Məhkəmə qərarları › İş №2(004)-4454/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4454/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4454/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclulardan 752 manat məbləğində əsas borc, 345 manat məbləğində cərimə, 50 manat məbləğində nümayəndəlik xərcləri, 21 manat dövlət rüsumu , ümumilikdə 1168 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə borclu Cavabdeh1 arasında 24 dekabr 2012-ci il tarixində 6128 saylı alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 24 dekabr 2012–ci il tarixində 6128/1 saylı zaminlik müqaviəsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borclu Cavabdeh1 aldığı malların dəyərini 12 ay ərzində ödəməli idi. Lakin ödəniş cədvəli üzrə 24 aprel 2013-cü il tarixli ödənişdən etibarən borclu Cavabdeh1 ödənişi dayandırmışdır və 24 dekabr 2012-ci il tarixli 6128 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi borclu Cavabdeh1 752 AZN məbləğində əsas borc, 345 manat məbləğində cərimə, ümumilikdə 1097 manat borcu yaranmışdır. Borclular Cavabdeh1 və Cavabdeh2 pulu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Borcluların bu hərəkətləri nəticəsində ona zərər dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul borclu tərəfindən verilmədiyi üçün dövriyyəsini çoxalda bilmir. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəldi.

İİ. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh X1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 6128/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 752 manat olan malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə 12 ay müddətinə 752 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 2 %-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.

7. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 6128/1 zaminlik müqaviləsinə əsasən borclunun müqavilədən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşıyır.

8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

10. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

12. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

15. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçı ilə cavabdehin arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin olması sübut olunur. Lakin cavabdeh müqavilə üzrə yaranmış borcunu qaytarmasına dair sübut təqdim edə bilmir.

16. Belə olduğu halda iddiaçı 752 manat əsas borcu tələb etməkdə haqlıdır və bu hissədə iddia təmin olunmalıdır.

17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 345 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 52,64 manat müəyyən edilməlidir.

22. Bundan əlavə iddiaçı 50 manat məbləğində nümayəndəlik xərclərinin də cavabdehlərdən tutulmasını tələb etmişdir.

23. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. Məhkəmə hesab edir ki, nümayəndəliklə bağlı çəkilən xərclərlə bağlı sübut iddiaya əlavə edilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 21 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 752 manat əsas borc, 53 manat cərimə borcu və ödənilmiş 21 manat dövlət rüsumu olmaqla, ümumilikdə 826 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar