Məhkəmə qərarları › İş №2(004)-4322/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4322/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4322/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 1363,05 manat, faiz borcu 166,02 manat, cərimə borcu 204,46 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 1763,93 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında 15.11.2019-cu il tarixdə, 393-NBK-0005-19 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC cavabdehə illik 34,42% dərəcəsi ilə 18 ay müddətinə 2500 manat məbləğində istehlak krediti verməyi, cavabdeh isə həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.11.2019-cu il tarixli, 393-NBK-0005-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin qismində öhdəliyin tamamilə icra edilməməsinin məsuliyyətini öz üzrəinə götürmüşdür. İş materiallarında olan 15.11.2019-cu il tarixli, 393-NBK-0005-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 16.12.2019-cu il tarixdən başlayaraq son ay 171,69 manat olmaq şərtilə, hər ay 177 manat olmaqla, cəmi 3180,69 manat məbləğində borcu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31 may 2020-ci il tarixli 393-NBK-0005-19 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən tərəflər arasında 15.11.2019-cu il tarixdə bağlanmış 393-NBK-0005- 19 saylı kredit müqaviləsinin 2.4.2-ci bəndində qeyd edilmiş 1 saylı əlavə qüvvədən düşmüş hesab edilimiş və 3 saylı Əlavə ilə əvəz olunmuşdur. İş materiallarında olan 393- NBK-0005-19 saylı kredit müqaviləsinə 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh 16.12.2019-cu il tarixdən 17.05.2021-ci il tarixədək 3276,78 manat məbləğində pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 02.06.2021-ci il tarixə əsas borcu 1363,05 manat, faiz borcu 166,02 manat, cərimə borcu 204,46 manat olmaqla, cəmi borcu 1733,53 manat təşkil edir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlərə ünvanladığı 03.05.2021-ci il tarixli xəbərdarlıq məktublarına əsasən məlum olur ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, 15.11.2019-cu il tarixli, 393-NBK-0005-19 saylı kredit müqaviləsinə və 15.11.2019-cu il tarixli, 393-NBK-0005-19 saylı zaminlik müqaviləsinə əsasən əsas borc 1363,05 manat, faiz borcu 166,02 manat, cərimə borcu 204,46 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 1763,93 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 1363,05 manat, faiz borcu 166,02 manat, cərimə borcu 204,46 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1763,93 (bir min yeddi yüz altmış üç manat doxsan üç qəpik) manat borc tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar