Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4312/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlaka vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın, eyni zamanda mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1000 manat maliyyə vəsaitinin cavabdehdən onun xeyrinə tutulması və cari məhkəmə xərclərinin cavabdehə yönəlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 mənzil 97-nin sahibidir. Mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən ona məxsusdur. 20 mart 2021-ci il tarixdə onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən 100 saylı mənzildən suyun axması nəticəsində mənzilinə maddi ziyan dəymişdir. Belə ki, ona məxsus 97 saylı mənzilin qonaq otağı və mətbəxinin tavanına, eyni zamanda dəhlizin və hamamxananın tavan və divarlarına ziyan dəymiş, o cümlədən, dəhlizin döşəməsində nahamarlıqlar meydana gəlmiş, mənzilin giriş hissəsində yerləşən paltar dolabı yararsız vəziyyətə düşmüşdür. Onun mənzilindən yuxarıda yerləşən 100 saylı mənzil Cavabdeh məxsusdur. Baş verənlərin səbəbi 100 saylı mənzilin sahibi tərəfindən müvafiq ünvanda təmir işləri aparılarkən izolyasiya sistemi quraşdırılmadığı üçün mənzilin hamamxanasından istifadə zamanı aşağı mərtəbəyə su sızması halları yaşanmışdır. Analoji hal əvvəllər də 5 dəfə təkrarlanmış, ünvan sahibinə müvafiq istiqamətdə xəbərdarlıq edilsə də, onun tərəfindən hər hansı bir addım atılmamışdır. 100 saylı mənzilin sahibindən əmlakına dəymiş ziyanın əvəzinin ödənilməsi tələb olunsa da, o, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu 22 saylı Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin dəhlizində yerləşən paltar dolabı, dəhlizin tavanı, divarları və döşəməsi, hamamxananın tavanı və divarları, mətbəxin tavanı və qonaq otağının tavanı yarasız vəziyyətə düşmüş, ünvanda təmir- bərpa işlərinin həyata keçirilməsinə zərurət yaranmışdır. Yararsız vəziyyətə düşmüş əmlakın, eyni zamanda nəzərdə tutulan təmirbərpa işlərinin ümumi dəyəri təxmini 1000 (min) manat maliyyə vəsaiti məbləğində dəyərləndirilmişdir və qeyd olunan dəyərdə təmir-bərpa işlərinin aparılması tələb olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri, Yasamal rayonu, 22 saylı MKİS tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1 ünvanına tərəflərindən yerində baxış keçirilmiş, cavabdehin yaşadığı 100 saylı mənzildən su sızması nəticəsində 97 saylı mənzilin mətbəx və qonaq otağının tavanına, dəhlizin, hamamxananın divar və tavanına ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı adınadır. Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-4312/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3969 nömrəli, 19 oktyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıya məxsus 97 saylı mənzilin binanın 3-cü mərtəbəsində cavabdehə məxsus 100 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 97 saylı mənzilin yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 15 ünvanında yerləşən 97 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 100 saylı mənzildən su axıdılması nəticədə 97 saylı mənzilin dəhliz və sanitar-qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 4 ünvanda yerləşən 97 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 768 manat məbləğində müəyyən edilmişdir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün məhkəmə iclasında dindirilmiş ekpert Rzayev İsa bildirmişdir ki, rəydə iddiaçıya və cavabdehə məxsus mənzillərin aid olduğu mərtəbələr texniki olaraq səhv göstərilmişdir. Belə ki, iddiaçıya məxsus mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyi qeyd edilmişdir. Lakin, iddiaçıya məxsus 97 saylı mənzil binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə binanın 5-ci mərtəbəsində yerləşir. Tədqiqat zamanı binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus 97 mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 100 saylı mənzildən su axıdılması nəticəsində 97 saylı mənzilin dəhliz və sanitar-qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur və ünvan 4 ünvanda yerləşən 97 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 768 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyində iddiaçıya və cavabdehə məxsus mənzillərin aid olduğu mərtəbələrin texniki olaraq səhv göstərilməsini qəbul edir. Məhkəmə araşdırması zamanı rəy vermiş ekspertin dindirilməsi zamanı ekspert rəyində iddiaçıya və cavabdehə məxsus mənzillərin aid olduğu mərtəblərin texniki olaraq səhv göstərilməsi təsdqini tapmış və iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən cavabdehə məxsus 100 saylı mənzildən su sızma baş verməsi müəyyən edilmişdir. Ona görə də, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3969 nömrəli, 19 oktyabr 2021-ci il tarixli rəyi əsas götürülməklə 768 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 50 (əlli) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mənzilə vurulmuş maddi zərərin əvəzi kimi 768 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçının xeyrinə ödənilməli, həmçinin məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 768 (yeddi yüz altmış səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4312/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4312/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver