Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4213/2022 01.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərər tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyərinin əvəzi olaraq, yəni 2277,40 manat pul məbləğinin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər…Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Həmin Məcəllənin 69.2. -ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1.-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2.-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin iddia ərizəsini imzalamış Nəsimi Abuşovun həqiqətən İddiaçı böyük icra məmuru vəzifəsində işləməsini təsdiq edən sənəd, iddia ərizəsini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə qoşmada iddia ərizəsinə Maliyyə və Təminat İdarəsinin maliyyə arayışının surətinin əlavə olunduğu göstərilməsinə baxmayaraq həmin sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 150.1.5. -ci maddəsinə əsasn iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-4213/22 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərər tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 01 avqust 2022-ci il tarixdə nəzərdən keçirib iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15.20-də başladı. Prosessual hərəkət saat 15.40-da başa çatdı. Protokol 01 avqust 2022-ci il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4213/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4213/2022
01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver