Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4410/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 04.11.2019-cu il tarixdə 01/375/19-V saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC qiyməti 2310.72 manat olan 1 ədəd 2018ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafikinə əsasən 16.05.2021-ci il tarixinədək, əşyanın dəyəri üzrə qalan borcu 2310.72 manat, dəbbə pulu üzrə 1924.90 manat olmaqla, cəmi 4235.02 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 558 gün müddətinə gecikdirilmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Göstərilənlərə əsasən 01/375/19-V saylı, 04.11.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri üzrə 2310.72 manat, dəbbə pulu üzrə 1924.90 manat, cəmi 4235.02 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.11.2019-cu il tarixli, 01/375/19-V saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı 2310.72 manat dəyərində 1 (bir) ədəd divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermiş, cavabdeh isə 18 ay müddətinə müqaviləyə əlavə olan ödəniş qrafikinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 2310.72 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 04.11.2019-cu il tarixli müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh İddiaçı MMC-dən aldığı qaz qazanı müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 1924.90 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 200 manat məbləğədək azaldılmalıdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01/375/19-V saylı, 04.11.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2310 (iki min üç yüz on) manat 72 (yetmiş iki) qəpik, cərimə üzrə 200 (iki yüz) manat, cəmi 2510 (iki min beş yüz on) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu 40.70 faizi, yəni 12 (on iki) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilməli, qalan 59.30 faizi, yəni 17 (on yeddi) manat 80 (səksən) qəpiyi Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 01/375/19-V saylı, 04.11.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2310 (iki min üç yüz on) manat 72 (yetmiş iki) qəpik, cərimə üzrə 200 (iki yüz) manat, cəmi 2510 (iki min beş yüz on) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu 40.70 faizi, yəni 12 (on iki) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 59.30 faizi, yəni 17 (on yeddi) manat 80 (səksən) qəpiyi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4410/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4410/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver