət olan sadə elektron qolbağın qiyməti 1930 manat, 347.40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddələsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” 10 aprel 2018-cü il tarixli, 144 saylı Qərarının: 1.2-ci bəndinə əsasən elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir. 2.3-cü bəndinə əsasən elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. 4.1-ci bəndinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət məhkum edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən həyata keçirilir. 7.5.-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, o, isə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, mobil nəzarət qurğusunu itirmiş, bununla da elektron nəzarət qurğusunu yararsız hala salmışdır. Cavabdeh özü bunu etiraf etmiş və iddianı qəbul etmişdir. Mobil nəzarət qurğusu və elektron qolbaq birlikdə istifadə edildikdə yararlı hesab edilir. Hər hansı birinin mövcud olmaması ümumilikdə qurğunu yararsız hala salmış olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilməli olan 42,77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Cavabdeh 42,77 manat (qırx iki manat yetmiş yeddi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar