Məhkəmə qərarları › İş №2(004)-4305/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4305/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4305/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 23 aprel 2021-vi il tarixli, 022R********** saylı kredit müqaviləsinə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə 23 aprel 2021-ci il tarixdə, 022R********** saylı kredit razılaşmasına əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə 22500 manat kredit verilmişdir. Həmin kredit müqaviləsindən əvvəl iddiaçı cavabdeh bankdan 17 dəfə kredit götürmüş və hər birini vaxtında lazımi qaydada ödəmişdir. Bundan bir müddət sonra "xxxx" ASC-dən kredit götürmüşdür və həmin bankdan aldığı kredit məbləğinin 22000 manatını cavabdeh banka kredit borcunun tam şəkildə ödənilməsinə yönəltmişdir. Belə ki, göstərilən məbləğ birbaşa "xxxx" ASC-dən Cavabdeh QSC-yə köçürülmüş, ödəniş tapşırığının da açıqlama hissəsində aydın şəkildə kredit borcun tam ödənişi qeydi göstərilmiş, beləliklə də cavabdeh banka olan kredit borcunun tam ödənişini həyata keçirmişdir. Kredit borcunun cavabdehə tam şəkildə ödəməsinə baxmayaraq, bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh kredit borcunu silməmiş və kredit borcunun ödənilməsini hazırda da tələb edir. Cavabdehin mövqeyini və hərəkətlərini əsassız hesab edir, belə ki, cavabdeh iddiaçının ödəmiş olduğu vəsaiti təyinatı üzrə istifadə etməmiş, əsassız olaraq hazırda iddiaçıdan borcun ödənilməsini tələb edir. İddiaçı cavabdehə olan borcunu ödəmiş, bu səbəbdən də sonuncu ilə arasında olan müqavilə tərəfindən icra olunduğu üçün həmin müqaviləyə xitam verilməlidir. Müqaviləyə xitam verilməsi üçün 28 iyun 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh müqavilənin xitam verilməsini təmin etməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 09 iyun 2021-ci il tarixli, ********** saylı ödəniş tapşırığından məlum olur ki, sonuncu tərəfindən Cavabdeh QSC-yə 22000 manat pul köçürülmüş, müvafiq olaraq ödəyən və alan müştəri kimi iddiaçının adı göstərilmiş, açıqlama hissəsində isə kredit borcun tam ödənişi qeydi göstərilmiş, beləliklə həmin sənəd əsasında cavabdehə olan borcunun tam ödəndiyi məlum olur. Cavabdeh ASC-nin Babək filialının təqdim etdiyi 31 mart 2022-ci il tarixli hesabdan çıxarışdan məlum olur ki, 09 iyun 2021-ci il tarixdə 22000 manat əməliyyatın təyinatı kredit borcun tam ödənişi göstərilməklə cavabdeh banka köçürülmüşdür. Qeyd olunan sübutlar bir daha sübut edir ki, banka olan borcu tam şəkildə ödənilmişdir. Cavabdehin tələb etdiyi borc məbləğinin əsassız olması və borc məbləğinin silinməsi barədə cavabdehə və maliyyə bazarlara nəzarət edən orqana müraciət etməyinə baxmayaraq, heç bir nəticə olmamışdır, bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin əsassız olduğundan onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh QSC ilə 23 aprel 2021-ci il tarixində 36 ay müddətinə 22500 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin bankdan əvvəllər 17 dəfə kredit götürmüşdür. Bu da onu göstərir ki, iddiaçı intizamlı müştəri olmuşdur. Bir müddət sonra iddiaçı yenidən cavabdehdən kredit götürmək məcburiyyətində qalıb, lakin ona kredit verilməyib və iddiaçı "xxxx" ASC-yə müraciət edib. İddiaçı ilə "xxxx" arasında belə bir razılaşma olub ki, iddiaçının Cavabdeh-dakı krediti "xxxx" tərəfindən ödənəcək, iddiaçı isə kredit məbləğini "xxxx"a ödəyəcək. Beləliklə, 9 iyun 2021-ci il tarixində 22000 manat "xxxx" ASC-dən cavabdeh banka köçürülüb. Həm ödəniş tapşırığında, həm də Cavabdeh-ın təqdim etdiyi hesabdan çıxarışdan iddiaçının kredit borcunun tam ödənilməsi görünür. Eyni zamanda, Cavabdeh-ın özünün məktubu var, həmin məktubda qeyd olunur ki, həmin tarixdə iddiaçının 22280 manat borcu olmuşdur. Bundan sonra iddiaçı tərəfindən 22000 manat ödənilməklə kredit borcu bağlanılmış olur. Lakin 6 ay keçdikdən sonra tam təsadüf nəticəsində - “Bank of Baku” tərəfindən reklam məqsədi ilə kredit təklif olunan zaman iddiaçı şəxsiyyət vəsiqəsini təqdim edib və bildirib ki, mənim sadəcə "xxxx"-a borcum var. “Bank of Baku” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, iddiaçının yalnız "xxxx"-a deyil, Cavabdeh-a da borcu var. Daha sonra iddiaçı Cavabdehın Babək filialına gedib və orada Cavabdeh-ın işçiləri məsələni ört-basdır etməyə çalışıblar, deyiblər ki, sizə ucuz kredit verək, siz şikayət etməyin. Təqdim edilən sübutlar da onu göstərir ki, iddiaçı ödənilməli olan kredit borcunu tam şəkildə bağlayıb. Ona görə də, kredit müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 17 dəfə Cavabdehdan kredit götürmüşdür. Bu hadisəyə qədər onu heç bir gecikməsi, bank qarşısında hər hansısa bir səhvi olmayıb. Bütün öhdəliklərini hətta vaxtından əvvəl icra etmişdir. Heç vaxt Cavabdeh tərəfindən ona qarşı iddia qaldırılmayıb ki, o yalnız ərizə yazaraq krediti vaxtından əvvəl ödəməlidir. “Bank of Baku”-dan gələn zəng nəticəsində o bilib ki, onun Cavabdehdakı krediti bağlanmayıb. O, Cavabdeha gedib və ona deyiblər ki, sən kreditin tam ödənilməsi barəsində ərizə verməli idin. Onların müqaviləsində elə bir bənd yoxdur. Cavabdeh bank tərəfindən Babək filialında ona kredit təklif olundu. Bankın işçiləri tərəfindən 14900 manat onun kredit borcunun çıxılması barədə sərəncama imza atdırmaq istəmişlər, o isə imza atmamışdır. Lakin başqa bir kredit təklifinin edilməsi ilə bağlı sənədlərin arasında ona aldadaraq öz evində həmin sərəncama imza atdırdılar. Təxminən iyun-iyul aylarında ona məlum oldu ki, ona həmin sərəncama imza atdırıblar. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, İddiaçı kreditin tam bağlanması üçün 22000 manat hesaba ödəyəndə ödəniş tapşırığının verilməməsindən əlavə bir məsələ də vardır ki, köçürülən məbləğ şəxsin həmin tarixə olan borcunu tam əhatə etməmişdir. Onun təqdim etdiyi sənədlərdə “per” ödəniş edildikdən sonra iddiaçının qalan borcu ilə bağlı məlumatlar var. “Per” ödənişi edildikdən sonra qalıq borcu bölünüb, 164 manat ödənilmiş məbləğ kimi qeyd olunub. Həmin ödənişlərdən sonra ödənilməyən məbləğlər qeyd olunub. Həmin məbləğlər yekunda toplanılıb. “Per” ödənişindən sonra şəxsin 4430 manat borcu qalmışdır. “Per” ödənişi, yəni 14900 manat ödəniş edildikdən sonra qalan məbləğ aylıq olaraq 164-ə bölünüb ödənilmişdir. Digər aylar isə ödənilməmişdir. Şəxsin hesabında pul olmadığı üçün artıq digər aylar ödənilməmişdir. 1 gün gecikmə ilə olan 4 ödənişi onlar zaminin hesabından tutmuşlar. Ümumi məbləğdən 14900 manatı çıxılıb, yerdə qalan məbləği 164 manat olmaqla aylara bölmüşlər. Şəxsin hal-hazırda 2832,44 manat əsas borcu var. Faizlərlə birlikdə şəxsin borcu 3463,25 manat təşkil edir. Ödəniş tapşırığı şəxsin kreditə bağlı olan hesabına gəlib. Hansı ki, kredit də həmin hesaba köçürülmüşdü. Ödəniş tapşırığı həmin hesaba gəlib, lakin onlara gəlməyib. Ödəniş tapşırığı "xxxx"a verilib ki, 22000 manat onların bankdakı hesabına köçürülsün. Yəni ödəniş tapşırığının təyinatı bundan ibarət olmuşdur. Onlardakı hesabından məbləğin silinib-silinməməsi ilə bağlı onlara tapşırıq verilməmişdir. Onlar kredit ödənişlərinə görə məbləği yalnız şəxsin 117 nömrəli hesabından silirlər. Kredit alanın cari hesabına kredit köçürülür, eyni zamanda gecikmə olanda da məbləğ həmin hesabdan tutulur. Etibar bəy ödəniş tapşırığı verib ki, "xxxx"dakı hesabında olan 22000 manat onun bizim bankda olan 117 ilə bitən hesabına köçürülsün. Ödəniş tapşırığı cari hesaba verilib. Onlarda cari hesabla kredit hesabı ayrıayrı deyil. Şəxsin bir hesabı olur, kredit ona birləşdirilir. Şəxs həmin hesabdan istədiyi kimi istifadə edə bilər. Onların vəzifəsi odur ki, kredit ödənişinin vaxtı gələndə onlar ödənişləri həmin hesabdan tutsunlar. Hesabın təyinatı cari hesab kimi gedir. Onlar əvvəl Etibar bəylə birlikdə ödəniş planına imza çəkmişlər. Yəni razılaşmışlar ki, ayın müəyyən tarixində şəxsdən müəyyən məbləğdə pul tutulacaq. 22000 manatın tutulması üçün isə ayrıca razılaşma olmalıdır ki, onlar həmin ödəniş planını pozub, həmin 22000 manat məbləği tam ödənişə silsinlər. Şəxsin iştirakı, ödəniş tapşırığı olmadan onlar 22000 manat məbləğin tamamilə kreditə silinməsini həyata keçirə bilməzdilər. Cari hesab üzərində əməliyyatların keçirilməsi üçün şəxsin özünün sərəncamı olmalıdır. Onlar ödəniş planına uyğun olaraq hesab olan puldan aylıq olaraq silmələr aparmışlar. Şəxs hesabında istədiyi qədər pul saxlaya bilər. Onlar ona onun hesabında müəyyən məbləğdə pulun olması barədə məlumat verməyə borclu deyillər. Sadəcə onlar altı ayda şəxs qismən ödənişi edənə qədər ödəniş planına uyğun olaraq silmələr aparmışlar. Ödəniş planından ayrı bir qaydanın tətbiq olunması üçün şəxs razılığının bildirməlidir. Fiziki şəxs müqaviləyə əsasən ödəniş planına uyğun olaraq ödənişləri həyata keçirməlidir. Müqavilədə qeyd olunur ki, şəxs ödəniş planına uyğun olaraq faizləri və əsas məbləği ödəməlidir, ödəmədiyi təqdirdə onlar onun hesabından məbləği birtərəfli qaydada silə bilərlər. Krediti tam və ya qismən bağlamaq üçün ayrıca ödəniş tapşırığı verilməlidir. Vaxtından əvvəl krediti ödəmək istəyirsə, kassaya yaxınlaşmalıdır. Aylıq kredit ödənişlərini MilliÖn və ya digər ödəmə terminalları vasitəsilə ödəyə bilər. Şəxs onların bankına yaxınlaşıb ödəniş tapşırığı vermədən "xxxx"da olan hesabındakı pulu onların bankında olan kreditin bağlanılması üçün yönəldə bilməz. Şəxs onları məlumatlandırmalıdır ki, o həmin məbləği keditin vaxtından əvvəl bağlanması üçün ödəyir. Onun Cavabdehla hesab müqaviləsi var və həmin müqavilədə də qeyd olunur ki, hesab üzərində sərəncam yalnız ona məxsusdur. Belə ki, kredit ödənişlərinin həyata keçirildiyi cari hesabın təyinatı sadəcə kredit ödənişlərinin həyata keçirilməsi üçün deyil. Şəxsin cari hesabı onun fərdi hesabıdır. Şəxs həmin hesabdan həm kredit ödənişlərini ödəyə bilər, həm də müəyyən məqsədləri üçün ödənişlər edə bilər. Şəxs cari balansından kredit ödənişlərindən başqa digər məqsədlərlə istifadə etməsi üçün banka ya elektron qaydada, ya da yazılı qaydada sərəncam verməlidir. Bütün bunlar tərəflər arasında bağlanmış cari hesab müqaviləsinin 3.3-cü bəndində özünü göstərir. Yəni şəxs hesabdakı puldan ödəniş tapşırığından fərqli qaydada istifadə etmək istəyirsə, mütləq banka sərəncam verməlidir. İddiaçı banka hər hansı bir sərəncam verməmişdir. Şəxsin "xxxx"dan Cavabdeha köçürmək istədiyi məbləğlə bağlı sərəncamında qeyd olunan “kreditin tam ödənişi” ilə bağlı təyinat yalnız "xxxx" üçün hər hansı bir mahiyyət daşıyır ki, şəxsin "xxxx"dakı hesabında olan məbləğ müvafiq təyinat əsasında Cavabdehdakı hesabına köçürülsün. "xxxx"a təqdim olunmuş sərəncamdakı təyinat Cavabdeh üçün hər hansısa bir sərəncam xarakteri daşımır. Həmin ödəniş tapşırığı nə “Nağdsız hesablaşmalar və pul köçürmələri” haqqında təlimatda olan, nə də cari hesab müqaviləsinin 3.3-cü bəndində göstərilən formaya uyğun gəlir. Təqdim etdikləri ərizə hesab müqaviləsinin bir hissəsidir. Həmin ərizədə bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsinə dair şərtləri qəbul edir. Qeyd edilən şərtlər də bankın internet səhifəsindəki müqavilədə əksini tapmışdır. İddiaçının imzaladığı hesab ərizəsi var. Həmin hesab ərizəsində istinadən göstərilir ki, şərtlər saytda olan müqavilədə tənzimlənir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tənzimlənmə forması artıq bir çox banklarda da onlardakı kimidir. Mərkəzi Bankla da razılaşma olmuşdur. Təqdim olunmuş ərizə müqavilənin xüsusi şərtləridir və özlüyündə iki hissədən ibarətdir. Yuxarı hissəsi müştərinin onlara müraciətidir, aşağı hissəsi isə müqavilənin xüsusi şərtləridir, hansı ki burada hansı cari hesabın, hansı tarixdə, hansı valyutada açılması qeyd edilir və müştəri tərəfindən onlara müraciət edilir. Aşağı hissədə isə həm müştərinin imzası, həm də onların imzaları var ki, bununla da cari hesab müqaviləsi imzalanmış hesab olunur. Cari hesab müqaviləsinin ümumi şərtləri isə saytda öz əksini tapır. Saytdakı şərtlər bankın sədri tərəfindən asan imza ilə imzalanır. Ona hər hansı müdaxilənin edilməsi mümkün olmur. Baxış hüququ və dəyişiklik edilməməsinin müəyən edilməsi üçün pdf versiyası istehlakçi hüquqları baxımından sayta yerləşdirilir. Bu forma müqavilənin Mülki Məcəllənin aksept və oferta şərtlərinə uyğun olaraq bağlanması isə Mərkəzi Bankla razılaşdırılır. Yəni müştəri bu xüsusi şərtləri imzalamaqla cari hesab müqaviləsini imzalamış olur. Həm xüsusi həm də ümumi şərtləri qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixdə, 022R********** saylı kredit razılaşmasına əsasən İddiaçı Oruz oğluna Cavabdeh QSC tərəfindən fərdi mikro kredit məqsədi ilə, aylıq 1,8333% dərəcəsi ilə, 36 ay müddətinə 22500 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 4 saylı filialı tərəfindən təqdim olunmuş ********** nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dəki AZ18NlCB**********0001A4140 nömrəli hesabından Cavabdeh QSC-dəki AZ19ACAB******************** nömrəli hesabına 22000 AZN məbləğ köçürülmüşdür. Açıqlama hissəsində “kredit borcun tam ödənişi” qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı təqdim olunan xx.xx.2022-ci il tarixli, 012535 nömrəli məktuba əsasən müvafiq kredit öhdəliyi üzrə kredit borcunun vaxtından əvvəl ödənilməsi ilə bağlı banka rəsmi qaydada yazılı müraciət etmədiyindən bank müvafiq ödəniş planı üzrə öhdəliklərinin icrasını tələb etməkdə davam etmişdir. Bankla İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasının 3.3-cü yarımbəndinə əsasən kreditin vaxtından əvvəl tam qaytarılması üçün cərimə məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmova ünvanlanmış ərizəyə əsasən qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh QSC-dən müxtəlif vaxtlarda 17 dəfə kreditə pul götürmüşdür. Hər dəfəsində də bankla arasında olan müqavilənin şərtləri layiqincə yerinə yetirilmişdir. Sonuncu dəfə 23 aprel 2021-ci il tarixdə 002R********** saylı kredit razılaşmasına əsasən tərəfindən 22500 manat məbləğində pul kreditə götürülmüşdür. Həmin məbləğ vaxtından əvvəl xx.xx.2021-ci il tarixdə ********** nömrəli ödəniş tapşırığına əsasən tam olaraq həmin günə olan borc, yəni 22000 manat tam ödənilmişdir. Bundan bir müddət sonra ilə ona məlum olmuşdur ki, bank ona əsassız olaraq 3400 AZN borc yazmışdır. Bununla bağlı banka müraciət etdikdə ona qeyri-qanuni olaraq cavab məktubu verilərək bankla arasında olan razılaşmanın 1.2-ci bəndinə istinad edilərək əsassız cavab verilmiş, qeyd olunmuşdur ki, o, krediti vaxtından əvvəl bağladıqda bank qarşısında banka məlumat vermək öhdəliyi vardır. Bankın bu cavabını qanunsuz və əsassız hesab edir. Razılaşmanın 1.2-ci bəndində belə bir hal nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən işi nəzarətə götürməyi və həmin əsassız borcun silinməsi yönündə banka göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixli, 023542 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, müştəriyə daha öncə təqdim edilən 12535 nömrəli cavab məktubunda “xx.xx.2021-ci il tarixi, 022R********** saylı kredit razılaşmasının 3.3-cü yarımbəndinə əsasən kreditin vaxtından əvvəl tam qaytarılması üçün cərimə məbləğinin müəyyən edildiyi” qeyd olunmuşdur. Müştəri ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 022R********** saylı kredit razılaşmasının 3.3-cü yarımbəndinə əsasən kredit vaxtından əvvəl tam qaytarıldıqda kredit alan ödəniş planında göstərilmiş və ödənilməmiş bütün faizləri və ya vaxtından əvvəl ödənişin edildiyi tarixə kredit qalığı üzrə iki aylıq faizi qədər müəyyən olunmuş məbləğlərdən daha kiçik olanını banka ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh QSCyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 01.26-2-2022-4839 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş müraciətində kredit üzrə ödənişlərin tam bağlanmasına baxmayaraq faiz borcunun tələb olunduğunu bildirmişdir. 09 iyun 2021-ci il tarixli, ********* saylı ödəniş tapşırığına əsasən kreditin tam ödənişi həyata keçirilmişdir. Odur ki, problemin həlli istiqamətində tədbirlər görülməsi tələb olunur. İş materiallarında olan Cavabdeh QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 023436 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, bank və müştəri arasında bağlanılmış 022R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən İddiaçı 22500 AZN məbləğində kredit verilmişdir. Müştərinin kredit hesabından çıxarışa əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 22077 AZN, faiz borcu üzrə isə müvafiq kredit razılaşmasının 2.3 bəndinə əsasən 202,35 AZN olmaqla, cari kredit öhdəliyi ümumi məbləğ 22279,35 AZN təşkil etmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən müştərinin "xxxx"dakı hesabından "xxxx"dakı hesabına 22000 AZN məbləğində vəsait daxil olmuşdur. Müştəri tərəfindən təqdim edilən həmin ödəniş tapşırığı müştərinin Cavabdehdakı hesabı üzrə deyil, "xxxx"dakı hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. Həmin ödəniş tapşırığı əsasında müştərinin "xxxx"dakı bank hesabında olan vəsait Cavabdehda olan cari hesabına köçürülmüşdür. Müştəri daha sonra onun Cavabdehda olan hesabı üzrə hər hansı sərəncam verməmişdir. Daha sonra müştəri tərəfindən xx.xx.2022-ci il tarixində kreditin vaxtından əvvəl qismən ödənilməsinə dair hesab üzrə sərəncam verilmiş və 14900 AZN məbləğində vəsait (14732,92 AZN əsas məbləğ üzrə, 167,08 AZN faiz üzrə olmaqla) onun kredit öhdəliklərinə silinmişdir. Hazırki dövrədək bank tərəfindən müştəridən əsas borc və faiz ödənişlərindən başqa əlavə bir ödəniş tutulmamışdır. Müştərinin bank hesabı üzrə sərəncam vermə hüququna bank tərəfindən Mülki Məcəllə və digər qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Müştərinin cari tarixə (xx.xx.2022-ci il) olan borcu 4296,03 AZN (3360,17 AZN əsas məbləğ üzrə, 872,02 AZN faiz üzrə və 63,84AZN cərimə üzrə olmaqla) təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı sənədə əsasən müəyyən olunur ki, LD********** nömrəli kredit müqaviləsinə əsasən AZ19ACAB******************** nömrəli hesaba İddiaçı tərəfindən kreditin vaxtın əvvəl qismən ödənişi məqsədilə 14732,92 manat əsas məbləğ, 167,08 manat faiz borcu olmaqla, 14900 manat məbləğ ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən İddiaçı AZ19ACAB******************** nömrəli cari hesabın açılmasını xahiş etmişdir, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış oldu və onları qəbul edir. Aksepti aldığını və cari hesab müqaviləsini bağladığını imzası ilə təsdiq edir. İş materiallarında olan Cari Hesab müqaviləsinin 3.3-cü bəndinə əsasən müəyyən olunur ki, cari hesabdan vəsaitin köçürülməsi müştərinin yazılı sərəncamları və X1 əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 23 aprel 2021-ci il tarixli, 022R********** saylı kredit razılaşmasına əsasən İddiaçı Cavabdeh QSC tərəfindən aylıq 1,8333% dərəcəsi ilə, 36 ay müddətinə 22500 manat kredit verilmişdir. İddiaçının kredit hesabından çıxarışa əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 22077 AZN, faiz borc üzrə isə müvafiq kredit razılaşmasının 2.3-cü bəndinə əsasən 202,35 AZN olmaqla, cari kredit öhdəliyi ümumi məbləğ 22279,35 AZN təşkil etmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən iddiaçının "xxxx" ASC-dəki hesabından Cavabdeh QSC-də olan hesabına 22000 AZN məbləğində vəsait daxil olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən həmin ödəniş tapşırığı müştərinin Cavabdeh QSC-də olan hesabı üzrə deyil, "xxxx" ASC-dəki hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin bank hesabına köçürür. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı əsasında müştərinin "xxxx" ASC-də mövcud olan müvafiq bank hesabında olan vəsait Cavabdeh QSC-dəki cari hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı daha sonra onun Cavabdehda olan hesabı üzrə hər hansı sərənam verməmişdir. Mülki Məcəllənin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bundan əlavə tərəflər arasında baqğlanmış cari hesab müqaviləsi üzrə razılaşmaya əsasən cari hesabdan vəsaitin köçürülməsi yalnız müştərinin yazılı sərəncamları və X1 əsasında aparılır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində kredit vaxtından əvvəl ödənilməsinə dair hesab üzrə sərəncam verilmiş və 14900 AZN məbləğində vəsait (14732,92 AZN əsas məbləğ üzrə, 167,08 AZN faiz üzrə olmaqla) onun kredit öhdəliklərinə silinmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müəyyən olunur ki, hazırki dövrədək bank tərəfindən iddiaçıdan əsas borc və faiz ödənişlərindən başqa əlavə bir ödəniş tutulmamışdır. Belə ki, iddiaçının bank hesabı üzrə sərəncam vermə hüququna bank tərəfindən Mülki Məcəllə və digər qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar