Məhkəmə qərarları › İş №2(004)-4260/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4260/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4260/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 sentyabr 2016-cı il təvəllüdlü X1 və 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit aliment pulu və 14 aprel 2018-ci il təvəllüdlü Cavabdeh 5 yaşına çatanadək cavabdehdən 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 25 iyul 2014-cu il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdurlar. Birgə nikahdan 2 övladları olmuşdur. Bir ana, valideyn kimi övladının təlim, tərbiyəsi, təhsili, sağlamlığı və ehtiyacları üçün çalışsa da, onların maddi ehtiyaclarını ödəmələrdə çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, cavabdeh hal-hazırda Bakı şəhərində dönər evi işlədir, kifayət qədər imkana malikdir. İddiaçı köməksiz, iki uşağa baxan tək anadır, onun valideynləri belə yoxdur ki, ona kömək olsunlar. Uşaqlarını bağçaya qoymuş, lakin bağça ödənişlidir, bundan başqa onların xəstəlikləri ilə bağlı mütəmadi olaraq həkim müayinəsi və müalicəsinə ehtiyacları var, buna isə onun maddi imkanı çatmır. Bu səbəbdən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 01 sentyabr 2016-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki X4 14 aprel 2018ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 2(004)-9502/2017 saylı, 10.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 12.10.2017-ci il tarixdən etibarən 01 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136.60 manat sabit aliment pulu tutularaq İddiaçı xeyrinə ödənilməsi, 12.10.2017-ci il tarixdən etibarən hesablanmaqla hamiləliyi dövründə və doğumdan sonra uşaq 3 yaşına çatanadək hər ay 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-8775/2018 saylı, 24.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, 26 oktyabr 2018-ci il tarixdən etibarən hesablanmaqla 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 154 manat sabit aliment pulu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 01 sentyabr 2016-cı il təvəllüdlü X3 və 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 01 sentyabr 2016-cı il təvəllüdlü X3 və 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin 14.04.2018-ci il təvəllüdlü X4 üçün 100 manat əlavə xərcin tutulması hissəsi üzrə məhkəməyə cavabdehin zəruri vəsaitə malik olub-olmamasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 01 sentyabr 2016-cı il təvəllüdlü X3 və 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 01 sentyabr 2016-cı il təvəllüdlü X3 və 14 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar