Məhkəmə qərarları › İş №2(004)-4364/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4364/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4364/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok mənzil 14-də 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması, eyni zamanda 50 manat iddia ərizəsinin hazırlanması üçün, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun da Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladı anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkün olmamış, nəticədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 nikahdan əvvəl -xx.xx.2016-ci ildə illik 8 faiz ilə alınmış olsa da, mənzil ipoteka krediti ilə (69050 aznə) alınmış, ipoteka kreditinin aylıq ödənişləri (aylıq ödəniş 568,57 manat təşkil etmişdir.) birlikdə ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulduğundan və həmin müddətdə ipoteka ödənişləri birlikdə ödədiyindən hesab edir ki, sözügedən mənzil birgə mülkiyyət hesab edilməlidir və paylar müəyyən edilməlidir. Hal-hazırda banka olan borc 52575 manat təşkil edir. Buna görə də hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 birgə mülkiyyət hesab edilməli, həmin mənzilin 1/13 hissəsində onun payı müəyyən edilməlidir. Bildiyi qədərilə hal-hazıra qədər banka 40 000 manatdan artıq pul ödənilib. Sözügedən mənzili də anası təmir etdirmişdir, təmir xərci ilə bağlı anası tərəfindən cavabdehə qarşı iddia qaldırmışdır, sözügedən iddia Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bununla belə hesab edir ki, ipoteka ödənişləri tərəfindən birlikdə ödənildiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14 -də onun da payı var. O, banka olan borcu da nəzərə almaqla həmin payı 1/3 olaraq qiymətləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasının xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə 2017-ci ilin sentyabr ayında nikaha daxil olmuş, faktiki olaraq 2021-ci ilin avqust ayında ayrılmışdır. Daşınmaz əmlakı ilkin ödəniş və bankdan götürülmüş kredit hesabına əldə etmişdir. Krediti 2036-cı ilədək hər ay 560 manat olmaqla ödəyir. Əmlakı nikahdan əldə etmişdir. Bu səbəbdən iddianı qəbul etmir. Lakin nikah dövründə banka ödənilmiş pulun yarısını ödəməyə etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 5-xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank borcluya müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1, blok 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı 14 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə, illik 8% hesablanmaqla 69050,00 manat məbləğində kredit vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş kredit öhdəliklərinin icrasının təminatı üsulu ipoteka və 5-xx-xx-2016-RA-BM nömrəli, 10 iyun 2016-cı il tarixli zaminlik müaviləsindən irəli gələn zaminlikdir. Müqavilənin 5.3-cü bəndinə əsasən borcalan kredit 240 ay müddətinə verilir. - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 22 saylı, 10 iyun 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK E.Xəlilov 1 (S.Qocayev 142) saylı küçəsində inşa edilən (inşa edilmiş) 3 girişli 13 mərtəbəli yaşayış binasında giriş 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı, 14 saylı təmirsiz mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 7675 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 69-50 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. - "xxxx" ASC-nin 15 oktyabr 2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, 5xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi üzrə 15 oktyabr 2024-cü il tarixə borc 51701.36 manat təşkil edir. Kreditin müddəti 10 iyun 2036-cı il tarixdə bitəcəkdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə Məmmədli (Acalova) Nigar Mədət qızı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi ilə bağlanmış 54 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Məmmədli (Acalova) Nigar Mədət qızının himayəsində saxlanılması, Cavabdeh Məmmədli (Acalova) Nigar Mədət qızının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, 14 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və həmin nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, 14 saylı mənzilin birgə nikah dövründə əldə edildiyini iddia edərək, 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil nikahdan əvvəl 10 iyun 2016-cı il tarixdə "xxxx" MTK-ya dəyəri tam ödənilməklə, Cavabdeh tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 5-xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank borcluya müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində tikilməkdə olan bina 1, blok 1, mərtəbə 4, ümumi sahəsi 69,75 kv.m. ibarət 2 otaqlı 14 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə, illik 8% hesablanmaqla 69050,00 manat məbləğində kredit vermişdir, yəni Cavabdeh həmin mənzil üçün bankdan aldığı krediti 10 iyun 2036-cı il tarixədək ödəyəcək. Mülki qanunvericiliyə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil nikahdan əvvəl cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak nikahdan əvvəl cavabdehin MTK-ya ödədiyi 7650 manat ilkin ödəniş və bankdan kredit müqaviləsi əsasında götürülmüş 69050 manat məbləğində vəsait hesabına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, daşınmaz əmlak nikahdan əvvəl cavabdehin bankdan götürdüyü kredit hesabna əldə edildiyindən, həmin əmlaka payın müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı birgə nikah dövründə onun tərəfindən 5-xx-xx-2016-RA-BM saylı, 10 iyun 2016-cı il tarixli təminatlı kredit müqaviləsi üzrə banka ödənilmiş məbləğin tutulması ilə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14-də 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması, eyni zamanda 50 manat iddia ərizəsinin hazırlanması üçün, 61 manat mediasiya xərcinin Cavabdeh tutulması tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 142, blok 1, mənzil 14-də 1/3 pay olmaqla mülkiyyət hüququnun tanınması, eyni zamanda 50 manat iddia ərizəsinin hazırlanması üçün, 61 manat mediasiya xərcinin Cavabdeh tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar