Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-929/2023 09.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Hökməli qəsəbəsi Yeni yaşayış massivində yerləşən iki mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən etdiyi cəmi 4000 manat pul vəsaitinin,Türkiyədə xərclədiyi 3750 manat məbləğində pul vəsaitinin, ona məxsus təxminən 24 qram çəkidə,1800 manat dəyərində dəyərləndirdiyi 9 ədəd qızıl üzüklərinə görə 1800 manat pulun, 3 il 6 ay ərzində işlədiyi dövr ərzində ondan alınmış cəmi 4200 manat pul vəsaitinin, uşağa hədiyyə olaraq bəxşiş kimi verilmiş 620 manat pul vəsaitinin, pandemiya dövründə ona yardım kimi verilmiş 950 manat pul vəsaitinin, 5000 manat məbləğində mənəvi zərərin, vəkilin hüquqi xidmətinə görə ödədiyi 720 manat pul vəsaitinin, 184 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 21224 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 26 avqust 2016-cı il tarixdə cavabdehlə nikaha daxil olub bir yerdə yaşamaqla təsərrüfatı idarə etmişlər. Birgə nikahlarından 22 noyabr 2017-ci il tarixd Nursel adında qızları anadan olmuşdur.Sonradan ailə daxili münasibətləri kəskinləşmiş və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən boşanmışlar. Hazırda ata evində yaşayır. Mahiyyəti üzrə bildirir ki, cavabdehlə birgə nikah dövründə Abşeron rayonu Hökməli qəsəbəsi,Yeni yaşayış massivində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin evin tikintisində atası Fətəlinin və özünün zəhməti olmuş, atası həmin evdə aylarla çalışaraq öz hesabına lazımi avadanlıqlar almış, avtomaşınından istifadə edərək elektrik işlərini görmüş, otaqların aboyunu çəkmiş, həyətdə hasar hörmüş və digər işlər görmüşdür. Onun hesablamalarına görə özü və atası Fətəlinin birlikdə gördükləri işin dəyəri 4000 manat təşkil edir. Odur ki, həmin xərci cavabdehdən tələb edir. Bundan başqa, cavabdehlə birlikdə 10 ay Türkiyə Respublikasının Balakəsir şəhərində yaşamışlar. Həmin vaxt o, həmin şəhərdə yerləşən “Dərya” adlı kafedə 5 ay aşbaz işləyərək və hər ay 1600 türk lirəsi (təxminən 750 manat) maaş alaraq ailənin bütün xərclərini qarşılamışdır. Hesab edir ki, həmin məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Eyni zamanda həmin ərəfədə cavabdeh dəyərini qaytarmaq şərti ilə ona məxsus 3 ədəd (minimum cəmi 5 qram) qızıl üzüyü satıb xərcləmişdir. Həmçinin Saatlı rayonunda ərdə olan zaman cavabdehin anası toy mərasiminə getmələri üçün pulları olmadığından ona məxsus 6 ədəd(təxminən 19 qram) qızıl üzüyü qaytarmaq şərti ilə satıb toylara nəmər vermiş, və s.tələbatlarına xərcləmişlər. Odur ki, həmin qızılları cavabdehdən tələb edir. Bundan başqa, bildirir ki, işlədiyi 3 il 6 ay müddət ərzində cavabdeh işsiz olduğu üçün ona hər ay 100 manat pul göndərərək maddi dəstək vermişdir. Odur ki, həmin pulu da cavabdehdən tələb edir. Bundan əlavə azyaşlı qızı Nurselə doğum hədiyyəsi olaraq verilmiş 450 manat və 100 ABŞ dolları,ümumilikdə 620 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən gizli şəkidə götürülərək xərclənmişdir. Həmin pul da cavabdeh tərəfindən ona qaytarılmalıdır. Həmçinin koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs olaraq ona hər ay 190 manat məbləğində birdəfəlik ödəmə verilmişdir. Beş ay ərzində verilmiş 190 manat,cəmi 950 manat məbləğində pul cavabdehin atası Cəməsəddin Əhmədov tərəfindən ev xərcləri üçün xərclənmişdir. Odur ki, həmin pul da cavabdeh tərəfindən ona ödənilməlidir. Həmçinin cavabdeh və ailə üzvlərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntı keçirdiyi üçün cavabdehdən 5000 manat mənəvi zərərə görə də pul tələb edir.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının Abşeron rayonu Hökməli qəsəbəsi Yeni yaşayış massivində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi kimi qeyd etdiyi ev ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Cavabdehin valideynləri 2019-cu ilin sentyabr ayının sonunda yaşamaq üçün Bakı şəhərinə köçüb gəlmişlər.İddiaçı də cavabdehin valideynləri ilə birgə yaşamaq üçün Bakı şəhərinə gəlmişdir. İddiaçı Bakı şəhərinə köçüb gələndən sonra cavabdehin valideynləri ilə birlikdə bir il müddətində Masazır qəsəbəsində yaşamış, 2020-ci ilin oktyabr ayında isə Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən 247 saylı evə köçərək orada yaşamağa davam etmişdir.Həmin evə köçəndən sonra İddiaçı 2021-ci ilin avqust ayının 25-də özbaşına çıxıb atası evinə getmiş və 2022-ci ilin iyun ayına kimi, yəni 10 ay ərzində atası evində yaşamışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində cəmi 1 il 2 ay yaşamışdır. 247 saylı fərdi yaşayış evinə cavabdehin atası öz adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən çıxarış almışdır. 247 saylı evdə heç kim yaşayış yeri üzrə qeydiyyatda olmamışdır.247 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alınmasına, həmin torpaq sahəsində yerləşən evin tikintisinə və aparılmış təmir-tikinti işlərinə iddiaçı və ailəsi tərəfindən pul xərclənməmişdir.Sonradan ailədə olan maddi sıxıntılarla əlaqədar həmin evi cavabdehin atası xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1, sonuncu isə evi satın alandan sonra öz adına çıxarış almışdır. 247 saylı ev Everest Əliyevə satılandan sonra sonuncu xx.xx.2023-cü ilə kimi cavabdeh və ailə üzvlərinə həmin evdə yaşamağa icazə vermişdir.Ona görə də cavabdeh və ailə üzvləri xx.xx.2023-cü ilə kimi həmin evdə qalıb yaşamışlar.Bu müddətdə İddiaçı və azyaşlı uşağı da məhz həmin evdə yaşamışdır. Everest Əliyev xx.xx.2023-cü ildə evi boşaltmağı deyəndən sonra cavabdeh və ailə üzvləri həmin gün evdən çıxaraq cavabdehin bacısı Səfayə İsmayılova və ailəsinə məxsus olan, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evə müvəqqəti köçərək orada yaşamışlar.İddiaçı isə xx.xx.2023-cü ildə özünə və uşağına aid olan bütün əşyaları və əmlakını götürərək həmin evdən çıxmış və atası evinə köçərək uşağı ilə birgə valideynlərinə məxsus olan evdə yaşamağa başlamışdır. İddiaçı iddia ərizəsində Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən evin tikintisində atası Fətəlinin və özünün də zəhmətinin olması, atasının həmin evdə aylarla çalışması və atasının öz hesabına lazımi avadanlıqlar alması,avtomaşınından istifadə edərək elektrik işlərini görməsi,otaqların aboyunu çəkməsi,həyətdə hasar hörməsi və digər işləri görməsi barədə bildirdikləri yalandır. Belə ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini cavabdehin atası X4 tam olaraq öz şəxsi vəsaiti hesabına 2010-cu ildə əldə etmişdir. Həmin torpaq sahəsi alınan zaman cavabdeh azyaşlı olmuşdur. İddiaçının 4000 manat məbləğində pul tələb etdiyi 247 saylı fərdi yaşayış evini Cəməsəddin Əhmədov 2011-2012-ci illər ərzində tam olaraq öz şəxsi vəsaiti hesabına tikib başa gətirmiş,təmir etdirmiş və ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur.Ev tikilib yaşayışa tam hazır olan zaman hələ iddiaçı ilə cavabdeh ailə həyatı qurmamışdı. Həmin fərdi yaşayış evində 2013-2020-ci illərdə cavabdehin bacıları öz ailələri ilə birgə yaşamışlar.Cavabdehin valideynləri isə 2019-cu ilin sentyabr ayının sonuna kimi Saatlı rayonunun Günəşli kəndində olan evdə yaşamışdır.İddiaçı isə 2017-ci ilin may ayından 2019cu ilin sentyabr ayının sonuna kimi Saatlı rayonunun Günəşli kəndindəki evdə yaşamışdır. İddiaçı cavabdehlə ailə həyatı qurandan sonra cavabdeh Türkiyə Respublikasının Balakəsir şəhərində yerləşən X3 əyani təhsil aldığına görə tərəflər 2016-cı ilin oktyabr ayında Balakəsir şəhərinə getmiş və 2017-ci ilin may ayına kimi orada yaşamışlar. 2017-ci ilin may ayında İddiaçı Azərbaycana qayıtmış və 2019-cu ilin sentyabr ayının sonuna kimi cavabdehin valideynləri ilə birlikdə Saatı rayonunun Günəşli kəndində yerləşən evdə, cavabdeh isə əyani təhsil aldığına görə bu müddətdə Türkiyə Respublikasında qalıb orada yaşamış və təhsil almışdır. Hətta iddiaçının deidyi kimi, atası Fətəli 247 saylı fərdi yaşayış evində 4000 manatlıq iş görsə belə, iddiaçının cavabdehdən 4000 manat pul tələb etmək hüququ yoxdur.Çünki iddiaçının atası tam fəaliyyət qabiliyyətli bir şəxsdir.Əgər həqiqətən iddiaçının atası qeyd etdiyi işləri görmüşsə,qanunla bu halda iddiaçının özü deyil,onun atası qeyd etdiyi 4000 manat məbləğində pulu ancaq cavabdehin atasından tələb edə bilər. Ona görə də iddiaçının cavabdehdən 4000 manat məbləğində pul tələb etməsi tam qanunsuz və əsassızdır. Bundan başqa, İddiaçı iddia ərizəsində cavabdehlə birlikdə 10 ay Türkiyə Respublikasının Balakəsir şəhərində yaşayan zaman ailənin bütün xərclərinin özü tərəfindən həmin şəhərdə yerləşən “Dərya” adlı kafedə 5 ay aşbaz işləyərək və hər ay 1600 türk lirəsi (təxminən 750 manat) maaş alaraq qarşılamasını göstərir. Halbuki, tərəflər Türkiyədə olan zaman iddiaçı heç bir yerdə işləməmiş, gəlir və qazancı olmamışdır.Ailənin bütün xərclərini cavabdehin Azərbaycanda həkim kimi çalışan hər iki valideyni ödəmişdir.Cavabdehin valideynləri tərəflərə hər ay lazım olan məbləğdə pul göndərmiş və həmin pullardan ailənin ehtiyacları üçün xərclənmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdehin qaytarmaq şərti ilə ona məxsus 3 ədəd (minimum cəmi 5 qram)qızıl üzüklərini satıb xərcləməsini, Saatlı rayonunda ərdə olan zaman isə cavabdehin valideynlərinin qohumlarının toy mərasiminə getmələri üçün pulları olmadığından ona məxsus 6 ədəd(təxminən 19 qram) qızıl üzüklərini qaytarmaq şərti ilə satıb toylara nəmər verdiklərini və s.tələbatlara xərclədiklərini göstərir. Bu da həqiqətə uyğun deyil. Belə ki, cavabdeh iddiaçıya məxsus qızılları satmamışdır. İkinci bir tərəfdən əgər iddiaçının yazdıqları həqiqət olsa belə yenə iddiaçının cavabdehdən bu məsələlərə görə 3750 manat məbləğində pul tələb etməyə haqqı yoxdur.Çünki tərəflər həmin vaxt rəsmi ər-arvad olmuşlar. Bundan başqa, iddiaçı özü də izahatında göstərdi ki, 6 ədəd qızıl üzük cavabdehin anası tərəfindən ondan alınıb satılmış və ailənin tələbatlarına ödənilmişdir. İddiaçının göstərdiyi bu hal da həqiqəti əks etdirmir. Çünki cavabdehin valideynləri hər ikisi ali təhsilli həkimdirlər.Saatlı rayonunda yaşadıqları zaman da həkim kimi çalışmış və kifayət qədər qazanc və gəlirə malik olmuşlar.Onların heç vaxt iddiaçıya məxsus nəyəsə ehtiyacları olmamışdır.Hətta iddiaçının dedikləri təsdiq olunsa belə, həmin pul cavabdehdən deyil, cavabdehin valideynlərindən tələb oluna bilər.Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edir ki, vaxtilə 3 il 6 ay işləyərək cavabdehdə maddi dəstək olmuş və hər ay ortalama 100 manat məbləğində olmaqla, cəmi 4200 manat məbləğində pul göndərmiş və həmin pulu da cavabdehdən tələb edir.Bu barədə deyilənlər də həqiqətə uyğun deyildir. Əgər elə bir hal olmuşdursa da,iddiaçı yenə həmin pulu cavabdehdən tələb edə bilməz.Çünki həmin vaxt tərəflər rəsmi ər-arvad olmuşlar.Bundan başqa iddiaçı azyaşlı qızı Nurselə doğum hədiyyəsi olaraq verilmiş 450 manat və 100 ABŞ dolları,ümumilikdə 620 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən gizli şəkildə götürülərək xərcləndiyini bildirərək həmin pulu cavabdehdən tələb edir. İddiaçının bu barədə dedikləri də yalandır və bu barədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir.Daha sonra iddiaçı iddia ərizəsində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs olaraq ona hər ay 190 manat məbləğində birdəfəlik ödəmə verildiyini, beş ay ərzində verilmiş 190 manat,cəmi 950 manat məbləğində pulun cavabdehin atası Cəməsəddin Əhmədov tərəfindən ev xərcləri üçün xərcləndiyini göstərib həmin pulu cavabdehdən tələb edir. Əgər həqiqətən elə bir hal olmuşdursa, yenə iddiaçı bu məsələ ilə bağlı cavabdehə qarşı iddia qaldıra bilməz. Bu pul cavabdehdən deyil, cavabdehdin atası Cəməsəddin Əhmədovdan tələb oluna bilər. İddiaçı həmçinin, ona dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.İddiaçının bu tələbi də digər tələbləri kimi tam qanunsuz və əsassızdır.Birincisi, cavabdeh və ailə üzvləri tərəfindən iddiaçıya mənəvi zərər vurulmamışdır.İkinci bir tərəfdən iddiaçı ona belə zərərin vurulması haqqında məhkəməyə hər hansı fakt və sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının mənəvi zərərlə bağlı verdiyi iddia tələbi də təmin edilə bilməz. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid X5 ifadəsində göstərdi ki, iddiaçı ilə həm sinif yoldaşı olmuş, həm də əvvəllər bir yerdə işləmişlər.İddiaçı ona nişan mərasimi günü cavabdehin anasının qızıllar itməsin deyə həmin əşyaları götürüb özündə saxlamasını demişdir. Bundan başqa, iddiaçı ona koronavirus (COVİD-19) pandemiyası dövründə hər ay verilmiş 190 manat məbləğində birdəfəlik ödəmənin təxminən beş ayının pulunun cavabdehin atası Cəməsəddin Əhmədov tərəfindən istifadə olunduğunu demişdir. Başqa hər hansı məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, cavabdeh doğma oğludur. İddiaçının 4000 manat məbləğində pul tələb etdiyi 247 saylı fərdi yaşayış evini tam olaraq öz şəxsi vəsaiti hesabına tikib başa gətirmiş,təmir etdirmiş və ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur. İddiaçının atası Fətəli tərəfindən evdə hər hansı tikinti-təmir işləri həyata keçirilməmişdir. İddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə hər ay verilmiş 190 manat məbləğində birdəfəlik ödəmənin ilk ayında iddiaçı ilə birlikdə poçt şöbəsinə getmişlər. İddiaçı birinci ay üçün verilmiş 190 manatı şəxsən özü alıb istifadə etmişdir. Bir-neçə dəfə də isə aylıq 190 manat məbləğindəki ödəməni iddiaçı ilə birlikdə bankomatdan məxaric edib ailənin ehtiyaclarına xərcləmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.024 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0.024 ha torpaq sahəsində yerləşən, sahəsi 189.1 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0.024 ha torpaq sahəsində yerləşən, sahəsi 189.1 kv.m olan fərdi yaşayış evi X8 xüsusi mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Hazırki iddia tələbi bir neçə hissədən- Abşeron rayonu Hökməli qəsəbəsi Yeni yaşayış massivində yerləşən iki mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən edilmiş 4000 manat pul vəsaitinin,Türkiyədə xərclənmiş 3750 manat məbləğində pul vəsaitinin, 9 ədəd qızıl üzüyə görə 1800 manat pulun, 4200 manat pul vəsaitinin, uşağa hədiyyə olaraq bəxşiş kimi verilmiş 620 manat pul vəsaitinin, pandemiya dövründə yardım kimi verilmiş 950 manat pul vəsaitinin və 5000 manat məbləğində mənəvi zərərin tələb olunmasından ibarətdir. Məhkəmə iddia tələbinin birinci hissəsi olan Abşeron rayonu Hökməli qəsəbəsi Yeni yaşayış massivində yerləşən iki mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən edilmiş 4000 manat pul vəsaiti ilə bağlı qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən hətta belə sübutlar olsa belə, 4000 manat pul vəsaitinə münasibətdə hazırki cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığından tələbin qeyd olunan hissəsi əsaslı hesab oluna bilməz. Məhkəmə iddia tələbinin Türkiyədə xərclənmiş 3750 manat məbləğində pul vəsaiti, 3 il 6 ay ərzində alınmış 4200 manat pul vəsaiti və uşağa hədiyyə edilmiş 620 manat pul vəsaiti ilə bağlı qeyd edir ki, iddiaçı bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən hətta belə sübutlar olsa belə, nəzərə almaq lazımdır ki, ər-arvadın ümumi əmlakına onların nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquqların və öhdəliklərin məcmusu daxil olduğundan birgə nikah dövründə xərclənmiş vəsait artıq ərarvadın əmlakına daxil olmur və bu mənada ər-arvadın əmlakının bölünməsinin predmeti ola bilməz. Odur ki, iddia tələbi qeyd olunan hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin 9 ədəd qızıl üzüyə görə 1800 manat pulun tələb olunması hissəsi ilə bağlı qeyd edir ki, əvvəla, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı özü də izahatında üzüklərin 6-nı könüllü şəkildə cavabdehin anasına, yalnız qalan 3-nü isə cavabdehə qaytarmaq şərtilə verdiyini göstərmişdir. İddiaçı tərəfin şahidi Aysel Şahverdiyeva isə iddiaçıdan fərqli olaraq ifadəsində iddiaçının deməsinə görə, sonuncunun nişan günü qızıllar itməsin deyə cavabdehin anası tərəfindən alınıb saxlanıldığını göstərmişdir.Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Məhkəmə iddia tələbinin koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs olaraq iddiaçıya hər ay verilmiş 190 manat məbləğində birdəfəlik ödəmənin 950 manat hissəsinin tələb olunması ilə bağlı qeyd edir ki, iddiaçı özü də izahatında həmin məbləğin cavabdeh tərəfindən deyil, cavabdehin atası Cəməsəddin Əhmədov tərəfindən istifadə olunduğunu göstərmişdir. Hazırki halda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığından tələbin qeyd olunan hissəsi də əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər qeyd olunan dövrdə ər-arvad olmuşlar və birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın əmlakına daxil olmamaqla ər-arvadın əmlakının bölünməsinin predmeti ola bilməz. Məhkəmə iddia tələbinin 5000 manat mənəvi zərər hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdrması zamanı iddiaçıya mənəvi zərər dəyməsi sübut olunmadığından məhkəmə iddia tələbinin qeyd olunan hissəsini də əsassız hesab edir. İddiaçı, həmçinin iddia ərizəsində cavabdeh və ailə üzvlərinin onu və azyaşlı qızı Nurseli incitmələrini, dəfələrlə evin qapısını çöldən bağlayaraq qazı,suyu və işığı kəsdiklərini, onu və qızını evdən zor tətbiq edərək çölə atmalarını göstərmişdir. İddiaçıya izah olunur ki, qeyd olunan hallarla bağlı polis orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən göstərilən maddənin tələbinə uyğun olaraq ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-929/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 09 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-929/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-929/2023
09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver