Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4299/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ““maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ““maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə ödənilmiş təxminən 350 manat pul vəsaitinin, cavabdeh tərəfindən ünvan 1 ünvanından faktiki sərf olunan həcmdə suyun pulunun tələb edilməsi, Cavabdeh Həsənbəy Zərdabi 63 ünvanında yerləşən daşınmaz əmlakının 350 kv.metrini cavabdehlərin iddiaçını 4 ildən çox davam edən müddətdə təhqir edərək, vurduqları mənəvi zərərin əvəzinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 10 noyabr 2016-cı il tarixində alqı-satqı yolu ilə Bakı şəhəri, Yasamal rayon, Dilarə Əliyeva küçəsi, ev 115, ünvanındakı 3 nömrəli mənzili almışdır. O vaxtan göstərilən ünvanda tək yaşayır. 2020-ci il iyulun 19-a qədər müddətdə göstərilən ünvanda övladı da yaşamışdır. Alqı-satqıdan sonra Cavabdehnə dəfələrlə müraciət etmişdir ki, ya su kodunu iddiaçının adına keçirsinlər, ya da su kəmərinə sayğac qoysunlar. 2 il müddətində iddiaçını müxtəlif təhqir metodları ilə öz idarələrindən uzaqlaşdırmışlar. Arqumentləri ondan ibarət idi ki, göstərilən ünvan Yasamal rayonuna aid deyil. Ən yaxşı halda «gedin öz rayonunuza müraciət edin» demişdirlər. Problem orasındadır ki, Yasmal rayon su kanal idarəsinin işçilərinin savadsızlığı (və ya səhlənkarlığı) səbəbindən ilk gündən iddiaçı üç nəfər üçün su pulu ödəyəsi olmuşdur. Bu üç nəfərdən ikisi 10-15 il bundan qabaq ölmüşlər, üçüncüsü isə iddiaçıya mənzili satıb, qeydiyyatdan çıxıb getmişdir xarici ölkəyə. Dayanmadan Cavabdehnə müraciətlər etmişdir ki, tədbir görsünlər, ya sayğac qoysunlar, ya da su kodunu iddiaçının adına qeyd etsinlər. Sayğac qoya bilmirlər, mənzilə daxil olan su borusunu tapmaq üçün gərək bütün ərazini qazsınlar və sairə. İddiaçının müraciətlərinə abonentlərlə işləyən şöbədə olduqca qəribə bir yumor kimi münasibət bəsləyərək, iddiaçını öz ərazilərindən uzaqlaşdırmışlar. Hətta «Sizin ünvan ünvan 45 Yasamal rayonudur» sözlərini öz ünvanına təhqir kimi şərh etmiş və iddiaçını öz ərazilərindən uzaqlaşdırmışlar. İddiaçı daha sonra dəmir yolu vağzalının binasında Azərsu bölməsinə müraciət etmişdir. Azərsunun təmsilçiləri iddiaçıya: «Ünvanınız Yasamala aid deyil. Biz su kodunu adınıza keçirə bilmərik, amma istənilən ünvanı dəyişə bilərik, istəyirsizsə sizə başqa ünvan verək onsuzda bunu heç kim yoxlamayacaq ki...» - demişdirlər. Bəliklə, Cavabdeh iddiaçıdan 3 nəfərin su pulunu tələb etməkdə davam edir. İddiaçı qeyd edir ki, sayğac qoyulsaydı o olduqca az pul ödəyəsi olacaqdı, çünki sudan çox az istifadə edir, paltarları quru təmizləməyə verir və mənzil çox kiçikdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, cavabdehə artıq ödədiyi 350 manat pul vəsaitinin onun xeyrinə tutulması, cavabdeh tərəfindən ünvan 7 ünvanından faktiki sərf olunan həcmdə suyun pulunun tələb edilməsinin təmini və Cavabdehndən onların iddiaçını 4 ildən çox davam edən müddətdə dəfələrlə təhqir edərək, vurduqları mənəvi ziyanın əvəzinə 350000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 05.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində qoyulmuş Cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan ASAN 2 tərəfindən verilmiş, ******* nömrəli, 31.05.2021-ci il tarixli arayışa əsasən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatdadır. 13.01.2002-ci il təvəllüdlü X1 da eyni ünvanda qeydiyyatdadır. İş materiallarında olan ******* seriya nömrəli dövlət reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. 10.11.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Evin ümumi sahəsi 23 kv.metrdir. Mənzil üzərində başqa hüquq sahibi yoxdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş **********87 nömrəli abonent kartına əsasən görünür ki, 10713025 nömrəli, 30.12.1999-cu il tarixli müqavilə "xxxx" ASC ilə İda Kovalenko arasında bağlanmışdır. Abonent kartı üzrə 2021-ci il üzrə 95,5 manat olmaqla, ümumilikdə 124 manat yekun borc yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin və digər törəmə tələblərin yaranmasını təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə əsaslandığı sübutlar mötəbər hesab edilmir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddiaçı, iddia tələbində təxminən 350 manat ödəniş etdiyini qeyd etsə də, həmin ödənişi etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə İddiaçı 350.000 (üç yüz əlli min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə, iddia tələbinin “cavabdeh tərəfindən ünvan 7 ünvanından faktiki sərf olunan həcmdə suyun pulunun tələb edilməsinin təmin edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh "xxxx" ASC publik hüquqi şəxs olduğundan, iddia tələbinə həmin hissədə xitam verilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(004)-4299/2021 saylı qərardadı ilə mülki işin icraatına iddia tələbinin həmin hissəsinə münasibətdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ““maddi və mənəvi zərərin ödənilməsi” tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4299/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4299/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver