Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4460/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hədiyyə şəklində ona verilmiş qızıl dəstdən sırga və üzüyün, 6 ədəd stulların alınması üçün verilmiş 2000 manat, 1 dəst divan örtüyü 120 manat dəyərində və atasının evdə saxlamağa yeri olmadığı üçün cavabdehə qarajda müvəqqəti saxlamaq üçün verdiyi 600 manat dəyərində Almaniya istehsalı olan velosiped və 50 000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 21 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı toydan sonra cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 37 saylı evin 23 saylı mənzilinə köçmüşdür. Toy zamanı və sonradan bütün cehiz əşyalarını, hədiyyələrini və qızıl-zinət əşyalarını həmin mənzilə aparmışdır. Bu fakt video və foto çəkilişləri ilə təsdiq olunur. Birgə nikahdan 1 uşaq doğulmuşdur. Cavabdeh1 ilə münasibətləri ilkin vaxtlar normal olsa da, sonradan pozulmuşdur. 2019-cu ildə Cavabdeh1 iddiaçını körpə uşağı ilə anasıgilə qoyaraq birdəfəlik getmişdir. Qaradağ Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlərə olan müraciətlərinə baxmayaraq onlar iddiaçının əşyalarını qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən əmlaklardan qızıl dəstdən sırga və üzük, 1 dəst divan örtüyü mövcud olmamışdır, 6 ədəd stulların alınması üçün iddiaçı tərəfindən cavabdehlərə 2000 manat pulun verilməsinə dair sübut təqdim edilməmişdir. Velosiped isə iddiaçı ərizədən göründüyü kimi, iddiaçının atası tərəfindən cavabdehə verildiyindən, iddiaçının həmin velosipedi tələb etməyə subyektiv hüququ yoxdur. Cavabdehlər tərəfindən ilk iddia ərizəsində göstərilən, hətta iddiaçı tərəfindən göstərilməyən bütün əmlaklar cavabdehlər tərəfindən məhkəmədənkənar iddiaçıya qaytarılmışdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmədə tədqiq olunmuş sübutlarla - nişan mərasiminin videoçəkilişi, təqdim edilmiş fotoşəkillərlə iddia ərizəsində tələb olunan qızıl-zinyət əşyalarının iddiaçıya hədiyyə olunduğu təsdiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş videodiskdən görünür ki, iddiaçıya ağ qızıl üzük, ağ qızıl boyunbağı (klonsuz) və ağ qızıl sırga hədiyyə edilir. Tərəflər arasında tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli aktdan da görünür ki, həmin qızıl-zinyət əşyaları iddiaçıya qaytarılmışdır. İddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən əmlaklardan qızıl dəstdən sırga və üzük, 1 dəst divan örtüyünün iddiaçıya hədiyyə edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən 6 ədəd stulların alınması üçün cavabdehlərə 2000 manat pulun verilməsinə dair sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçının ərizəsindən görünürdüyü kimi tələb edilən velosiped iddiaçının atası tərəfindən cavabdehə verilmişdir. Göründüyü kimi, həmin velosiped iddiaçıya məxsus olmadığından iddiaçının həmin əmlakı tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mənəvi zərər ilə əlaqədar aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki halda iddiaçı mənəvi zərərin baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4460/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4460/2021
07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver