Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4369/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsi üzrə yaranmış 4840,01 manat əsas borc, 435,79 manat faiz borcu, 133,15 manat cərimə borcu olmaqla, cəmi 5408,95 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 74,09 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi və Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 4-MZ2-1- 0-1369-20 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 22 iyul 2022-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4840,01 manat əsas borc, 435,79 manat məbləğində faiz borcu və 226,29 manat cərimə borcu olmaqla, ümumilikdə 5542,09 manat borcu vardır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka cərimə borcu 226,29 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, 133,15 manat tələb olunur. Xəbərdarlıq olunmasına baxmayaraq 2022-ci ilin mart ayından etibarən borclu tərəfindən ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda onların istifadəsində olan mobil telefon nömrələrinə sms bildiriş göndərilmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sms bildirişlərin çatdırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, hərtərəfli və obyektiv baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10.000 (on min) manat kredit vermişdir. 04 mart 2020-ci il tarixli, 4-MZ2-1-0-1369-20 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsi üzrə yaranmış borcu üçün zamin olaraq öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavə saziş imzalanmış, həmin sazişə əsasən 11.195,99 manat borcun 2 ay güzəşt müddəti ilə 23 ay müddətinə ödənilməsinə dair cavabdehlər öhdəlik götürmüşlər. İş materiallarında olan ödəniş cədvəlindən və xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4840,01 manat əsas, 435,79 manat faiz, 266,29 manat cərimə borcu olmaqla, cəmi 5542,09 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 428.4-ci maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, kreditor tərəfindən cavabdehə kredit borcunun qaytarılması ilə bağlı müraciət olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0-1369-20 saylı kredit müqaviləsi üzrə 4840,01 manat əsas borc, 435,79 manat faiz borcu, 133,15 manat cərimə borcu, cəmi 5408,95 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 74,09 (yetmiş dörd manat doqquz qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4-MZ2-1-0- 1369-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli 4-MZ2- 1-0-1369-20 saylı kredit müqaviləsi üzrə 4840,01 manat əsas borc, 435,79 manat faiz borcu, 133,15 manat cərimə borcu, cəmi 5408,95 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 74,09 (yetmiş dörd manat doqquz qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4369/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4369/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver