Məhkəmə qərarları › İş №2(106)-255/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-255/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-255/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-929/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 2 mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən etdikləri cəmi 4000 manat pul vəsaitinin, Türkiyədə xərclədiyi 3750 manatın, iddiaçıya məxsus 9 ədəd qızıl üzüklər (təxminən 24 qram) manat ilə dəyərləndirdiyi cəmi 1800 manat pul vəsaitinin, 3 il 6 ay işlədiyi dövr ərzində ondan alınmış cəmi 4200 manat pul vəsaitinin, uşağına hədiyyə olaraq bəxşiş edilmiş 620 manat pul vəsaitinin, pandemiya dövründə iddiaçıya yardım edilmiş 950 manat pul vəsaitinin, vəkilin hüquqi xidmətinə ödənilmiş 720 manat pul vəsaitinin, 184 manat ödənilmiş dövlət rüsumunun və ona vurulmuş 5000 manat dəyərində mənəvi zərərin, ümumilikdə 21224 manat ağlabatan pul vəsaitinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 avqust 2016-cı ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 22 noyabr 2017-ci ildə Nursel adında qızı dünyaya gəlmişdir. Evləndiyi zaman Saatlı rayonunda cavabdehə məxsus evə gəlin köçmüşdür. Təxminən 3 ildən sonra hamısı birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən Cəməsəddin Əhmədova məxsus torpaq sahəsinin üzərində tikdirdikləri 2 mərtəbəli yaşayış evinə köçmüşlər. Son illər ərzində onlar iddiaçını və azyaşlı qızını çox incitmişlər və nəhayət 09 may 2023-cü ildə keçmiş qaynatası Cəməsəddin Əhmədovun və qaynanası Tahirə Əhmədovanın təkidi ilə həmin evi azyaşlı qızı ilə birlikdə tərk etmək məcburiyyətində qalmışdır. Heç bir əsaslı səbəb olmadan, yəni keçmiş qaynanasının təkidləri ilə baş örtüyündən istifadə etməməsi bəhanəsi ilə keçmiş ərinin müraciəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(006)-375/2023 saylı qətnaməsi ilə boşanmışlar. Keçmiş qaynatası X6 iddiaçının xəbəri olmadan sözügedən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 2 mərtəbəli evi gizli sənədləşdirərək naməlum şəxsə satmışdır. Buna səbəb iddiaçının Saatlı Rayon Məhkəməsinə etdiyi müraciət əsasında həmin evdə yerləşən cehiz əşyalarının siyahıya alınması və həbs qoyulmasına dair müvəqqəti təminat tədbirinə dair 07 aprel 2023-cü il tarixli sözügedən məhkəmənin qərardadı dərc edilib tərəflərə göndərildikdən sonra və iddiadan xəbər tutan Cəməsəddin Əhmədov 27 aprel 2023-cü ildə dəyəri təxminən 100000 manatlıq evi tez-bazar və dəyərdəyməzinə 40000 manata tanımadığı müştəriyə satmışdır. Bundan əlavə, cavabdeh dəfələrlə evin qapısını çöldən kilidləyərək, qazı, suyu və işığı ümumi vintillərdən tam kəsib işlərinin dalınca gedərək iddiaçını və azyaşlı qızını evdə ac-susuz qoyurdu. Həmçinin, azyaşlı qızının bağçasına getməsi də mümkün olmurdu. Onların bu əməlləri iddiaçını və azyaşlı qızını bezdirərək evdən çölə atmaq məqsədi daşıyırdı, lakin iddiaçının və azyaşlı qızının getməyə yeri olmadığından, evdə qalmağa və həmin yaşayış sahəsindən istifadə hüququna edilən maneələrin aradan qaldırılmasına cəhd göstərmiş və hətta bu iddia ilə 01 may 2023-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. X12 və əvvəllər üzünü görmədiyi evin yeni sahibi onu və azyaşlı qızını evdən qovmağa yenidən cəhd etmişlər. O, azyaşlı qızını yanına alaraq yaşadığı evi tərk etməyə məcbur qalmışdır. Hal-hazırda Cəməsəddin Əhmədov və arvadı Tahirə Əhmədova heç bir əsası olmadan etdikləri bu kimi hərəkətlər nəticəsində iddiaçını və azyaşlı qızını evsiz şəraitdə qoymuşlar. Sözügedən 2 mərtəbəli həmin evin tikilməsində atası Fətəlinin də zəhməti olmuşdur. Belə ki, o, həmin evdə aylarla çalışaraq, öz hesabına lazımi avadanlıqlar alaraq, avtomaşınından istifadə edərək, elektrik işlərini, otaqlara oboyun çəkilməsini, həyətdə hasarın hörülməsi və digər işləri görmüşdür. Buna cavabdeh və keçmiş qaynanası X14, həmçinin digər insanlar da şahiddirlər. İddiaçı azyaşlı qızı və keçmiş əri ilə birlikdə 10 ay X2 şəhərində yaşadığı dövrdə ailənin və keçmiş ərinin bütün xərclərini həmin şəhərdə yerləşən “Dərya” adlı kafedə 5 ay aşpaz işləyərək və 1600 türk lirəsi (təxminən 750 manat) maaş alaraq ödəmişdir. Həmin ərəfədə keçmiş əri qaytarmaq şərti ilə iddiaçıya məxsus 3 ədəd (minimum cəmi 5 qram) qızıl üzüklərini də satıb xərcləmişdir. Evlilik dövrü ərzində hər dəfə təhsil alması və işsiz olmasını bəhanə edərək keçmiş əri və hətta onun valideynləri iddiaçıdan və atasından hər dəfə maddi və mənəvi olaraq sui-istifadə etmişlər. Saatlı rayonunda ərdə olan zaman cavabdehin qohumlarının toy məclislərinə getmələri üçün pulları olmadığından iddiaçıya məxsus 6 ədəd (təxminən 19 qram) qızıl üzükləri qaytarmaq şərtilə satıb toylara nəmər və s. tələbatlarına xərcləmişlər. İddiaçı vaxtı ilə 3 il 6 ay işləyərək dəfələrlə keçmiş ərinə heç yerdə işləməməsi və təhsil alması səbəbindən maddi cəhətdən dəstək olmuşdur. İşlədiyi həmin dövrlərdə keçmiş əri Cavabdeh hər ay öz tələbatlarını ödəməsi üçün ortalama 100 manat pul vəsaiti vermişdir. Bundan başqa, azyaşlı qızının doğum hədiyyəsi olaraq qohumlardan yığılmış 450 manat və 100 ABŞ dolları pul vəsaitini də keçmiş əri Cavabdeh otaqda olan paltar dolabının üzərinə gizli kamera yerləşdirərək, pulların yerini təsbit edib gizli şəkildə götürərək özünə xərcləmişdir. Pandemiya dövründə iddiaçıya ayrılmış 190 manat yardım pulunu keçmiş qaynatası Cəməsəddin Əhmədov kartı iddiaçıdan alaraq 5 ay ərzində müəyyən ev xərcləri üçün xərcləmişdir. Nəticədə cavabdehin iddiaçıya vurduğu zərərlərin ödənilməsi məqsədilə valideynlərinin dəstəyi ilə yaranmış mübahisələrin həlli üçün hüquqi xidmətlərin göstərilməsi üçün vəkillərə və məhkəmədə işə baxılması üçün müəyyən məbləğlərdə pul vəsaitləri də xərcləmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı tələblərini əsaslandıran halları və işin düzgün həlli üçün sübut olaraq səs və video yazıları təqdim edəcək, həmçinin şahidlər X20, X15, X10 və X7 dəvət edəcək. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 26 avqust 2016-cı il tarixdə cavabdeh ilə nikaha daxil olub bir yerdə yaşamaqla təsərrüfatı idarə etmişlər. Birgə nikahlarından 22 noyabr 2017-ci il tarixdə Nursel adında qızı anadan olmuşdur. Sonradan ailə daxili münasibətləri kəskinləşmiş və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən boşanmışlar. Hal-hazırda atasının evində yaşayır. Cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin evin tikintisində atası Fətəlinin və iddiaçının zəhməti olub, atası həmin evdə aylarla çalışaraq öz hesabına lazımi avadanlıqlar almış, avtomaşınından istifadə edərək elektrik işlərini görmüş, otaqların oboyunu çəkmiş, həyətdə hasar hörmüş və digər işlər görmüşdür. Hesablamalarına görə özü və atası Fətəlinin birlikdə gördükləri işin dəyəri təqribən 4000 manat təşkil edir. Odur ki, həmin xərci cavabdehdən tələb edir. Bundan başqa, cavabdehlə birlikdə təqribən 1 il əvvəl Türkiyə Respublikasının Balıkəsir şəhərində yaşamışlar. Həmin vaxt iddiaçı həmin şəhərdə yerləşən “Dərya” adlı kafedə 5 ay aşpaz işləmiş və hər ay 1600 türk lirəsi (təxminən 750 manat) maaş alaraq ailənin bütün xərclərini qarşılamışdır. Hesab edir ki, həmin məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Cavabdeh dəyərini qaytarmaq şərti ilə iddiaçıya məxsus 3 ədəd (minimum cəmi 5 qram) qızıl üzüyü satıb xərcləmişdir. Saatlı rayonunda ərdə olan zaman toy mərasiminə getmələri üçün cavabdehin pulu olmadığından iddiaçıya aid 6 ədəd (təxminən çəkisi 19 qram) qızıl üzükləri qaytarmaq şərti ilə satıb toylara nəmər vermiş və s. tələbatına xərcləmişlər. Odur ki, həmin qızılları və ya dəyərini cavabdehdən tələb edir. Əvvəllər işlədiyi 3 il 6 ay müddətdə cavabdeh işsiz olduğu üçün ona hər ay 100 manat pul göndərərək maddi dəstək olmuşdur. Odur ki, həmin pulu da cavabdehdən tələb edir. Bundan əlavə, azyaşlı qızı Nurselə doğum hədiyyəsi olaraq verilmiş 450 manat və 100 ABŞ dolları, ümumilikdə 620 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən gizli şəkildə götürülərək xərclənmişdir. Həmin pulu da cavabdehdən tələb edir. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olduğu vaxt iddiaçıya hər ay 190 manat məbləğində birdəfəlik ödəmə verilmişdir. Beş ay ərzində verilmiş 190 manat dəyərində sosial müavinət (cəmi 950 manat məbləğində pul vəsaiti) cavabdeh tərəfindən xərclənmişdir. Hesab edir ki, həmin pul da cavabdeh tərəfindən ona ödənilməlidir. Həmçinin, cavabdeh və ailə üzvlərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntı keçirdiyi üçün cavabdehdən 5000 manat mənəvi zərərə görə də pul tələb edir. Hesab edir ki, məhkəmə iddia tələbini tam təmin etməlidir. Əsaslı sübutları olduğu halda, hüquqlarının müdafiəsi üçün məhkəmə heç bir tədbir görməmişdir. Cavabdeh ona verilmiş hüquqlardan sui-istifadə edərək, iddiaçıya məxsus qızıl-zinət əşyalarını mənimsəmiş və həmçinin iddiaçıya maddi ziyan vurmaq niyyəti ilə pullarını da mənimsəmişdir. Məhkəmə tərəfindən bu hala münasibət bildirilməmişdir. İddiaçıya məxsus qızıl-zinət əşyalarına və şəxsi pul vəsaitinə öz istədiyi kimi sahib olmaq hüququ pozulub. Cavabdeh ona verilən hüquqlardan sui-istifadə edir və iddiaçıya ziyan vurmaq məqsədi güdür. Bu hala hüquqi qiymət verilməlidir. İddiaçıya məxsus qızıl-zinət əşyaları və şəxsi pul vəsaiti cavabdeh tərəfindən mənimsənilib. Öz əmlakından istifadə edə bilmir. Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin tələbləri üzrə hüquqları pozulub. Məhkəmə bərabərlik prinsipini pozmuş, MPM-in 14.2-ci maddəsinin tələbləri üzrə hüquqları pozulmuşdur. Onun sübutları əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmişdir. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsində cavabdehin iddiaçıya məxsus qızıl-zinət əşyalarını mənimsəməsi, iddiaçıya aid pul vəsaitinin mənimsəməsi və həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyanın müəyyən edilməsi aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən qeyd edilən hallar yoxlanılmamışdır. Yuxarıda qeyd etdiyi hallar mühüm əhəmiyyət kəsb edir. Cavabdeh məhkəmədə heç bir sübut təqdim edə bilməmişdir. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etmiş, etirazında Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmaqla iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, cavabdehlə 2016-cı ildə nikaha daxil olmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən isə boşanmışdır. Evləndiyi zaman Saatlı rayonunda cavabdehə məxsus evə gəlin köçmüşdür. Təxminən 3 ildən sonra hamısı birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən cavabdehin atası Cəməsəddin Əhmədova məxsus torpaq sahəsinin üzərində tikdirdikləri 2 mərtəbəli yaşayış evinə köçmüşlər. Həmin evin tikintisində atası Fətəli də zəhmət çəkmiş, evin bir sıra təmir işlərini o həyata keçirmişdir. Öz hesablamalarına əsasən atasının həmin evdə gördüyü işlərin dəyəri təxminən 4000 manat təşkil edir. Ona görə də həmin pulu cavabdehdən tələb edir. Həmçinin, o, bir müddət cavabdehlə birlikdə cavabdehin təhsil alması səbəbindən X2 şəhərində yaşamış, həmin şəhərdə “Dərya” adlı kafedə işləyərək ailə xərclərini qarşılamışdır. Bu zaman Türkiyədə 3750 manat pul xərcləmiş, bu pulların böyük hissəsini cavabdehə işsiz olması və təhsil alması səbəbindən xərclik kimi vermişdir. Hətta sonradan öyrənmişdir ki, cavabdeh əslində təhsil almırmış, sadəcə onu aldadırmış. Bundan başqa, ona məxsus ümumi çəkisi təxminən 24 qram olan 9 ədəd qızıl üzük olmuş, bunlardan 3-nü Türkiyədə olarkən satması üçün cavabdehə vermiş, 3 üzüyü də cavabdeh sataraq xərcləmişdir. Digər 6 üzüyü isə qaynanası Tahirə Əhmədovanın tələbi ilə sonuncuya vermiş, həmin üzüklərin də bir neçəsi qaynanası tərəfindən satılaraq xərclənmişdir. Hazırda həmin üzüklərin 2-si qaynanasında qalır. Lakin onun tərəfindən qaynanası Tahirə Əhmədovaya üzüklərin verilməsindən əri Cavabdeh xəbəri olmamış, belə ki, həmin vaxt əri Cavabdeh Türkiyədə olmuşdur. Həmin 9 ədəd üzüyün cəmi dəyəri 1800 manat təşkil edir. Həmçinin, azyaşlı qızı Nurselə doğum hədiyyəsi olaraq verilmiş 450 manat və 100 ABŞ dolları, ümumilikdə 620 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən gizli şəkildə götürülərək xərcləndiyinə görə həmin pulu da cavabdehdən tələb edir. O qeyd etdi ki, pandemiya dövründə işləməməsi və təminatının zəif olması səbəbilə 190 manat müavinətin onun üçün də verilməsinə görə müraciət etmiş, müraciəti qəbul olunsa da, onun kartını qaynatası Cəməsəddin Əhmədov alaraq onun yerinə 5 ay ərzində cəmi 950 manatı özü almışdır. Həmin pulun köçürülməsi üçün nəzərdə tutulmuş kart verilərkən Cavabdeh Türkiyədə olduğuna görə bu məsələdən də xəbərsiz olmuşdur. Lakin kartdakı pul məbləğlərinin qaynatası Cəməsəddin Əhmədov tərəfindən çıxarılmasına baxmayaraq, həmin pulları da onun oğlu kimi keçmiş əri olan Cavabdeh tələb edir. Həmçinin, cavabdehlə məhkəmə mübahisəsinə görə o, vəkilin hüquqi xidmətindən istifadə etmək məcburiyyətində qalmış, buna görə də 720 manat xərci çıxmışdır. Cavabdehin və onun ailəsinin hərəkətləri nəticəsində ona mənəvi zərər də vurulmuşdur və o, ona vurulan mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin valideynlərinin hər ikisi Saatlı rayon X3 kənd xəstəxanasında həkim işlədiklərinə görə oğulları Cavabdeh bütün xərclərini qarşılamaq iqtidarında olmuşlar. İddiaçı tərəfindən cavabdehə qeyd edilən məbləğlərdə pul verilməmişdir. İddiaçının atası isə polis serjantı olmuşdur və evin tikintisində nə usta kimi, nə də hər hansı digər formada onun hər hansı maddi yardımı olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 23-cü vərəqində olan “X18 X17 Dekanlığı”nın 29 yanvar 2021-ci il tarixli “öğrenci belgesi”nin surətindən görünür ki, Cavabdeh həmin universitetin tələbəsidir, onun qeydiyyat tarixi xx.xx.2017-ci ildir. İşdəki X4 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cəməsəddin Əhmədov xx.xx.1988-ci ildə Saatlı rayon Mərkəzi Xəstəxanasında işə başlamış, onun əmək müqaviləsinə xx.xx.2019-cu ildə xitam verilmişdir. X1 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Tahirə Əhmədova xx.xx.1988-ci ildə Saatlı rayon Mərkəzi Xəstəxanasında işə başlamış, onun əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmişdir. İşdəki Saatlı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 7 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Saatlı RMX-nin Fətəlikənd kənd xəstəxanasında baş həkim vəzifəsində işləmiş X8 və həkim neonatoloq vəzifəsində işləmiş X9 2016-cı ildən 2021-ci ilədək illər üzrə hesablanmış əmək haqları aşağıdakı kimi olmuşdur: X5 – 2016-cı il üzrə 4653,44 manat; 2017-ci il üzrə 4318,44 manat; 2018-ci il üzrə 5014,42 manat; 2019-cu il üzrə 8125,71 manat; 2020-ci il üzrə 0 manat; 2021-ci il üzrə 0 manat – cəmi 22112,01 manat; X14 – 2016-cı il üzrə 3302,44 manat; 2017-ci il üzrə 2815,12 manat; 2018-ci il üzrə 3540,70 manat; 2019-cu il üzrə 4931,31 manat; 2020-ci il üzrə 6820,30 manat; 2021-ci il üzrə 5260,22 manat – cəmi 26670,09 manat. İşdəki 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 çıxış edərək bildirmişdir ki, iddiaçı ilə həm sinif yoldaşı olmuş, həm də əvvəllər bir yerdə işləmişlər. İddiaçı ona nişan mərasimi günü cavabdehin anasının qızıllar itməsin deyə həmin əşyaları götürüb özündə saxladığını demişdir. Bundan başqa, iddiaçı ona koronavirus (COVİD-19) pandemiyası dövründə hər ay verilmiş 190 manat məbləğində birdəfəlik ödəmənin təxminən 5 ayının pulunun cavabdehin atası Cəməsəddin Əhmədov tərəfindən istifadə olunduğunu demişdir. Başqa hər hansı məlumatı yoxdur. İşdəki 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, cavabdeh onun doğma oğludur. İddiaçının 4000 manat məbləğində pul tələb etdiyi 247 saylı fərdi yaşayış evini tam olaraq öz şəxsi vəsaiti tikib başa gətirmiş, təmir etdirmiş və ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur. İddiaçının atası Fətəli tərəfindən evdə hər hansı tikinti-təmir işləri həyata keçirilməmişdir. İddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə hər ay verilmiş 190 manat məbləğində birdəfəlik ödəmənin ilk ayında iddiaçı ilə birlikdə poçt şöbəsinə getmişlər, iddiaçı birinci ay üçün verilmiş 190 manatı şəxsən özü alıb istifadə etmişdir. Bir neçə dəfə isə aylıq 190 manat məbləğindəki ödəməni iddiaçı ilə birlikdə bankomatdan məxaric edib ailənin ehtiyaclarına xərcləmişlər. İşdəki xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdən görünür ki, hazırkı iş üzrə İddiaçıdır və o, cavabdeh olaraq yalnız Cavabdeh göstərmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi bir neçə hissədən – 1) Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən iki mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən edilmiş 4000 manat pul vəsaitinin; 2) Türkiyədə xərclənmiş 3750 manat məbləğində pul vəsaitinin; 3) 9 ədəd qızıl üzüyə görə 1800 manat pulun; 4) 4200 manat pul vəsaitinin; 5) uşağa hədiyyə olaraq bəxşiş kimi verilmiş 620 manat pul vəsaitinin; 6) pandemiya dövründə yardım kimi verilmiş 950 manat pul vəsaitinin; 7) vəkilin hüquqi xidmətinə ödənilmiş 720 manat pul vəsaitinin və 8) 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən iki mərtəbəli evə xərclənmiş və minimum zəhmət haqqı olaraq müəyyən edilmiş 4000 manat pul vəsaiti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməməklə yanaşı, həmin evin tikintisində atasının da zəhmət çəkdiyini qeyd edərək, onun zəhmət haqqının tutulmasını tələb etmiş, bu zaman atasının adından həmin pulu tələb etməyə onun hüququnun olması müəyyən edilməmişdir. Digər tərəfdən həmin 4000 manat pul vəsaitinə münasibətdə hazırkı cavabdeh iddiaya cavab verməli olan şəxs də deyil. Belə ki, iş materiallarının 62-ci vərəqinə də əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da surətindən göründüyü kimi, mübahisəli fərdi yaşayış evi cavabdehin deyil, onun atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin Türkiyədə xərclənmiş 3750 manat məbləğində pul vəsaiti, 3 il 6 ay ərzində alınmış 4200 manat pul vəsaiti və uşağa hədiyyə edilmiş 620 manat pul vəsaiti ilə bağlı hissələrində də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçı bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Digər tərəfdən hətta belə sübutlar olsaydı belə, nəzərə almaq lazımdır ki, ər-arvadın ümumi əmlakına onların nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquqların və öhdəliklərin məcmusu daxil olduğundan birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın əmlakına daxil olmur və bu mənada ər-arvadın əmlakının bölünməsinin predmeti ola bilməz. Odur ki, iddia tələbini qeyd olunan hissədə də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 9 ədəd qızıl üzüyə görə 1800 manat pulun tutulmasına dair hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı apellyasiya məhkəməsinin iclasında həmin üzüklərdən 3-nü cavabdehə verdiyini və onun satıb xərclədiyini, digər 6-nı isə cavabdehin anası Tahirə Əhmədovaya verdiyini qeyd etmişdir. İş materiallarından da görünür ki, iddiaçı həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olmasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən bir sıra qızıl-zinət əşyalarının fotoşəkillərinin iddia ərizəsinə əlavə edilməsi isə həmin əşyaların yalnız mövcudluğu faktını təsdiq edə bilər və həmin fotoşəkillər əsasında qızıl-zinət əşyalarının mülkiyyətçisinin və hazırda cavabdehin qanunsuz sahibliyində olmasının müəyyən edilməsi mümkün deyil. Bundan əlavə, məhkəmə kollegiyası onu da bildirməyi zəruri sayır ki, iddiaçı tələb edilən 9 qızıl üzükdən 6-nı cavabdehin anası Tahirə Əhmədovaya verdiyini və bundan Cavabdeh xəbərinin olmadığını qeyd etmiş olsa da, Tahirə Əhmədovaya qarşı hər hansı tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Aysel Şahverdiyeva öz ifadəsində qızıl məsələsinə toxunmuş olsa da, məhkəmə kollegiyası onun ifadəsinə yalnız iddiaçının dediklərinə əsaslanması səbəbindən tənqidi yanaşır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur. İddia tələbinin digər hissəsi olan koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar verilən aylıq 190 manat müavinətin 5 aylıq cəmi olan 950 manatın cavabdehdən tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü də iddia ərizəsində və apellyasiya məhkəməsinin iclasında da bildirmişdir ki, 190 manat müavinətin köçürüldüyü kart cavabdeh tərəfindən deyil, qaynatası Cəməsəddin Əhmədov tərəfindən ondan alınmış və həmin müavinətin 5 aylıq cəmi olan 950 manat pul da məhz Cəməsəddin Əhmədov tərəfindən əldə olunmuşdur. Hazırkı halda məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə də Cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Apellyasiya məhkəməsinin iclasında da iddiaçı öz izahatında bildirmişdir ki, həmin kartın verilməsi zamanı Cavabdeh Türkiyədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd edilənlərdən başqa, iddiaçı həm də ona vurulduğunu iddia edərək 5000 manat dəyərində qiymətləndirdiyi mənəvi zərərin əvəzinin də cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı iş üzrə iddiaçı isə fiziki və mənəvi sarsıntılar keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçı ona mənəvi zərərin vurulması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iş materialları ilə də bu cür zərərin vurulması faktı müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı vəkilin hüquqi xidmətinə ödənilmiş 720 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə kollegiyası bildirir ki, iddiaçı həqiqətən də vəkilin hüquqi xidmətinə görə 720 manat ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, həmçinin o da nəzərə alınmalıdır ki, MPM-in 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsində isə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aid edilmişdir. MPM-in 119.1-ci maddəsində isə müəyyən edilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyinə və iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi xidmətin dəyərini təsdiq edən hər hansı sənəd təqdim edilmədiyinə görə iddia tələbinin həmin hissədə də təmin edilməməsi düzgün olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən öz tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal və ziddiyyətli mülahizələrlə çıxış etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna dair hissədə də iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(055)-929/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar