Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4273/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11.10.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontoru vasitəsilə Cavabdeh 1800 manat məbləğində borc pul verərək, kredit müqaviləsi bağlamışdır. Cavabdeh tərəfindən göstərilən müddətdə borcu könüllü ödəmədiyi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində tədbir görmək üçün Yasamal Rayon Məhkəməsinə təqdimat verilmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarı ilə, Cavabdeh 10 sutka müddətinə inzibati həbs edilmişdir. Buna baxmayaraq, Cavabdeh bu gündə pulu ödəməkdən boyun qaçırır, hər vasitə ilə pulu ödəmir, qaçıb yayınır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh borclu olduğu 1800 manat məbləğində pulu, 367 manat məbləğində hüquq xidmətləri üçün ödənilən pul və 30 manat dövlət rüsumunun Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə evin sənədlərini düzəltmək üçün hissə-hissə pul vermişdir. Cavabdeh evin layihəsini çəkmək üçün ondan 150 manat almışdır. Cavabdehin kredit müqaviləsinə əsasən ona 1800 manat məbləğində borcu olsa da, o hüquqi xidmətə görə və eyni zamanda notarial xərclərə görə də ümumilikdə 2200 manat pul xərcləmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcundan ona Nizami metro stansiyasının yaxınlığında cəmi 50 manat məbləğində ödəniş etmişdir. Bundan başqa ilk öncə müvafiq borca dair notariat orqanı tərəfindən icra qeydi verilmiş və hətta cavabdeh ödəniş etmədiyi üçün barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdimat verilmiş və sonuncu inzibati qaydada həbs edilmişdir. Daha sonra onun xahişi ilə icra məmuru tərəfindən icra sənədi geri qaytarılmışdır. Cavabdeh ona olan borcundan ümumilikdə 2000 manat ödəniş edəcəyi təqdirdə iddiasından imtina edə bilər. Əgər yox ödəyə bilməyəcəksə, iddia ərizəsində qeyd edilən miqdarda iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya 1800 manat məbləğində borcu olmuşdur. Belə ki, o həmin borcundan hissə-hissə qaytarılmasını iddiaçıya bildirsə də, iddiaçı onunla razılaşmamaış, pulunu tam şəkildə tələb etmişdir. Bundan başqa iddiaçının hüquqi yardım və digər xidmətlərə görə xərclədiyi pulun ondan tələb edilməsinə etiraz edir. O, iddiaçıya olan borcundan 50 manat ödəniş etmiş, hazırda da, 1200 manat ödəniş etməyə razıdır və protokolo qeyd edilməsini istəyir. Yerdə qalan məbləği isə qısa müddət ərzində ödəyəcəkdir. Qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.02.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 24.02.2019-cu il tarixədək qaytarmaq şərtiylə 1800 manat məbləğində borc vermişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 14.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 24.02.2019-cu il tarixədək qaytarmaq şərtiylə 1800 manat məbləğində borc vermişdir. Cavabdeh indiyədək həmin borcundan cəmi 50 manat, məhkəmə gedişatında isə 1200 manat, ümumilikdə 1250 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun iddiaçı qarşısında kredit müqaviləsi üzrə 550 manat məbləğində borcu yaranmışdır. Sözü gedən bu hal iş üzrə tərəflərin etiraf edici izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 367 manat məbləğində hüquq xidmətləri üçün ödənilən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə 367 manat məbləğində pul vəsaitinin xərclədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmişdir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödəniləməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4273/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4273/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver