Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4253/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı AccessBank” QSC-nin nümayəndəsi Aslanzadə Elnurə Kamil qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 5235.64 ABŞ Dolları məbləğində kredit borcu, 1011.78 ABŞ Dolları məbləğində faiz borcu və 2358.65 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8606,07 (səkkiz min altı yüz altı dollar yeddi sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.05.2012-ci il tarixli 03L000008200 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıcaolaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.06.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.02.2016-cı il tarixli 003R**********S saylı 27.04.2016-cı il tarixli 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.09.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2764.36 ABŞ Dolları ödəmiş, onun 5235.64 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verdiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.07.2017-ci il tarixə 306 gün üçün hesablanmış faiz borcu 1011.78 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 17.07.2017-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 2358.65 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aslanzadə Elnurə Kamil qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, 31.05.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borclu Cavabdeh1 öhdəliklərinin icrasının təmini üçün zamin olaraq bank qarşısında məsuliyyət götürmüşdür. Eyni zamanda, qeyd edir ki, o, Cavabdeh1 deyil, Cavabdeh2 tanıyır. Onun xahişi ilə həmin kredit borcuna zamin dayanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, 31.05.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini üçün zamin olaraq bank qarşısında öhdəlik götürmüşdür. Əvvəllər Cavabdeh1lə birlikdə işləyirdilər. Ona etibar etmiş, zaminlik müqaviləsinə imza etmişdir. İndi Cavabdeh1 banka pulu ödəmir. O ödəməyə məcburdur. Müəyyən ödənişlər etmişdir. Hal-hazırda da ödənişləri davam etdirir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2012-ci il tarixli 03L000008200 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20.000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur; Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 003R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 18 (on səkiz) ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 003S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 03S000017723 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh4 arasında bağlanmış 31 may 2012-ci il tarixli 03S000014703 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə üzrə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 003R********** nömrəli kredit razılaşmasına əlavə edilmiş ödəniş planının məzmunundan görünür ki, Cavabdeh1 20 (on səkkiz) ay müddətinə 327 (üç yüz iyirmi yeddi) manat (sonuncu ay 09,43 (doqquz manat qırx üç qəpik) manat) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 aprel 2016-cı il tarixli 003R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişin məzmunundan görünür ki, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 24.08.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 24.08.2021-ci il tarixinə Cavabdeh1 əsas məbləğ üzrə borcu 3340,13 (üç min üç yüz qırx dollar on üç sent) ABŞ dolları, faiz üzrə borcu 369,03 (üç yüz altmış doqquz dollar üç sent) ABŞ dolları, cərimə borcu 553,54 (beş yüz əlli üç dollar əlli dörd sent) ABŞ dolları olmaqla, cəmi borcu 4262,70 (dörd min iki yüz altmış iki dollar yetmiş sent) ABŞ dolları təşkil edir; İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə ünvanladığı 07 mart 2017-ci il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi kredit müqaviləsi üzrə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdirlər; 08 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində təmin edilməli, 30 iyun 2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 3340,13 ABŞ dolları məbləğində əsas borc və 369,03 ABŞ dolları məbləğində faiz borcu cavabdeh şəxslərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın, 30 iyun 2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə əsas borca hesablanmış 553,54 (beş yüz əlli üç dollar əlli dörd sent) ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin olunaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3340,13 ABŞ dolları əsas borc və 369,03 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 3759,16 (üç min yeddi yüz əlli doqquz dollar on altı sent) ABŞ dolları məbləğində borc (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3340,13 ABŞ dolları (üç min üç yüz qırx dollar on üç sent) ABŞ dolları əsas borc, 369,03 (üç yüz altmış doqquz dollar üç sent) ABŞ dolları faiz borcu və 50,00 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 3759,16 (üç min yeddi yüz əlli doqquz dollar on altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4253/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4253/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver