Məhkəmə qərarları › İş №2(004)-4305/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4305/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4305/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş açar sözlər: (akt, abonent saldosu, mənəvi zərər Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 may 2024-cü il tarixli, 14-2-4/2K-18xx-xx/2024 saylı məktubunu əsassız hesab edərək ləğv edib barəsində BRQSD tərəfindən tərtib olunmuş 31 yanvar 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamənin etibarsız hesab edilməsi, ona vurulmuş mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı yazılan aktın etibarsız hesab edilməsi, 777 manat borcun silinməsi və ona vurulmuş mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 18 saylı evin 49-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzildə xx.xx.2024-cü il tarixinədək Zenner tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır və xx.xx.2024-cü il tarixdə həmin sayğac yenisi ilə - ZENNER tipli, G-2 markalı, **********6 nömrəli qaz sayğacı ilə əvəzləşdirilmişdir və bu barədə xx.xx.2024cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Akt Cavabdeh İB-nin BRQSD-nin nümayəndələri Əliyev Tərlan, Zalov İbrahim tərəfindən tərtib və imzaları ilə təsdiq olunmuşdur. Qaz sayğacının dəyişdirilməsinin səbəbi isə köhnə sayğacın işləməməsi olmuşdur və ona görə də o üzr Yasamal Qaz İdarəsinə müraciət etmişdi ki, sayğac işləmir. G-4 markalı, **********7 nömrəli sayğac dəyişdirilərkən onun üzərində olan plombun nömrəsi 05045956 olmuşdur və həmin vaxt qırılmışdır. Sayğacın sərfiyyat göstəricisi isə 00000 kubmetr göstərilmişdir. Bunun səbəbi isə ondan ibarətdir olmuşdur ki, həmin mənzildə onlar çox az-az olmuşlar, demək olar ki, yaşamamışlar. Mənzildə tərəfndin 2022ci ildən başlayaraq 2023-cü ilin sonlarınadək əsaslı təmir işləri aparılmış və 2023-cü ilin noyabr ayında da mənzilə kombi quraşdırılmışdır. Bundan sonra tərəflərindən hansı həcmdə qaz sərfiyyatı sərf olunmuşdursa, onun dəyəri tam olarq ödənilmişdir. Hazırda ona BRQSD-dən 31 yanvar 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmiş və həmin tələbnamədə bildirmişdir ki, aparılan laborator yoxlaması ilə sayğacda aşağıdakı nöqsan müəyyən edilmişdir: “sənaye və məişət qaz sayğaclarının kallbrlama laboratoruyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli 0043 saylı Aktına əsasən G-4 markalı **********7 nömrəli qazsayğacın “çıxış plastmas borusu” deşikdir. Həmin nöqsana görə AR NK-nın 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.5-2 bəndi rəhbər tutularaq G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 6480 kub/mert qaz sərfiyyatı hesablanmış və ondan dəyəri olan 777 manat tələb edilmişdir. Tələblə razılaşmadı və həmin tələbin ləğv edilməsi ilə əlaqədar cavabdehə müraciət etdi. Cavabdehin 29 may 2024-cü il tarixli 14-2- 4/2K-18xx/xx/2024 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavab demək olar ki, əsaslandırılmamışdır. Belə ki, cavab məktubunda qeyd edilir ki, “sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmək üçün sonradan ödənişli qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” AR Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (AY İN-yi yanında AvəİBNDXnin Metrologiya İnstitunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğacın müayinəsi laboratoriyasının xx.xx.2024=cü il tarixli, 0043 saylı aktına əsasən nömrəli plomb qutusunun üzərində aşkar olunmadığı sayğaca baxış keçirildi sayğacın çıxış plastmas borusu deşilib sayğac xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə az işləyir sayğac istismara yararsızdır, rəyi verilmişdir.” Məktubda sonra qeyd edilir ki, “AR NK-nın xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.” İmtina məktubu ilə razılaşmırlar və aşağıdakıların qeyd eidlməsini zəruri hesab edirlər. 0043 saylı aktına əsasən, nömrəli plombun qutunun üzərində aşkar olunmadı”. Təkrar olaraq qeyd edir ki, G-4 markalı, **********7 nömrəli sayğac dəyişdirilərkən onun üzərində olan plombun nömrəsi 05045956 olmuşdur və həmin vaxt qırılmışdır. Daha sonra qeyd edilir ki: “sayğaca baxış keçirildi sayğacın çıxış plastmas borusu deşilib”. Mütəxəssislərin deməsinə görə həmin “plastmas boru” sayğacın içərisində yerləşir və plombu qırmadan onu görmək mümkün deyildir. Plomb isə qaz sayğacını dəyişən şəxslər tərəfindən qırılmışdır. G-4 markalı, **********7 nömrəli sayğac işləmədiyi üçün onun özünün təşəbbüsü ilə dəyişdirilmişdir və dəyişdirilən vaxt onun sərfiyyat göstəricisi “0” olmuşdur. Digər tərəfdən, hesab edir ki, sərfiyyat da düzgün hesablanmamışdır. Belə ki, mənzildə kombi 2023-cü ilin noyabr ayının 24-də quraşdırılmışdır (o da nəzərə alınmalıdır ki, kombi yalnız istilik üçün, yəni mənzilin qızdırılması üçün (isti su üçün deyil, bunun üçün ariston quraşdırılıb) istifadə olunur) və həmin tarixədək mənzildə (mətbəxdə) 1 ədəd, 3 gözlü qaz peçi olmuşdur və bu avadanlıqların 1 ay ərzində (əgər sutkanın 24 saatını qaz yansa belə) 2160 kub metr (cəmi 3 ay ərzində 6480 kub/metr) qaz işlətməsi inanılmazdır. Halbuki yeni quraşdırılmış qaz sayğacı həmin avadanlıqların istifadəsi üzrə son 4 ay ərzində cəmi 598 kub metr qaz sərfiyyatını qeydə almışdır. Son bir ayda isə (may ayı üzrə) mənzildə istifadə olunan qazın dəyəri cəmi 0,30 AZN-dir. Və ən əsası odur ki, qaz sayğacının “nöqsan” aşkar edilən hissəsinə sayğacın üzərində olan plombun sındırılmadan müdaxilə edilməsi absurddur. Bütün bunlarla yanaşı cavabdehin bu qeyri-qanuni hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdeh özünün törətdiyi qeyri-qanuni hərəkətlərinin guya onun tərəfindən törədilməsini əsas gətirərək polis orqanına (konkret olarq Bakı şəhər Baş Polis İdarəsinə və Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-nə) məktubla müraciət edərək onu dövlət əmlakının oğurlanmasında suçlayaraq barəsində tədbir görülməsini xahiş etmişdir və bununla əlaqədar olaraq o dəfələrlə polisdə olmuşdur və izahatlar vermək məcburiyyətində qalmışdır. Bundan başqa cavabdeh əsassız olaraq bir ay müddətində qazın verilişini dayandırmış, qazın verilməsinin bərpası ilə əlaqədar etdiyi müraciətlərin isə heç bir nəticəsi olmamışdır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, o 2022-ci ilin noyabr ayında açıq ürək əməliyyatına məruz qalmışdır və ürəyində 4 damar dəyişdirilmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri onun səhhətinə olduqca is təsir göstərmiş və bununla əlaqədar olaraq o dəfələrlə həkimlərə müraciət etməli olmuşdur.

4. Cavabdeh iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın üzərində nömrəli plombun qutunun üzərində olmadığı, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 777,6 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir.Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, 2022-ci il ərzində cəmi 6,48 manat, 2023-cü il ərzində isə cəmi 1 manat ödəniş edilmişdir, lakin sayğac dəyişdirldikdən sonra iddiaçının müətmadi olaraq sayğac göstəricisi üzrə qazdan isitfadə etdiyi və ödənişlər etdiyi görünür.Qeyd olunanlar iddiaçının sərfiyyatın qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini təsdiq edir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir.İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz- özündə istisna edilir.Bundan əlavə “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli Qərarının 6-cı madddəsi ilə qazın verilməsini dayandırılmasına əsas olan hallar müəyyən edilmişdir.İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəldikdə isə mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri- mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.Hazırki mülki işdə iddiaçının mənəvi ziyana görə cavabdehdən 10000 manat pulun tutularaq ona ödənilməsi tələbi özü özlüyündə əsassızdır. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin və mənəvi zərərin ödənilməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsi rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Belə ki, iş materiallarında olan:

10. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.D.Hüseynov (M.Seyidov küç.) 18, m. 49 ünvanı üzrə sayğacın mexanizminin (göstəricisinin) işləməməsi səbəbilə sayğac çıxarılmışdır.

11. Cavabdeh İB Metrologiya Departamentinin AKT-0043 saylı, 12 yanvar 2024-cü il tarixli akta əsasən keçirilmiş qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2024-cü il tarixli 0043 nömrəli aktdan görünür ki, **********7 nömrəli sayğacda plomb qutunun üzərində aşkar olunmamışdır. Sayğaca baxış keçirildi. Sayğacdan çıxış plastmas borusu deşilib. Sayğac xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə az işləyir. Sayğac istismara yararsızdır.

12. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünü ki, xx.xx.2024-cü il tarixli akta əsasən 6480 m3 ziyan hesablanmışdır.

13. X2 adına olan abonent saldosundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4, ev 18, mənzil 49 ünvanı yanvar ayı üzrə akt əsasında 777,60 manat borc hesablanmışdır.

14. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 0043 saylı akta əsasən abonentin sayğacına baxış keçirilən zaman çıxış plastmas borusunun deşildiyi aşkar olunmuş, üzərinə nömrəli plomb aşkar olunmamış, sayğac istismara yararsızdır.

15. Cavabdeh tərəfindən Yasamal Rayon Polis İdarəsininə ünvanlanmış 01 aprel 2024-cü il tarixli 14-2/2-1549/2024 saylı məktubdan görünür ki, məktuba qoşmada adı göstərilən şəxslərin (X3 da olmaqla) sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyriqanuni istifadə, oğurluq nəticəsində külli miqdarda Cavabdeh İB-nə maddi ziyan dəyməsi ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

19. 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir.

20. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır.

21. 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

22. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

23. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

24. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

25. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

27. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

28. 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

29. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2024-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən iddiaçı X2 yaşadığı ünvan 4 ünvanında quraşdırılmış qaz sayğacın mexanizminin (göstəricisinin) işləməməsi səbəbilə sayğac çıxarılmışdır. Abonentin saldosuna əsasən qanunsuz qazdan istifadəyə görə 777,6 manat borc hesablanmışdır.

31. Qanunvericiliyin tələbinə görə zərərin ödənilməsini istehlakçıdan tələb etmə hüququnun əsası istehlakçının qazın talanmasında təqsirli olmasının müvafiq orqanların (EN, Cinayət təqibi orqanı) və ya məhkəmənin qərarı ilə müəyyən edilməsidir. Belə olduğu halda müvafiq qərar olmadan cavabdehin istehlakçıdan dəymiş ziyanın ödənilməsini tələb etməyə səlahiyyəti yoxdur. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, tərtib olunmuş aktdan, həmçinin iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, iddiaçı özü qaz sayğacının işləməməsi ilə bağlı müraciət etmiş və xx.xx.2024-cü il tarixli aktla qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Həmin aktdan da görünür ki, Zenner G4 markalı qaz sayğacı çıxarılarkən sayğacda plombu olmuş və aktda qırılan plombun nömrəsi qeyd olunmuşdur.

32. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının aid sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz fiziki şəxs olan istehlakçıların sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

33. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının ona vurulmuş mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pulun tutulmasına dair hissədə tələbi təmin edilməməlidir.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

36. İddiaçı ona iddiaçının hərəkətləri nəticəsində mənəvi zərər dəydiyini bildrisə də, lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı əlavə edilmiş sübutlardan görünür ki, iddiaçının səhhətində problemlər hələ 2022-ci il tarixdən yaranmışdır. Belə olan halda məhz cavabdehin hərəkəti nəticəsində ona mənəvi zərər dəyməsi müəyyən edilmir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

39. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

40. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 70 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00490) dair xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 777 manat məbləğində borc silinməsi vəzifəsi cavabdeh Azəriqaz İB-nin üzərinə qoyulsun. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar