Məhkəmə qərarları › İş №2(004)-4280/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4280/2024

20.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4280/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq aktla Attenti markalı 35638808 nömrəli elektron mobil qurğu, CE 32038 nömrəli elektron qolbaq USB kabeli, kavro məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İcra məmurunun təqdimatına əsasən məhkum Cavabdeh cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və ona təhvil verilmiş elektron nəzarət vasitələri məhkəmə baxışı zamanı onun üzərində aşkar edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 27 günü, 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitəsinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması, bunun üçün görülməli olan işlər, habelə hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi üzərinə qoyulmuş vəzifələri pozduğu təqdirdə cəzasının azadlıqdan məhrum etmə növü ilə əvəz olunacağı izah edilməklə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və özü şəxsən protokolla tanış olmuş və imzalamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və İddiaçındə icraya yönəldilmişdir, icra məmuru hökmü icraya qəbul etmişdir. Məhkum cəzanı icra edən orqanda qeydiyyata alınmış və cəzanın icrasına başlanmışdır. Daha sonra İddiaçı icra məmuru Vəsilə Əliyeva məhkum Cavabdeh barəsində həmin azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilməsi barədə təqdimatla müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 27 günü, 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. O, isə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, elektron nəzarət vasitəsini qorumamış və yararsız hala salmışdır. Odur ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun sınması müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən İddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 42,77 (qırx iki manat yetmiş yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə (Bakı şəhəri Baş Maliyyə İdarəsinin müvafiq hesabına, müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330, valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar