Məhkəmə qərarları › İş №2(004)-432/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-432/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-432/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə4 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Xaçmaz Rayon Xudat Bələdiyyəsinin cavabdeh X2 qarşı müqavilənin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23.01.2003-cü il tarixli 01 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli müqavilə ilə cavabdehin istifadəsinə 99 il müddətinə 10 ha torpaq sahəsi verilmiş, ondan 7 ha torpaq sahəsi Xudat bələdiyyəsinin ehtiyat fondunun perspektiv inkişaf üçün ayrılmış torpaq sahələrinə aiddir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə əsasən bələdiyyənin perspektiv inkişaf üçün nəzərdə tutulan torpaq sahələri hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. «Bələdiyyə torpaqlarının idarə olunması haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 4.0.-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 11.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.5-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 50.3-cü maddəsinin tərəflər arasında mübahisəli müqavilə bağlanan zaman qüvvədə olan redaksiyasına əsasən torpaqdan müvəqqəti istifadə hüququ qısamüddətli on beş ilədək və uzunmüddətli on beş ildən 99 ilədək müəyyən oluna bilər. Təqdim olunmuş sübutlarla cavabdehin istifadəsinə verilmiş 7 ha torpaq sahəsinin Xudat bələdiyyəsinin ehtiyat fondunun perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsinə aid olması və həmin sahənin qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehin istifadəsinə uzun müddətə, yəni 99 il müddətinə verilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Xudat Bələdiyyəsi onun mülkiyyətində olan və cavabdehin istifadəsinə qanunsuz olaraq uzun müddətə verilmiş torpaq sahəsinin geri qaytarılmasını xahiş edir. Bu tələblərə isə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri üzrə bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olduğundan hazırkı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayon Xudat Bələdiyyəsi ilə cavabdeh X3 arasında bağlanmış 23.01.2003cü il tarixli 01 saylı torpaq icarəsi müqaviləsi ləğv edilsin. Cavabdeh X1 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar